Məlumdur ki, Azərbaycana qarşı erməni təxribatları davam etməkdədir. Elə dünən, yəni iyunun 15-i Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb. Bəs, gəlin görək ölkəmizin fəal gəncləri düşmənin bu xain addımlarını necə dəyərləndirir? SİA mövzu ilə bağlı gənclər arasında sorğu keçirib.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədrin müşaviri İlkin Hüseynov: "Post-müharibə dövründə erməni təxribatları bölgədəki sülh və sabitliyi ciddi şəkildə təhdid edən bir məsələdir. Erməni təxribatlarının, provokasiyalarının münaqişəni yenidən alovlandırmaq və gərginlik yaratmaq məqsədilə həyata keçirildiyi barizdir. Bu təxribatlar münaqişənin həllinə doğru atılan addımların pozulması və sülh proseslərinin çətinləşməsinə səbəb olur. Bununla yanaşı, sülh və ərazi təhlükəsizliyi proseslərini qeyri-sabitləşdirərək, bölgədə yenidən qarşıdurma və nifrət atmosferi yaradır.
Azərbaycan tərəfinin sülh prosesinə sadiqliyini nümayiş etdirməsinə baxmayaraq erməni təxribatlarının davam etməsi müharibə sonrası reallığı və münaqişənin həllinə doğru irəliləməsi ümidlərini qırır. Bölgədə sülh və sabitliyin qorunması, inkişafı üçün bütün tərəflər arasında sülhə yönəlmiş dialoq, əməkdaşlıq və etibarlılıq prinsiplərinə əsaslanan bir münasibət formallaşdırılmalıdır.
Bu təxribatların qarşısının alınması üçün beynəlxalq cəmiyyət müşahidə və tənqid vasitələrindən istifadə etməli, bu cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar və dövlətlər erməni təxribatlarını tanımaq və həqiqətə uyğun olaraq reaksiya vermək üçün lazımi addımları atacaqlar. Yalnız bu şəkildə müharibə sonrası dövrdə sülh, sabitlik və iş birliyinin bərpa edilməsi, regionda inkişafın təmin olunması mümkün olacaq".
NAYORA könüllüsü Elnarə Əliyeva: “Son əsrlər ermənilərin "Böyük Ermənistan" yaratmaq uğrunda törətdikləri terror və soyqırım aktları erməni təxribatlarının ən açıq nümunəsidir. Bu təxribatlar zamanı ölkə üzrə həm iqtisadi, həm də siyasi cəhətdən hədsiz dərəcədə çox ziyan dəymiş və ölkənin inkişafı üçün gözlə görüləcək dərəcədə mənfi təsir buraxmışdır. Ermənistan xüsusi səbəblər olmadan imzalanmış bəyanatlara zidd addım ataraq üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmışdır. Lakin hər dəfə yenidən müxtəlif görüşlər keçirilib, fərqli bəyanatlar imzalanmışdır, nəticə isə hər zamankı kimi Ermənistanın təxribatları ilə sonlanmışdı. Hər dəfə “Erməni təxribatı nəticəsində Azərbaycan ordusunun … qədər hərbi qulluqçusu şəhid olmuşdur" xəbərini eşitməyimiz də bunun başqa bir sübutudur. Lakin Vətən müharibəsi bütün bunlar üçün layiqli cavab oldu və Azərbaycan ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirdi, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edildi”.

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təcrübəçisi Fəridə Paşayeva: “Son günlərdə sərhəd bölgələrində Ermənsitan silahlı qüvvələri tərəfindən həyata keçirilən növbəti terror təxribat provakasiya əməlləri haqqında mediada görüntülər paylaşılıb. Müharibənin bitməsindən 3 ilə yaxın
müddət keçməsinə baxmayaraq hələ də Azərbaycan və Ermənistan
arasında sabitlik qorunmur.
Son zamanlar ölkələrimiz arasında sülh
danışıqları prosesinin intensivləşməsi və müəyyən qədər nəticəyönümlü olması Ermənistandakı ruspərəst qüvvələri ciddi narahat edir. Son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədində, Rusiya
sülhməramlılarının məsuliyyət zonasında, o cümlədən Laçın-sərhəd-buraxılış məntəqəsində təxribatların törədilməsinin məqsədi iki ölkə arasında davam edən sülh prosesinə zərbə vurmaqdır. Bu təcavüzkar əməllər ictimaiyyət tərəfindən böyük qınaqlara səbəb olur.
Düşünürəm ki, Ermənistan tərəfinin bu təxribatı Azərbaycanla uğurlu
münasibətlər qurmaqla və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Son dövlərdə regionumuzun təhlükəsizliyi üçün aparılan sosial-iqtisadi tədbirlərdə Azərabycanlı gənclərin əvəzsiz rolu var. Xüsusən də, media sahəsində aparılan işlər sayəsində ölkəmizin siyasi görüşləri dünya miqyasına düzgün çatdırılması prosesi uğurla gedir.
Mən və mənim kimi digər azərbaycanlı gənclər Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar əməllərindən çəkindirməyə çağırırıq”.

"İRƏLİ" İctimai Birliyinin üzvü Riad Cəbrayılov: "Ermənistan hərbçilərinin Laçındakı sərhəd-buraxılış məntəqəsində Azərbaycan sərhədçilərinə qarşı törətdiyi növbəti təxribat hər zaman olduğu kimi, bir daha bu ölkənin siyasi və hərbi rəhbərliyinin məsuliyyətsizliyindən, onların səriştəsiz, habelə ikili standartlar çərçivəsində yürütdükləri fəaliyyətindən irəli gəlir.
44 günlük müharibədə böyük itkilərə məruz qalan düşmənin revanşist qüvvələri yaxşı bilməlidir ki, "Dəmir Yumruq" hər zaman yerindədir. Qeyd edək ki, bu təxribatın Azərbaycan hərbi birləşmələri tərəfindən adekvat cavabı verilib.
Xalqımızın uzun illər ərzində daim qonşu xalqlarla sivil münasibətlər çərçivəsində yaşadığını, humanist deyərlər və multikultural siyasətin təbliğinin miqyasını nəzərə alaraq məhz Ermənistan xalqının da sülhməramlı fəaliyyətə istiqamətlənməsi olduqca vacibdir. Lakin bu və ya digər təxribatlarla Ermənistan rəhbərliyi həm sülh prosesinə xələl gətirir, həm də xalqlar arasında mövcud durumun daha gərginləşməsinə zəmin yaradır".

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədr müavini Aludə Şəkərova: "Müharibədən sonrakı dövrdə erməni təxribatlarının dayandırılması üçün beynəlxalq ictimaiyyətin, xüsusilə, bu istiqamətdə fəaliyyət göstərən təşkilatların aktiv iştirakı tələb olunur. Həmçinin, münaqişənin həllinə yönələn proseslərin sürətləndirilməsi, ədalətli və davamlı bir sülh razılaşmasının tərəfdaşlar arasında müzakirə edilməsi vacibdir.
Erməni təxribatları bölgədəki mülki əhalinin təhlükə altına atılmasına, insan hüquqlarının pozulmasına və yaşamaq hüququnun qətiləndirilməsinə gətirib çıxarır. Bu səbəbdən, beynəlxalq ictimaiyyət, bu insan hüquqlarının qorunmasında və erməni təxribatlarının sonlandırılmasında daha qətiyyətli addımlar atmalıdır. Azərbaycanın regionda sülh və sabitliyin təmin edilməsi üçün təşəbbüskar olmasına baxmayaraq qarşı tərəfin bu yanaşması sülh prosesinə ciddi zərbə vurur və antihumanist mövqe nümayiş etdirir.
Biz əminik ki, Azərbaycanın istər hərbi, istərsə də diplomatik sahədə olan qətiyyətli, cərarətli və güclü mövqeyi insanların bölgədə sülh və yüksək rifah şəraitində yaşamasını, bölgənin potensialının tam şəkildə istifadə edilməsini, regionun inkişafını təmin edəcəkdir".

NAYORA könüllüsü Fərid Məhərrəmli: “Erməni vandallarının bir əsrə yaxın törətdikləri cinayətlər uzun müddət soydaşlarımızı rahat buraxmamışdır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain düşmən Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkməmiş, Azərbaycan ərazilərinə vaxtaşırı hücumlar etmişdir və etməkdə davam edir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni abidələri, tarixi tikililəri, məscidlər və ibadət evləri dağıdılmış, tarixi irsimizin əbədi xatirələri düşmənin çirkin əməllərinə qurban getmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycanın qəhrəman övladları sona qədər mübarizə aparmış, düşməndən intiqamını almışdır. Bu gün həmvətənlərimiz azad olunmuş torpaqlara qayıdır, doğma torpaqlarımıza Böyük Qayıdışı həyata keçirir. Dağıdılmış abidələrimiz yenidən bərpa olunur, kənd və şəhərlərimiz sürətlə bərpa olunur, təbiətimiz yenidən canlanmağa başlayır. Şübhəsizdir ki, 30 il ərzində yanlız bir amal - işğal altında qalmış torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirəcək, Qarabağa yeni və xoşbəxt bir həyat gətirəcəkdir”.
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təcrübəçisi Ramin Həsənov: “Sərhəd bölgəsində Ermənistan tərəfinin tez-tez atəşkəsi pozması halları ilə qarşılaşırıq. Xüsusilə, dünən Laçın ərazisində baş vermiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının atəşə tutulması halı diqqətlərin yenidən Azərbaycan-Ermənistan münasibətinə yönəlməsinə səbəb olub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ermənistan tərəfinin sülhü pozan tərəf olmasına əsaslanaraq, belə addımların regionun təhlükəsizliyini və potensial iqtisadi inkişaf proseslərini ləngitdiyi nəticəsinə gəlmək olar.
Bildirmək istərdim ki, bu halların hər birində dincliyin Ermənistan tərəfindən pozulmasına baxmayaraq, qarşılığında beynəlxalq təşkilatlar tərəfindən adekvat cəzalandırma tədbirləri görülmür. Məsələnin daha acı tərəfi burasındadır ki, Ermənistan tərəfi təqsirkar olmasına baxmayaraq, bu təxribatların onlar tərəfindən baş verdiyini qəbul etməməklə yanaşı, bunları siyasi təhrikedici addımlar və bəyanatlarla izləyirlər. Regionda stabilliyin olmaması hər iki ölkənin diqqətlərini iqtisadiyyatın və təhsil səviyyəsinin artırılması kimi daha vacib məsələlərə ayırmasına mane olur, hansı ki, uzun müddətdə qalıcı fəsadların baş verməsinə səbəb ola bilər. Buna görədir ki, Ermənistan tərəfinin məsələyə daha ciddi yanaşaraq və uzun müddətdə regionun inkişafına da verəcəyi zərəri də nəzərə alaraq, bu kimi təxribatlardan birdəfəlik uzaqlaşmağı və stabilliyinin təmin olunması üçün lazımi olan bütün addımları atmalı olduğunu başa düşməsini təmənni edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB