"Litva Azərbaycanı siyasi və iqtisadi güc kimi qəbul edir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan bütün tərəfdaşları, o cümlədən Litva ilə qarşılıqlı faydalı münasibətləri daha da inkişaf etdirir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı aparılan müzakirələr, verilən bəyanatlar bunu bir daha təsdiqlədi. Görünən budur ki, Vilnüs də Bakıya mühüm siyasi tərəfdaş və inkişaf edən iqtisadi güc kimi baxır. Prezident İlham Əliyevin də söylədiyi kimi, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar isə bütün digər sahələrə də öz müsbət təsirini göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan nəhəng enerji potensialına malik və şaxələndirməni uğurla həyata keçirən tərəfdaş kimi Litvanı da cəlb edir: "Keçirilən birgə biznes forum isə iqtisadi sahədə yeni imkanlar yaratmaqla yanaşı, bu platformada əməkdaşlıq üçün prioritet olan sahələr bir daha dəqiqləşdi.

Belə ki, Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir.

Səfər zamanı aparılan müzakirələr, imzalanan sənədlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.

Litva eyni zamanda 20 ilə yaxındır, beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla bir yerdə iştirak edir. Rəsmi Vilnüs Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafını dəstəkləyir. Təsadüfi deyil ki, Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu Litva Prezidenti G.Nausedanın Azərbaycana səfərindən iki ay sonra imzalandı. Tərəflər eyni zamanda Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar axtarışındadır. “Biz Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk” deyən Litva prezidenti bu əməkdaşlığın Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərdiyini, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etdiyini bir daha bəyan etdi".

Deputat sözlərinə davam edərək bildirib ki, Litva Azərbaycanla Ermənistan arasında münaqişənin diplomatik yolla dinc, dayanıqlı və əhatəli həllinin də tərəfdarıdır: "Prezident İlham Əliyev işğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdıldığını bir daha diqqətə çatdırdı. Buna rəğmən Bakının dayanıqlı sülh üçün konstruktiv səylər göstərdiyini bəyan etdi.

Vilnüsdə də qəbul edirlər ki, Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallıq bölgəni daha geniş miqyasda əməkdaşlıq platformasına çevirib.

Dövlət başçımızın da söylədiyi kimi, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Bu kontekstdə Bakı və Vilnüs bu məsələ ilə bağlı daha ciddi məşğul olmaqla bağlı razılığa gəlib. Tərəflər xüsusilə dünyada hökm sürən yeni geosiyasi reallıqlar fonunda bu əməkdaşlığı vacib hesab edir.

Səfərin təfərrüatları onu deməyə əsas verir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan verildi".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə