"Azərbaycan bölgədə sülhün təmin olunmasında maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan bölgədə sülhün təmin olunmasında maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Dünən öncədən planlaşdırıldığı kimi Fransanın xarici işlər naziri bölgəmizə səfər etdi, Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşdü. Eyni zamanda xarici işlər naziri Ceyhun Bayramovla KİV üçün geniş mətbuat konfransı keçirildi. Proqnozlaşdırdığımız kimi bu səfər Fransanın Cənubi Qafqazda Azərbaycanın ortaya qoyduğu iradəni sıxışdıran, ciddi şəkildə zərbələr alan qərəzli bir səfər idi. Səfər çərçivəsində həm ölkə Prezidenti, həm də xarici işlər naziri ilə görüşlər zamanı Fransa xarici işlər nazirinin dilindən Cənubi Qafqazda sülh prosesinin tənzimlənməsinə xidmət edə biləcək ciddi və əhəmiyyətli bir çağırış eşitmədik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev görüş zamanı qətiyyətli şəkildə Fransanın Cənubi Qafqazdakı fəaliyyətinin ədalətli olmadığını və proseslərin qanunauyğun tənzimlənməsinə xidmət etmədiyini bəyan etdi: "Xarici işlər naziri Ceyhun Bayramov da 44 günlük Vətən müharibəsindən ötən iki il yarım ərzində Fransa dövlətindən münasibətlərin tənzimlənməsi ilə bağlı üzərinə çoxlu sayda öhdəliklər götürən, amma bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində heç bir addım atmayan Ermənistana hər hansı bir çağırışın edilmədiyini bildirdi.

Çox təəssüf ki, Ketrin Kolonna məhz Fransa kimi riyakar bir dövlətin xarici işlər naziri olaraq Ermənistana səfəri zamanı Azərbaycanda cəsarət edib deyə bilmədiyini, amma əsas səfər məqsədlərini özündə əks etdirən sərsəm bəyanatlar səsləndirdi. Xüsusilə Nikol Paşinyan ilə keçirilən görüş zamanı Ermənistanın dostu və yanında olduqlarını dilə gətirdi. Ermənistanın Cənubi Qafqazda sülh, əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin tənzimlənməsi istiqamətində atdığı addımları dəstəklədiyini bəyan edərək, Azərbaycana yönəlik ittiham xarakterli çıxışlar etdi. Ümumilikdə səsləndirilən fikirlərin heç biri beynəlxalq hüquq normalarına uyğun gəlmirdi.

Fransa bu səfər ilə bölgədə aktivləşməyə çalışdığını bir daha göstərmiş oldu. Burada başlıca hədəf isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yaranan tarixi şəraiti yenidən kölgə altına almaqdır. Lakin Azərbaycan bölgədə sülhün təmin olunmasında maraqlıdır və bu istiqamətdə bütün maneələrə qarşı gələrək, irəliləyir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə