“Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.”
HEYDƏR ƏLİYEV
Hər bir xalqın tarixində öz müqəddəratını həll etdiyi bir gün var. 15 iyun Qurtuluş Günü də məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi bir gündür. Bu günün özəlliyi isə birbaşa əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bir çağırışla xalıqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətinin dünya xəritəsində silinmək təhlükəsindən xilas edən ümummilli lider qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı regionun liderinə çevirdi.
Tarixə nəzər salarkən Heydər Əliyevin necə ağır bir dövrdə hakimiyyətə qayıtdığının şahidi oluruq. Ovaxtkı Azərbaycanın durumunu hamımız yaxşı xatırlayırıq. Azərbaycan 1993-cü ilin iyununda, sözün əsl mənasında, məhv olmaq, parçalanmaq ərəfəsindəydi. 1992-ci ilin may-iyun aylarında zorakı vasitələrlə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün yaratdığı hərc-mərclik Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini qazanmış Azərbaycan 1993-cü ilin iyunun 15-nə qədərki müddətdə çoxsaylı dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. Daxilimizdəki satqınlar Azərbaycanı öz aralarında bölməyə çalışırdılar. Xalq Cəbhəsinin fəallarından olan Əlikram Hümbətov adlı birisi Lənkəran bölgəsində “Talış-Muğan Respublikası” yaratdığını elan etmişdi. 1992-ci ilin mayında Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdıran AXC-Müsavat cütlüyü düz bir il sonra Xalq Cəbhəsinin digər nümayəndəsi, hətta əvvəllər “Milli Qəhrəman” adı verilmiş Surət Hüseynovun qiyamı ilə devrilmişdi. Vətən övladları iki cəbhəyə bölünmüş, əldə silah üz-üzə dayanmışdılar. Qardaş qırğını başlamaqda idi. S.Hüseynov hələ Bakıya çatmamış dövləti, ölkəni, xalqı qoyub qaçan AXC-Müsavat rəhbərləri yalnız özlərini xilas etmək barədə düşünürdülər. Azərbaycan, sözün əsl mənasında, başsız qalmışdı. Düşmənlər də bundan istifadə etmək fürsətini əldən vermirdi.
Bundan başqa onlar yarıtmaz fəaliyyətlərini ört-basdır etmək üçün xalqın yeganə nicat yolu olan Heydər Əliyevə qarşı kampaniya aparırdılar. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişiklikləri, təsadüfi, heç bir idarəçilik təcrübəsi olmayanların hakimiyyətə yiyələnmələri, dövlət çevrilişlərinə cəhd, vəzifədən sui-istifadə edərək reket, qaçaqmalçılıq, terror, adam oğurluğu və s. kimi cinayətlər ölkədə adi hala çevrilmişdi. Qısa müddət ərzində ölkənin varidatı amansız surətdə talan edilmişdi. Torpaqlarımız hərraca qoyulur, xəyanət nəticəsində bir-birinin dalınca işğalçıların əlinə keçirdi.

Beləliklə, Xalq Cəbhəsinin içində, keçmiş silahdaşlar arasında baş verən qarşıdurmalar 1993-cü ilin iyununda Gəncə üsyanıyla nəticələndi. Mövcud siyasi-iqtisadi və sosial böhran hakimiyyətin fəaliyyətini iflic vəziyyətə gətirib çıxardı. Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya göndərildi, ölkə faktiki cəhətdən idarəolunmaz hala düşdü. AXC-Müsavat cütlüyünün həyata keçirdiyi tədbirlər cəmiyyəti dərin uçurum qarşısında qoydu. Ölkədə yaranan ictimai-siyasi xaos, anarxiya, zorakılıq və s. nəticə etibarı ilə vətəndaş qarşıdurmasının reallaşmasına, Azərbaycanın erməni təcavüzkarlarına qarşı apardığı ədalətli müharibədə məğlubiyyətə uğramasına, hakimiyyətin tam iflasına gətirib çıxardı. 1993-cü ilin iyununda artıq Azərbaycan dövlətçiliyi ən ağır böhran və dağılma təhlükəsi ilə üzləşdi. Ölkə vətəndaş müharibəsi və parçalanma həddində idi.
Həmin vaxt artıq hər kəsin nəzərləri Naxçıvana – dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevə dikilmişdir. Azərbaycanı yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına heç kim şübhə etmirdi.
Azərbaycanın görkəmli oğlu, böyük şəxsiyyət Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altına qoyaraq Gəncəyə getdi və vəziyyətlə yerində tanış oldu. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənmisinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi. Bu, artıq dövrün ictimai tələbatına çevrilmişdi. Hətta iş o yerə çıxmışdı ki, AXC-Müsavat təmsilçiləri parlamentin iyunun 15-də keçirilən iclasında Heydər Əliyevdən öz təhlükəsizlikləri üçün təminat istəmişdi. Onları nəinki siyasi, həm də fiziki ölümdən məhz Heydər Əliyev xilas etdi.
Xalqın təkidi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya gələn Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu, Azərbaycanın qurtuluş anı idi və iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ölkə Prezidenti Əbülfəz Əliyev iyunun 18-də Bakını tərk edib Kələkiyə qaçandan sonra Heydər Əliyevin üzərinə düşən yükün ağırlığı daha da artdı. İyunun 23-də Azərbaycan Ali Soveti bu quruma rəhbərlik edən Heydər Əliyevə ölkə prezidentinin səlahiyyətlərini həyata keçirməyi həvalə etdi. Böyük şəxsiyyət iyunun 24-dən MM-in qərarı ilə prezidentin səlahiyyətlərini həyata keçirməklə artıq bütün dövlət strukturlarına rəhbərlik edirdi.
Bununla da xalqın istəyi, təkidi və tələbi ilə Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldi. Millət və dövlət çətinliklərdən xilas oldu, xalqın istəyi, arzusu çin oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinin şanlı səhifələri yazıldı. Bəli, məhz 1993-cü ilin 15 iyununda gənc və kövrək, ancaq gerçək müstəqillik tariximizin əsası qoyuldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyində həlledici dönüş oldu. Ümummilli lider hakimiyyətə gələndən sonra ağır vəziyyətdə olan ölkənin qarşısında duran əsas problemlər mərhələli şəkildə həll olunmağa başladı. Gəncədəki gərgin hadisələr dinc yolla nizama salındı. Əlikram Hümbətovun elan etdiyi qondarma “Talış Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgə əhalisinin təzyiqi ilə ləğv olundu. Ölkənin şimalında fəallaşan “sadval”çıların separatçı hərəkətlərinin qarşısı alındı. Müxtəlif şəxslərin və siyasi qruplaşmaların nəzarətində olan silahlı birləşmələr zərərsizləşdirildi.
1993-cü ilin oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra onun fəaliyyəti daha da genişləndi və Azərbaycan dövlətinin yeni əsaslar üzərində qurulmasının Heydər Əliyev dövrü başlandı. Gərgin zəhmətin, siyasi kamilliyin və müdrikliyin sayəsində çox az vaxtda Heydər Əliyev iflic vəziyyətə salınmış hakimiyyət maşınını yenidən hərəkətə gətirdi, xalqın başı üstünü alan bütün təhlükələri aradan qaldırdı, vahid mərkəzdən idarə olunan dövlət icra strukturu yaratdı, etnik parçalanmaların qarşısına sipər çəkdi, milli ordumuzu yenidən qurdu, 1994-cü ilin mayında atəşkəsə nail olaraq bütün səyləri ölkədə dağılmış iqtisadiyyatın yenidən qurulmasına səfərbər etdi. Bütün bunlar Heydər Əliyevin böyük yaradıcılıq və təşkilatçılıq potensialının, gərgin fiziki əməyinin, siyasi qüdrətinin bəhrəsi idi və onun sağlamlığı bahasına əldə edilirdi.
Heydər Əliyev uzaqgörən siyasəti ilə ölkənin neft strategiyası işlənib hazırlandı. Neft strategiyasının başlıca məqsədi Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının xalqın istifadəsinə verilməsi idi. Heydər Əliyev çox az vaxtda bu çətin və şərəfli vəzifənin öhdəsindən gəldi. 20 sentyabr 1994-cü il Heydər Əliyev iradəsinin gücü ilə Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin gün möhtəşəm “Gülüstan”sarayında dünyanın 14 ölkəsindən 33 iri neft şirkətinin iştirakı ilə- “Amako”, “Penzoil”, “BP”,”Reemko”, “Statoyl”, “Lukoyl”, “Türk Petrolları” və s. nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı.
Heydər Əliyev bu dövrdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırladı. Bu, Azərbaycan dövlətinin beynəlxalq normalara uyğun olan ən demokratik konstitusiyası olmalı idi. Konstitusiya layihəsi işlənib hazırlandıqdan sonra, ümumxalq müzakirəsinə verildi və 1995-ci ilin 12 noyabrında referendum keçirilərək qəbul edildi.
Az sonra Heydər Əliyevin rəhbərliyi ilə xırda və orta dövlət müəssisələrinin özəlləşdirilməsinə və ölkədə sahibkarlığın inkişafına önəm verildi. Bu dövrdə aqrar islahatlar da geniş vüsət aldı. Müvafiq qanunlar qəbul edildi və həmin qanunlara uyğun olaraq ölkədə 850 mindən yuxarı ailə torpaq mülkiyyətçisi oldu. Ailə-fermer təsərrüfatı sürətlə inkişaf etməyə başladı.
Heydər Əliyevin siyasi qüdrəti sayəsində ölkədə azad vətəndaş cəmiyyəti formalaşdı. Siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının və digər vətəndaş cəmiyyətlərinin sərbəst fəaliyyətinə önəm verildi. Bir sözlə, ümummilli lider Heydər Əliyev özünün siyasi potensialının, zəngin dövlətçilik təcrübəsinin və dönməz iradəsinin sayəsində Azərbaycan Respublikasının fəlakətdən qurtararaq, qısa bir zamanda onu dünyanın ən sivil və demokratik dövlətləri sırasına çıxarmışdır.
İndi regionda heç bir layihə Azərbaycanın razılığı və ya iştirakı olmadan həyata keçə bilməz. Azərbaycan bu illərdə dünyanın nəhəng dövlətləri ilə sıx münasibətlər qurdu, Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu.
Bütün bunlardan belə nəticə çıxarmaq olar: əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycanın bir dövlət kimi parçalanıb məhv olmaq təhlükəsi reallaşacaq, indiki qüdrətli dövləti qurmaq mümkün olmayacaqdı. Prezident İlham Əliyevin sözləri ilə desək – “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu qısa bir zaman ərzində işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. Dahi liderin bu arzusunu onun alternativsiz davamçısı möhtərəm cənab Prezident İlham Əliyev yerinə yetirdi.

2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun qəhrəmanlığı ilə 30 il işğal altında olan torpaqlarımız azad olundu.
2023-cü il 10 may tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada mərkəzi meydanda xalqa müraciətində demişdir: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya Azərbaycanlılarının arzusunu çin etdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O, gün mənə, bax bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Ondan sonra şəhidlər xiyabanını ziyarət etdim. Şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zamanənin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Bu il xüsusilə əhəmiyyət kəsb edir. 2023-cü il həm də Ulu Öndərin 100 illik yubileyi ilidir. Respublikamızda, ölkəmizin kənarında bu dahi şəxsiyyətin 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirilir. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu yol məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin əlindədir. Ölkə başçısı İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Nazim İsmayılov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB