Azyaşlılar ulu öndər Heydər Əliyev haqqında nə bilir? - SORĞU

Azyaşlılar ulu öndər Heydər Əliyev haqqında nə bilir? - SORĞU

Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1990-cı illərdə Azərbaycan öz gərgin dövrünü yaşayırdı. Elə bu zaman, Heydər Əliyev hakimiyyətə gələrək ölkəmizi xilas etdi. Ulu öndər ölkədəki xaotik vəziyyətin qarşısını qəhrəmancasına aldı. Bildiyimiz kimi, 10 may ulu öndərimizin anadan olmasının 100 illik yubileyidir. Bu münasibətlə SİA olaraq uşaqlar arasında “Heydər Əliyev haqqında nə bilirsiniz?” mövzusunda sorğu etdik.

1-ci sinif şagirdi Şamxəlil Budaqov: “Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin sübutudur. Anam həmişə deyir ki, ulu öndər uşaqları hər zaman çox sevib”.

6-cı sinif şagirdi Ömər Bağırzadə: “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı və insanları daha xoşbəxt görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığını, müstəqilliyini arzulamışıq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".

5-ci sinif şagirdi Zəhra Sadıqzadə: “Mən Heydər Əliyev kimi liderimiz olduğu üçün qürur duyuram. Düzdür, onu real olaraq heç görməmişəm. Amma böyüklərimiz haqqında daim gözəl sözlər deyib. Bir gün sonra ulu öndərimizin 100 illik yubileyi olacaq. Yaxşı ki, ölkəmizdə onun kimi liderin izləri var”.


6-cı sinif şagirdi Mahmud Cəlilov: “100 illiyə çox az qalıb. Bu məqsədlə ölkədə silsilə tədbirlər keçirilir. Bu, çox müsbət haldır. Məktəbdə də bununla bağlı hər il tədbirlər planlaşdırılır, uşaqlar ulu öndər haqqında öz fikirlərini söyləyirlər”.

5 yaşlı İbrahim Budaqov: “Mən müəllim nəvəsiyəm. Ulu öndər “Müəllimlik sənəti şərəfli bir sənətdir” söyləyib. Babam illər öncə rəhmətə gedib. Mən onu heç görməmişəm belə. Amma onun haqqında düşündükdə həmişə Heydər Əliyevin müəllimlər haqqında söylədiyi gözəl kəlamları internetdən oxuyub fərəhlənirəm”.


4-cü sinif şagirdi İbrahim Bağırzadə: “Anam müəllimdir. Heydər Əliyev haqqında mənə ən çox o danışıb. Anam həmişə deyir ki, ulu öndər müəllimlərə daim yüksək qiymət verib. Ulu öndər “Mən dünyada müəllimdən yüksək ad tanımıram” demişdir. Bu da ümummilli liderimizin müəllimlərə olan sevgi və hörmətindən irəli gəlir”.

11-ci sinif şagirdi Taleh Dəmirçiyev: “Ulu Öndər 2003-cü ildə xalqa “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”, demişdi. Bu gün artıq Qarabağ azaddır, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa azaddır. Qarabağı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Prezident İlham Əliyev Ümummilli Liderimizin vəsiyyətini yerinə yetirərək Qarabağı 30 illik işğaldan azad etdi və yurd həsrətimizə son qoydu. İndi Ulu Öndərimizin ruhu şaddır. Onun hər zaman azad görmək istədiyi Qarabağda Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır”.


10-cu sinif şagirdi Səməd Səmədov: “Yaxın zamanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndər Heydər Əliyev bütün dünyada böyük rəğbət və hörmət göstərilən görkəmli dövlət xadimi, dahi siyasətçi olub. Ulu öndərimiz həsəd aparılacaq bir ömür yaşayıb. Bu da hər insana qismət olmur. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanı Heydər Əliyev xilas etdi və bugünkü müstəqil dövlətimizin memarı məhz Heydər Əliyevdir”.


10-cu sinif şagirdi Kamran Məmmədov: “Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan xalqının oxuyub elm, bilik sahibi olmasına daim diqqət yetirmişdir. Çünki elmli, bilikli bir xalq işıqlı gələcəyə doğru inamla addımlaya bilərdi. O, “Təhsil millətin gələcəyidir”,- deyərək gənclərin təhsilinə böyük önəm verib”.


5 yaşlı İsmayl Bağırzadə: “Mən məktəbəqədər hazırlıq kurslarına gedirəm. Atam mənə Heydər Əliyev haqqında çox danışıb. Ulu öndəri görməmişəm, amma atam o qədər danışıb ki, çox yaxşı tanıyıram. Atam deyir ki, Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Mən də bir uşaq olaraq buna çox sevinirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə