Azərbaycan və Tacikistan arasında qarşılıqlı əməkdaşlığın yeni inkişaf xətti ŞƏRH
5 aprel tarixində Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri baş tutub. Səfər çərçivəsində keçirilən iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcək görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir.Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün yaxşı perspektivlər mövcuddur. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə etdiyi dövlət səfəri də Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə xidmət edəcək. Dövlət başçımızın bu səfəri Tacikistanın prezidenti tərəfindən iki ölkə arasında münasibətlərin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət kimi dəyərləndirilib.
İki ölkənin dövlət başçıları həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayaraq bildirib ki, bu gün iki ölkə arasında əlaqələrin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Dövlətimizin başçısı o vaxt həm Tacikistanın, həm də Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, hər iki ölkədə ictimai-siyasi sabitliyin pozulduğunu diqqətə çatdırdı. Bu gün Tacikistanın və Azərbaycanın iki sabit dövlət olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”. Tacikistan Prezidenti Emoməli Rəhmon isə əvəzində Azərbaycan Prezidentinin səfərinin həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı olduğunu qeyd edib. Tacikistan rəhbəri iki ölkə arasında imzalanmış ikitərəfli sənədlərin əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəldiyini diqqətə çatdırıb. Diqqətəlayiq haldır ki, ölkələrimiz arasında səmimi münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğu və bu gün Azərbaycan-Tacikistan qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz Ümummilli liderimiz tərəfindən qurulmuş qarşılıqlı etimada dayanan əsaslar üzərində inkişaf etdiyi Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən xüsusi qeyd edilmişdir. Tacikistan Prezidentinin bəyanatında gələn ay Ulu öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyini deməsi hər bir azərbaycanlıya şərəf və fəxarət hissi yaşatmaya bilməz.
Azərbaycan və Tacikistan arasında imzalanmış ikitərəfli sənədlərin əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb edir. Azərbaycan və Tacikistan Prezidentlərinin verdikləri bəyanatlarda da qeyd olunduğu kimi, aparılan danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətraflı nəzərdən keçirilib, bütün aktual məsələlərə dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələr ətraflı müzakirə edilib və belə nəticəyə gəlinib ki, əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılıq əldə olunub. Danışıqlar çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri ayrıca müzakirə mövzusu olub. Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında imzalanmış bir çox sənədlər ölkələrimiz arasında mövcud münasibətləri tamamilə yeni bir mərhələyə çıxaracaq. Qeyd etmək lazımdır ki, imzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” xüsusi yer tutur. Məhz bu Protokol ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin daha genişlənməsi və dərinləşməsi baxımndan böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tezliklə tarixi Şuşa şəhəri bütün dünyanın diqqətini cəlb edən turizm məkanına çevriləcək
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB