“Bizim dostluq və qardaşlığımız tarixi sınaqlardan çıxıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan-Türkiyə münasibətləri dahi liderlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət” və “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” müdrik kəlamları üzərində inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bizim dostluq və qardaşlığımız tarixi sınaqlardan çıxıb: “100 il əvvəl də Azərbaycan Türkiyə bir yerdə olublar və çətin günlərdə bir-birinə qardaşlıq dəstəyini ifadə ediblər. Bu gün də bu qardaşlıq prezidentlər cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan şəxsində daha da möhkəmlənmiş və Prezidentimizin qeyd etdiyi kimi artıq “Bir yumruğ”a çevrilmişdir”.
Deputat sözlərinə belə davam edib: “Son üç ilin xronologiyasına diqqət etsək görərərik ki, belə dəstəyi qanı, canı və ruhu bir olan xalqlar bir-birinə bu qədər göstərə bilərlər. Avropada keçirilən bir beynəlxalq tədbirdə Türkiyənin iştirak etməməsindən istifadə edən düşmənlər Türkiyənin ünvanına ittihamlı ifadələr işlətmək istəyəndə tədbirdə iştirak edən Prezident İlham Əliyev söz alaraq demişdi ki, “Bu gün Türkiyə burada yoxdursa, mən burdayam” deyərək cavabını vermişdi.
44 günlük Vətən müharibəsi başlayan ilk gündə Türkiyə prezidenti Ərdoğan, “Türkiyə hər türlü yardımla sonacan can Azərbaycanın yanındadır” demişdi və F-16 təyyarələrini Azərbaycanda saxlayaraq düşmənlərimizin göz dağına çevirmişdi. Müharibədən sonra Bakıda “Texnofest” festivalının keçirilməsi, müasir texnologiyaların nümayişi və Türkiyədə keçirilən texnofest festivalında Prezident İlham Əliyevin iştirakı, o cümlədən Kahramanmaraşda Azərbaycan şəhərciyinin tikiləcəyini bəyan etməsi əsil qardaşlığın təzahürüdür.
Türkiyədə yanğın və zəlzələ baş verəndə “Qardaş qardaşdan soruşmadan yanında olmalıdır” deyərək bütün Azərbaycan köməyə səfərbər olunmuşdu. Belə ki, canımız, qanımız və ruhumuz olan qardaş Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət və bir yumruqdur”lar. Bu o qədər güclüdür ki, düşmənlərimiz həmişə yumruğumuzu görəndə xar olacaqlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB