Türkiyə liderinin Azərbaycana səfəri fonunda İRƏLİYƏ BAXIŞ - TƏHLİL

Türkiyə liderinin Azərbaycana səfəri fonunda İRƏLİYƏ BAXIŞ - TƏHLİL

Yenidən prezident seçildikdən sonra cənab Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasına ənənəvi səfərindən dərhal sonra faktiki olaraq Bakıya ilk dövlət səfərinə gəlməsi heç də təsadüfi deyildi. İstənilən ölkənin rəsmi şəxslərinin beynəlxalq səfərləri sırasında dövlət səfərinin ən əlamətdar olması bəllidir, amma bununla yanaşı, həmin səfər Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasından, eləcə də gələcək perspektivlərdən xəbər verir.

“Bir millət, iki dövlət” fəlsəfəsi, Türkiyə ilə Azərbaycan dostluğu təkzib edilə bilməz və bu dostluğun, bu qardaşlığın tarixən mövcudluğu ölkələrimizin daim gücünə güc qatdığı da danılmazdır. Tarixin müxtəlif mərhələlərində iki qardaş ölkə bir-birinə dayaq olub, çətinliklərin öhdəsindən birgə gəlinib, eləcə də bununla hər biri öz qüdrətini daha da artırıb. Xatırladaq ki, gənc Azərbaycan Ordusu ilə Osmanlı hökumətinin yaratdığı Qafqaz İslam Ordusunun birgə şanlı yürüşü 1918-ci ildə Azərbaycanı bolşevik-daşnak işğalından azad edərək, müasir dövlətçilik ənənələrimizin təməlini qoyan əlamətdar hadisələrdən biri kimi yaddaşlara həkk olunub. Bu birlik hər zaman özünü göstərib və hazırkı dövrə qədər davan edən həmin ənənə ilə fəxt etməyə dəyər.

Məsələ burasındadır ki, ölkələrimiz arasında dostluğun daha da möhkəmlənməsində hər iki ölkənin dövlət başçıları arasında şəxsi münasibətlər də mühüm rol oynamaqdadır. Dünyanın hazırki çətin durumunda, geosiyasi reallıqların dəyişdiyi məqamda iki qardaş ölkənin başında bir-biri ilə dostluq münasibətlərində olan liderlərin olması əvəzsizdir. Bu iki qardaş ölkə liderinin, cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ölkə rəhbəri olaraq fəaliyyətə başlamasının həm də eyni dövrə təsadüf etməsi birgə gələcək perspektivləri, irəliyə baxışı da formalaşdırmış oldu. İki qardaş ölkə liderinin eyni zamanda ölkələrinin həm iqtisadi, həm də hərbi potensialının gücləndirilməsi, eləcə də sıx əməkdaşlıq istiqamətində qətiyyətli kurs götürməsi bu gün birgə əldə olunan nailiyyətlərin, uğurların başlanğıcı, doğru istiqaməti, işıqlı yolu hesab olunur. Hazırki münasibətlər və şəxsən Türkiyə dövlət başçısının yenidən prezident seçildikdən sonra Şimali Kipr Türk Respublikasına ənənəvi səfərinin ardınca dərhal Bakıya səfər etməsi, cənab Ərdoğanın bu son dövlət səfəri eyni kursun, eyni ənənənin, eyni doğru istiqamətin, işıqlı yolun davamı olaraq qiymətləndirilir və birgə irəliyə baxış deməkdir.

Tariximizin ən şanlı səhifələrindən birini, Ermənistan Silahlı Qüvvələrinin növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə düşmənin tam məğlubiyyəti və təslim olması ilə başa çatan, torpaqlarımızın işğaldan azadetmə əməliyyatlarını diqqətdən qaçırmaq mümkün deyil, hansıki bu zaman qaraş Türkiyənin və şəxsən cənab Ərdoğanın siyasi və mənəvi dəstəyi unudulmazdır. Təkcə ərazilərin və milli ləyaqətin qaytarılması deyil, həm də Azərbaycan dövlətçiliyi paradiqmasının yenidən qurulması kimi xarakterizə olunan, 44 günlük müharibədə əldə edilən qələbədə qardaş ölkənin rolunu danmaq olmaz. Türkiyə dövlətinin beynəlxalq müstəvidə güclü diplomatik və siyasi dəstəyinin bizim hücumumuz üçün əlverişli zəmin yaratması, Azərbaycan Ordusunun qalibiyyətli yürüşünü pozmaq niyyətində olan erməni layihəsinin himayədarlarının məkrli planlarının qarşısını alması xalqımızın yaddaşından silinən deyil. Qələbəmizin ardınca, 2021-ci ilin iyun ayında Türkiyə Respublikası ilə Şuşa Bəyannaməsinin imzalanması isə iki qardaş ölkə arasında münasibətləri keyfiyyətcə yeni müstəviyə daşıdı və müttəfiqlik səviyyəsinə çatdırdı. Biz artıq keyfiyyətcə yeni mərhələdə olan münasibətlərin şahidiyik.

Qlobal müstəvidə müşahidə edilən hadisələr, eləcə də mövcud dünya düzəni mənəvi və mədəni dəyərlərinə görə bir-birinə yaxın olan xalqları, millətləri təcili olaraq birləşməyə sövq edir. Əks halda müasir dünyada ağır çətinliklərlə qarşılaşılacağı günün reallığıdır. Bu baxımdan türk dünyasının birləşmə prosesi tarixin, hazırki dövrün məntiqi prosesidir. Türk dövlətləri, heç şübhəsiz ki, çoxəsrlik parçalanma tarixindən düzgün nəticə çıxarıblar və bunun qəbuledilməzliyi qənaətinə çoxdan gəlinib. Nəinki tarixin hansısa mərhələlərində, heç indi də hər şey istənilən, arzulanan qədər rəvan deyil və verilən vektora əməl etmək qətiyyəti ilə sonda ancaq bütün ziddiyyətləri silmək mümkündür, hansı ki, bu vektoru məhz Türkiyə və Azərbaycan birliyi müəyyən edib. Ortada olan reallıq ondan ibarətdir ki, bu dövlətlərin qardaşlığı, daha geniş götürsək, türk birliyi ideyası qan qardaşlığından belə artıq sayılır. Dövlət ənənələrimiz daxilə deyil, xaricə yönəlmiş olmalı, çiyin-çiyinə hərəkət etməyə əsaslanmalıdır və biz bu gün həmin strategiyanın daha da möhkəmləndirildiyini görürük. Daha ədalətli dünya qurmaq, daha təhlükəsiz şəraitdə yaşamaq, daha qüdrətli olmaq naminə birliyimizi möhkəmləndiririk, hansı ki, bu, qüvvələrin birləşməsi multikultural ideyasıdır. Türkiyə və Azərbaycanın mütərəqqi inteqrasiyası nəinki türk dünyası, hətta İslam dünyası üçün elə bir nümunədir ki, bununla ən yüksəklərə iradə nümayiş etdirmək reallığa çevrilir. Bu, həm də o deməkdir ki, dünya səhnəsində bir xalqı qoruyan iki bütöv dövlət var.

Bəli, tarixi əldalət bərpa olunub və hələ də ədalətin bərpası istiqamətində işlər aparılır. Türkiyənin məhz Cənubi Qafqaz regionunun geosiyasətinə qayıtması özü də tarixi ədalətin bərpasıdır. Bu məqam digər məsələlərlə yanaşı, bir neçə onilliklər ərzində məhz münaqişələr nəticəsində parçalanmış regionun uzunmüddətli sabitləşməsinə xidmət etməlidir. “Biz Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirmək əzmindəyik və bu məsələdə heç bir güzəştə getməyəcəyik”, deyən Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan onsuz da irəliyə baxış bucağı barədə kifəyət qədər aydın proqnoz vermiş olub və bütün bunlar onilliklər ərzində münaqişələr nəticəsində parçalanmış regionun uzunmüddətli sabitləşməsinə töhfələr veriləcəyinə ümidləri artırır. Qarabağ iqtisadi rayonunun bərpası prosesində Türkiyənin fəal iştirakı onu deməyə əsas verir ki, vəd olunanlar sözdə deyil, məhz əməldə öz təsdiqini tapır.

Heç şübhəsiz ki, türk dünyası ilə artan inteqrasiya həm Ankara, həm də Bakı üçün ən vacib məqam sayılır. Əvvəla ona görə ki, keçmiş dünya düzəni təlatümlü bir dövr, xaotik bir mərhələdədir və belə bir dövrdə iki qaraş ölkənin bir-birinin yanında olması, bir-biri ilə birləşməsi son dərəcə zəruri sayılır. Bu, həm də bütövlükdə bütün türk ölkələri üçün vacib məqamdır. Çünki ruhən, mənəvi və mədəni baxımdan yaxın olan cəmiyyətlərin artan xarici təhlükələr qarşısında birləşməsi ən doğru addımdır və bu, hamıya nümunədir. Məhz indiki bu təlatümlü dövrdə Türkiyə və Azərbaycanın xarici siyasət məsələlərində vahid mövqedən çıxış etməyə davam etməsi günün ən aktual, ən doğru addımı sayılır. “Türkiyə və Azərbaycan xarici siyasət məsələlərində vahid mövqedən çıxış etməyə davam edəcəklər. Bizim xarici siyasət sahəsində birgə fəaliyyətimiz bütün region üçün böyük əhəmiyyət kəsb edir”, deyə bəyan edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin, ölkələrimiz arasında günü-gündən artmaqda olan birliyə, get-gedə möhkəmlənməkdə olan münasibətlərə, qardaşlığa nə qədər böyük dəyər verdiyi göz önündədir. Sözsüz ki, bununla türk dünyasının artıq gücləndiyi və mübarizənin növbəti mərhələsinə qədəm qoyduğu da bu dəfə öz təsdiqini tapdı.

Türkiyə digər regional güclərdən fərqli olaraq NATO üzvüdür və Qardaş ölkə həmçinin Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinə də malikdir. Bu balanslaşdırılmış siyasət Ankaraya imkan verir ki, qlobal güclərin regionlar üzrə muxtariyyət axtarışlarını mübahisəli edərək onların nəhəng ambisiyaya çevrilməsinin qarşısın ala bilsin, neytrallaşdırsın. Rəsmi Ankara regional, eləcə də beynəlxalq aktor olaraq qəbul olunur. Elə bu fonda Türkiyə özünün gündəliyini genişləndirmək məcburiyyətindədir, çünki yerləşdiyi, eləcə də maraqlarının yüksəldiyi regionların mənzərəsi bunu tələb edir və qardaş ölkə öz gündəliyinə nail ola bilir, bu yolu uğurla davam etdirir. Qardaş ölkə qlobal güclərdən heç birinin tərəfinə əyilmədən müstəqil siyasətini yürüdür və məhz belə bir prinsipi seçməklə faydalı təhlükəsizlik arxitekturası qurduğunu nümayiş etdirir. Bax, elə Ərdoğanın Azərbaycana gəlişində irəli baxış dedikdə, məhz bu məqamlar diqqətdən yayınmamalıdır və bu baxış ölkəmiz üçün də olduqca əhəmiyyətlidir. Ankaranın geniş paketli siyasətinin Cənubi Qafqazda da əks-sədaları duyulur və o, haqlı olaraq, strateji müttəfiqi Azərbaycanla əlaqələrinin regional çərçivələrini böyüdür. Azərbaycanla Türkiyə nəhənglərin formalaşdırdığı qarşıdurma səhnəsində immunitet yarada biləcək müştərək qüvvələrdir və bu iki qardaş ölkə həm Rusiya, həm Qərb, həm Çin, həm ərəb ölkələri, həm də İsrail vasitəsilə tarazlaşdırıcı mexanizm ərsəyə gətirirlər. Təhlükələrin sovuşması üçün Azərbaycanla Türkiyə vahid strategiya ilə hələ də həllini tapmayan mövzular barədə düşünməli, onları yoluna qoymalıdırlar ki, məhz perspektiv üçün “istehkamlarını dağılmaz divarlar halında” etsinlər və görüşlərdə məqsəd də budur. Elə irəliyə baxış haqqında düşündükdə, ilk növbədə, göz önündə məhz bunlar canlanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə