"Paşinyan Moskva və Kişinyovda da "Qarabağ Azərbaycandır" deməlidir" - DEPUTAT BİLDİRDİ

"Paşinyan Moskva və Kişinyovda da "Qarabağ Azərbaycandır" deməlidir" - DEPUTAT BİLDİRDİ

"Ermənistanın baş naziri Nikol Paşinyan İslandiyada keçirilən Avropa Şurası sammitində bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29800 kv-km-lik ərazi bütövlüyünü tanıyır. Məlumdur ki, ölkəmizin 86,6 min kvadrat kilometr ərazisinə təbii olaraq Qarabağ da daxildir. Bu mənada Paşinyan bu bəyanatla faktiki olaraq “Qarabağ – Azərbaycandır!” deyir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir ki, 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər artıq siyasi və hüquqi baxımdan təsdiqlənir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina edir və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıyır: "Yəni, faktiki, Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir. Biz Paşinyandan yaxın günlərdə nəzərdə tutulan Moskva və Kişinyov görüşlərində də bu etirafları, daha dəqiq desək, “Qarabağ Azərbaycandır” söyləməsini gözləyirik".

Deputat sözlərinə davam edərək bildirib ki, revanşizm ideyalarını reallaşdırmağa can atan qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə sürükləyən Fransa və digər havadarlar da bu reallıqlardan nəticə çıxarmalıdırlar: "Fransa Ermənistanın silah təchizatı ilə bağlı tədbirlər həyata keçirməkdənsə, sülhə dəstək verməlidir. Postmünaqişə dövründə Ermənistana öldürücü silahlar satmaqla Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi İttifaqın öldürücü silahlardan istifadə olunmaması ilə bağlı ənənəvi yanaşmasına zidd qərar qəbul etmiş olur. Bununla Cənubi Qafqaz regionunda Ermənistanın xeyrinə qüvvələr nisbətinə təsir göstərməyə çalışır. Təbii ki, heç bir qüvvə regionda qüvvələr nisbətini dəyişmək gücündə deyil. Azərbaycan regionun əsas gücüdür və 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları dəyişmək mümkün deyil".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə