"Ermənistan Rusiyaya hesabat verməli olacaq" - POLİTOLOQDAN REAKSİYA

"Ermənistan Baş Naziri Nikol Paşinyan Soçi şəhərinə səfər etdi, bu kifayət qədər izlənəcək bir səfərdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, son dövrlər Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması ilə bağlı platformalar çərçivəsində irəliləyiş özünü göstərir: "Vaşiqton, Brüssel, Moskva formatı çərçivəsində xarici işlər nazirləri və liderlər arasında görüşlər keçirildi. Çox təəssüf ki, bu görüşlərin hamısı Ermənistanın havadarlarından aldığı dəstək hesabına nümayiş etdirdiyi destruktiv mövqe nəticəsində sülh razılaşmasının imzalanması mümkün olmayıb.

Moskvada mayın 25-də görüşdən öncə geniş formatda keçirilən müzakirələrdə Azərbaycan Prezidentinin çıxışına Ermənistanın Baş Nazirinin aqressiv reaksiyası Azərbaycan liderinin tutarlı faktlarla səsləndirdiyi cavablar Paşinyanın yalnız emosional və heç bir fakta söykənmədən mövqe bildirməsinə səbəb oldu".

A.Əliyevin sözlərinə görə, üçtərəfli görüşlərdə Ermənistan razılaşmaları pozmaq cəhdi edir: "Bu səbəbdən Moskva görüşü çox ciddi razılaşmalar olmadan yekunlaşmalı oldu. Bu Vaşiqton və Brüssel formatları çərçivələrində Rusiyadan önə keçməyi bacaran Qərbin və ABŞ-ın aktivliyi Rusiyanın planlarına ciddi zərbə idi. Çünki təşəbbüsü ələ alan Qərblə mübarizədə Rusiya daha ciddi nəticələr əldə etməklə proseslərə nəzarət etmə imkanlarını, Cənubi Qafqazda münasibətlərin tənzimlənməsində real güc faktorunu saxladığını nümayiş etdirmək istəyirdi. Çox təəssüf ki, Azərbaycanın da maraqlarına uyğun gələn bu istək Ermənistanın baş nazirinin təxribatları nəticəsində baş tuta bilmədi.

Ermənistan Baş Nazirinin Rusiyanın Soçi şəhərinə səfər etməsi mayın 25-də reallaşan Moskva görüşü zamanı sərgilədiyi destruktiv, Rusiyanın maraqlarına zidd davranışın qərbin əlində oyuncaq olan Ermənistanın hesabat verməsi məqsədi daşıyır. Ermənistan Baş Naziri bu hesabatı vermək üçün Soçiyə dəvət olunub. Bu səfər Ermənistan baş naziri üçün kifayət qədər çətin və ağır keçəcək. Ermənistanın Qərbin əlində alət olması Rusiyaya qarşı gedən proseslərdə Ermənistanın yer almasının cavabını Rusiya əyani olaraq nümayiş etdirəcək. Ermənistanın Qərbin diqtəsi ilə deyil, məhz rəsmi Kremlin istəkləri əsasında Ermənistanın mövqeyi aydınlaşdırılacaq. Bu görüşlərdən sonra liderlərin daha bir görüşü baş tuta bilər. Bu görüş zamanı Ermənistanın daha konstruktiv mövqe sərgiləməsi gözlənilir. Formatlardan asılı olmayaraq Ermənistana olan təzyiqlər bölgəmizdəki sülh prosesini daha da sürətləndirəcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə