Tarixi faktor: Ulu Öndər Heydər Əliev siyasəti - zəfər və qələbələr yolu! MƏQALƏ

Tarixi faktor: Ulu Öndər Heydər Əliev siyasəti - zəfər və qələbələr yolu! MƏQALƏ

Azərbaycanın yenidən müstəqillik əldə etməsindən ötən illər ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib. Fakt budur ki, müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən biridir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artmış, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə bir örnəyə çevrilib.

Tale birinci dəfə Azərbaycan xalqının üzünə 40 il əvvəl güldü. 1969-cu il iyulun 14-də Heydər Əliyev respublikaya rəhbər seçilən gündən Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələ başlandı. Ulu öndərin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyində yeni iş metodu, yeni nəfəs, ab-hava yarandı. Respublikanı ağır vəziyyətdən xilas etməyin və tərəqqinin yolunu milli birlikdə görən qüdrətli şəxsiyyət buna nail olaraq geniş planlarını tədricən həyata keçirməyə başladı. İlk növbədə xalqı düşündürən, narahat edən problemləri böyük əzmlə, inadla aradan qaldırdı, respublikanın tərəqqisi naminə əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirdi. Ulu Öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Çünki hər bir müvəffəqiyyətə düşünülmüş siyasətlə, savadla, biliklə, elmlə nail olmaq mümkün idi. O, kadrların seçilib-yerləşdirilməsi, işgüzar, bacarıqlı, idarəetmədə təcrübəsi olan insanları irəli çəkməklə Azərbaycanın bütün sahələr üzrə inkişafının tərəqqisinin əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi.

Azərbaycan cəmiyyətinin yenidən qurulması sahəsində geniş miqyaslı işlər həyata keçirməyə başlayan böyük tarixi şəxsiyyət tezliklə Azərbaycan Respublikasını keçmiş İttifaqın qabaqcıl respublikaları cərgəsinə çıxardı. Əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan əksər respublikaları geridə qoydu. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, elmi-texniki potensialının hazırlanması böyük uzaqgörənliklə həyata keçirildi. Ulu öndərin xalqına, Vətəninə bağlılığı sovet dövründə də özünü büruzə verdi. Belə çətin bir vaxtda Azərbaycan milli təfəkkürünü qoruyub saxladı.

Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyətindən sonra Konstitusiya layihəsinin 73-cü maddəsi aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Onun bu təklifi qəbul edildi və onun sayəsində Azərbaycanda dövlət dili Azərbaycan dili oldu. Bu, Heydər Əliyevin öz xalqına, millətinə, Vətəninə nə qədər böyük məhəbbətlə bağlandığını, Azərbaycanın adının yüksəkliklərə qaldırılması yolunda həyatını riskə qoymasını təsdiqləyən faktdır. Kommunist ideologiyasının hegemonluq etdiyi bir dövrdə Heydər Əliyev heç kimdən qorxmadan, çəkinmədən ana dili haqqında demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 14 illik fəaliyyəti dövründə respublikamızın həyatında elə bir sahə olmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın sosial rifah halı, həyat səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə və digər sahələr inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikalar sırasında ən yüksək yerlərdən birinə gətirib çıxardı. Qüdrətli şəxsiyyət bu fəaliyyəti ilə təkcə həmin dövrün Azərbaycanı və vətəndaşları üçün deyil, həm də gələcək müstəqil Azərbaycanın davamlı təməlini, gələcək nəsillərin xoşbəxt və firavan həyatının özülünü qoydu.

1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran getdikcə ölkədə vəziyyəti daha da ağırlaşdırırdı. Artıq dağılmaq ərəfəsində olan SSRİ-nin xain başçısı Mixail Qorbaçovun millətlər arasında ayrı-seçkilik salması, Azərbaycan ərazilərinin Ermənistana bağışlanması xalqın gərilmiş əsəblərini daha da korladı. İstiqlaliyyət, azadlıq uğrunda öz haqq səsini qaldıranlar Qorbaçovun göstərişi ilə qanına qəltan edildi və mərd oğul və qızlarımızın qanı ilə tarixə 1990-cı il 20 Yanvar faciəsi yazıldı. Həmin dövrdə Moskvada ciddi nəzarət altında yaşayan Heydər Əliyev orada Azərbaycan nümayəndəliyinə gələrək dünyanın tanınmış kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirdi və sovet imperiyasının dinc əhaliyə qarşı törətdiyi vandal aktı haqqında beynəlxalq aləmə geniş məlumat verdi. Bu, Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında daha bir tarixi fəaliyyəti oldu.

Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra AXC – Müsavat rəhbərliyinin qətiyyətsizliyi sayəsində ölkədə xaos, hərc-mərclik, özbaşınalıq, anarxiya hökm sürürdü. Ölkəmiz xırda xanlıqlara bölünmək ərəfəsində idi, vətəndaş qarşıdurması baş vermişdi. Belə bir şəraitdə Azərbaycanda müdrik, idarəetmədə zəngin təcrübəsi olan, xalqı arxasınca aparmağa qadir bir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Azərbaycan nəinki müstəqilliyini qoruyub saxlamaq, hətta varlığını belə itirmək təhlükəsində idi. Belə bir vaxtda artıq Heydər Əliyevin xilaskar və nicat obrazı yeganə ümid mənbəyi kimi ictimai şüuru fəth etdi. Müdrik şəxsiyyətin nüfuzu qarşısında öz niyyət və planlarının puç ola biləcəyini dərk edən Azərbaycanın xarici düşmənləri və daxili bədxahları nəyin bahasına olursa-olsun onu Azərbaycanın siyasi hakimiyyətinə qoymamaq üçün xalqla onun arasında keçilməz sədlər qurmağa çalışırdılar. Lakin xalqımızın böyük oğlunun qüdrətli dühası, polad iradəsi, xalqına, Vətəninə və millətinə olan sonsuz məhəbbəti, istəyi bu sədləri, maneələri qırdı. Xalqın təkidli tələbini və xahişini qəbul edən ulu öndər ömrünün qalan hissəsini Azərbaycanın müstəqilliyinin qorunmasına, beynəlxalq aləmdə tanınmasına, insanların xoşbəxt və firavan yaşamalarına həsr etməyə razılıq verdi. Böyük şəxsiyyətin hakimiyyətə qayıdışını yalnız xalq tələb etmirdi. İxtilafları ilə ölkəni uçurumun qarşısında qoyan bütün siyasi qüvvələr, ölkəni anarxiyaya, özbaşınalığa, xaosa aparan, qardaşı qardaşla üz-üzə qoyan o vaxtkı hakimiyyət də bu müdrik, dahi insanın, idarəetmədə zəngin təcrübəsi olan qüdrətli şəxsiyyətin ölkəyə rəhbərliyə gəlişini yeganə nicat yolu adlandırdılar.

Beləliklə, Heydər Əliyev böyük Vətən, xalq, millət sevgisi nümayiş etdirərək yenidən hakimiyyətə qayıtdı və 13 il ərzində qurduğu dövlətin 1983-cü ildən 1993-cü ilə qədər davamlı şəkildə dağıdılması prosesinin qarşısını aldı, xalqın ondan gözlədiyi işləri reallaşdırdı, ictimai-siyasi sabitlik yaratdı, tənəzzülə uğrayan iqtisadiyyatı tədricən dirçəltdi. Ulu Öndər qarşıya qoyulan vəzifələrdən danışarkən bu fikirləri vurğulamışdı: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq – bu vəzifələr mənim prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır”.

Ulu Öndər Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram, qürur bəxş etdi, vətəndaşına ən ali hüquq və azadlıqlar, sərbəstlik, təkmil Konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi. Ulu öndərin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın dünya standartlarına uyğun ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur. Azərbaycan Konstitusiyasının qəbul olunması ilə ölkədə mülki dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandı. Bununla da Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu iş böyük müvəffəqiyyətlə həyata keçirildi. Əsas Qanunumuzda Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili təsbit olundu. Heydər Əliyev siyasətinin müdrikliyi, onun atdığı taktiki və strateji addımların sayəsində Azərbaycan üçün həyati əhəmiyyəti olan mənfi təzahürlər qısa müddətdə aradan qaldırıldı, Azərbaycan Respublikası özünə layiqli yer tutdu, diplomatiya sahəsində bir-birinin ardınca möhtəşəm qələbələr əldə etdi, inkişaf etmiş ölkələrlə dostluq və əməkdaşlıq münasibətləri quruldu. Qısa müddət ərzində Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratdı. Ölkəmizdə 82 xarici dövlətin səfirlikləri fəaliyyətə başladı. Bunların 26-sı bilavasitə Bakıda, 56-sı isə həmin dövlətlərin qonşu ölkələrdəki səfirliklərində akkreditə olundu. Öz növbəsində Azərbaycanın 29 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəliklərinin fəaliyyətə başlaması üçün yüksək səviyyədə şərait yaradıldı.

Heydər Əliyev siyasi məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasət Azərbaycanı dünya miqyasında tanıdır, daim irəliyə doğru aparır, xalqın həyat səviyyəsini getdikcə yüksəldir. Fəxr edirik ki, bu gün müstəqil dövlətimizə rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli və alternativsiz yetirməsi Prezident cənab İlham Əliyevə etibar edilib. Əlbəttə, bu, xalqın seçimi, etibarı, inamıdır.

Bu gün Azərbaycan həm də qalib ölkədir və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməsindən sonra verdiyi tarixi bəyanatında ilk olaraq Ata vəsiyyətini yerinə yetirdiyini vurğuladı. Bəli, Azərbaycan xalqı və dövləti özünün şanlı Ordusu ilə dünyaya sübut etdi ki, xalqımız məğlubedilməz xalqdır və eyni zamanda, Qarabağın azad ediləcəyini Ulu Öndər Heydər Əliyev də dəfələrlə vurğulayırdı. Əbəs deyil ki, Prezident İlham Əliyev də hər çıxışında xüsusilə qeyd edirdi ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq və bu vəd də yerinə yetirildi. Məhz fərəhli haldır ki, möhtərəm Prezidentimiz qarşısına qoyduğu vəzifələri daim layiqincə yerinə yetirir. Və ən mümüm faktlardan da biri budur ki, Ulu Öndərin siyasi kursunun ən layiqli yetirməsi və alternativsiz lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin və xalqımızın daha böyük qələbələrə imza atması istiqamətində öz nəhəng və əzmkar siyasətini davam etdirəcək. Bu siyasət həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinin yaşaması və yaşadılmasını əks etdirən danılmaz faktordur.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə