Putinin məqsədi nədir? - ANALİTİK+ÖZƏL

Putinin məqsədi nədir? - ANALİTİK+ÖZƏL

"Newsweek": "Rusiya Ermənistan və Azərbaycan arasındakı danışıqlara ciddi maneələr yaradır"

Son günlər şərti sərhədlərdə erməni təxribatı nəticəsində baş verən silahlı toqquşmalardan sonra bir sıra xarici media qurumları müxtəlif aspektlərdən yanaşmalar edərək hadisələrin maraqlı və diqqətçəkən təhlillərini aparırlar. Misal üçün, "Newsweek"in Rumıniya versiyasının qeyd etdiyinə görə, Ermənistanın Azərbaycanla danışıqlarındakı əsas maneə məhz Kremldir. "Rusiya Federasiyası iki ölkə arasındakı danışıqlara ciddi maneələr yaradır", yazan nəşr onu da əlavə edir ki, Kreml Cənubi Qafqazdakı hərbi bazalarının saxlaması üçün təsiretmə mexanizmini işə salıb və Moskva hər vəchlə səy göstərir ki, Bakıya təsir edə bilsin.

Paşinyanın Rusiyaya son səfərindən sonra dərhal silahlı təxribatlar baş verdi və bu da təsadüf ola bilməz

Lakin Bakının buna imkan verməməsi Moskvanın İrəvanla gizli sövdələşmələrə getməsinə səbəb olur. Bu iddiaya haşiyə olaraq qeyd edə bilərik ki, Paşinyanın Rusiyaya son səfərindən sonra dərhal silahlı təxribatlar baş verdi və bu da təsadüf ola bilməz.

Adıçəkilən nəşr ukraynalı jurnalist Dmitri Qordonun da fikirlərinə istinad edərək yazır ki, 2021-2023-cü illərdə Azərbaycan vaxtilə Rusiyanın Avropa ölkələrinə verdiyi enerji resurslarının əsas alternativi rolunu oynayıb.

Dmitri Qordon: "Belə situasiya Moskvanın Cənubi Qafqazda hərbi mövcudluğunu qoruyub-saxlamasına imkan yaradır"

"Moskva Tehranla birgə İrəvanın bir vaxtlar Gürcüstan kimi Qərbə doğru orientasiya etməsinə də mane olmağa çalışır", yazan "Newsweek" bildirir ki, Putin Qarabağda olan marionet-separatçıları şəxsi hədəfləri və məqsədləri üçün istifadə edir: "O (Putin)? "rus dünyası" adı altındakı eyni şeyi osetinlərin və abxazların vasitəsi ilə Gürcüstana qarşı etmişdi. Bu vəziyyət Krımda və Donbasda da yaşandı. Habelə Rusiyanın nəzarəti altındakı şərqi Moldovada - Dnestryanıda da eyni durum saxlanılmaqdadır. Belə situasiya Moskvanın Cənubi Qafqazda hərbi mövcudluğunu qoruyub-saxlamasına imkan yaradır...", deyə nəşr bildirir.

"Faktı" nəşri, Bolqarıstan: "Brüssel və Vaşinqton Ermənistan üzərindən Rusiya hərbi sənayesinə göndərilən qanunsuz texnika və avadanlıqların qarşısını almaq üçün total blokada tətbiq etməlidir"

Bolqarıstanın "Faktı" nəşri isə Ermənistana qarşı təzyiqlərin artırılması haqqında maraqlı məqalə ilə çıxış edib. Hətta məqalənin tələb xarakteri alması da diqqət çəkir. Beləliklə, "Faktı" yazır: "Brüssel və Vaşinqton Ermənistan üzərindən Rusiya hərbi sənayesinə göndərilən qanunsuz texnika və avadanlıqların qarşısını almaq üçün total blokada yaratmalı və tətbiq etməlidir. Ermənistan üzərindən Rusiyaya keçirilən Qərb texnologiyaları ABŞ-ı və Aİ-ni qayğılandırmalıdır".

Qeyd etmək yerinə düşərdi ki, Çernoqoriyaya bağlı nəşrlər də bənzər mövzulara toxunmaqla yazırlar ki, Ermənistan Putin üçün sanksiyalardan yayınmaqda əsas kanal rolunu alıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə