“Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifələr sırasındadır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifələr sırasındadır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Vətən müharibəsi zamanı Azərbaycanın hərbi-siyasi yolla 44 gün ərzində qazandığı misilsiz qələbə nəticəsində Laçın rayonu bir güllə atılmadan düşmən işğalından azad olunmuşdur. Daha doğrusu desək, Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Prezidentimizin dediyi kimi, "İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir".”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.


Onun sözlərinə görə, bu gün qaytarılan torpaqlarımızda dövlətimiz sürətli və ardıcıl bərpa-quruculuq işləri həyata keçirir: “Həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramının bütün istiqamətlər üzrə yüksək səviyyədə icra olunur. Artıq Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. 28 mart tarixində Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürüdür. Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq layihələri haqqında ölkə başçısının xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər həmdə ki, bir növ tövsiyə və tapşırıq idi”.

Ülviyyə Həmzəyeva sözlərinə belə davam edib: “Ölkə rəhbəri demişdir: "Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır".

Bu gün Azərbaycan dövlətinin həmçinin güclü iqtisadi potensialı var və yaxın zamanlarda məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını da təmin edəcək. Prioritet məsələlərdən biri isə, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasıdır və bu tez bir zamanda həyata keçiriləcək.

Ölkə Rəhbərimiz Laçın rayonunda beynəlxalq hava limanının inşası haqqında da vurğulayıb.

"O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik" Bu həm də ki, dövlətimizin əzmkarlığını göstərir.

Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilmişdir. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Tək Murov dağının altından keçən tunelin uzunluğu 12 kilometrə yaxın olacaq.Göygöl rayonundan, Şərqi Zəngəzura da yol açılır. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilməkdədir.

Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması da birinci vəzifələr sırasındadır. "Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır".

Ölkə Prezidentinin çıxışında Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyinin yaradılacağı da vurğulanmışdır.

"İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var".

Biz xoşbəxtik ki, Laçın rayonun çiçəklənməsini öz gözümüzlə görəcəyik! Laçın da, ölkə iqtisadiyyatına gələcəkdə hər sahədə öz töhfəsini verəcəkdir!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə