Sabir Şahtaxtı,
yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycanın müasir dövlətçilik tarixindən milli təqvimimizə qara hərflərlə düşən dörd gün vardır ki, onların hər biri erməni millətçilərinin və işğalçı Ermənistanın birbaşa bəşəri cinayətlərini özlərində əks etdirir. 1918-ci ilin mart qırğınları, iki il sonra aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinə qarşı törədilən hərbi işğal, 1990-cı ilin 20 Yanvar faciəsi və 1992-ci ildə törədilmiş Xocalı soyqırımı bir-birinə bağlı və eyni məqsədlər üçün törədilmiş cinayətlərdir. Bu bəşəri cinayətlər arasında 1918-ci ildə törədilmiş soyqırımı aktı daha amansızlığı və genişmiqyaslılığı ilə seçilməkdədir. Tarixi mənbələrdən və elmi araşdırmalardan məlum olduğu kimi 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri və Bakı Sovetinin birbaşa təşkilatçılığı və iştirakı ilə azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası mart soyqırımı ilə bağlı cinayətlərin əsas elementlərini üzə çıxarmışdır.
Azərbaycanın Quba, Türkiyənin İğdır, Ərzincan, Qars, Ərzurum və s. bölgələrində tapılmış kütləvi məzarlıqlar ümumilikdə XX əsrin əvvəllərində erməni silahlı birləşmələrinin müsəlman-türk əhaliyə qarşı törətdikləri soyqırımı aktlarına ən tutarlı sübutdur. Yeri gəlmişkən, eyni dövrdə erməni silahlı birləşmələri indiki İranın Şərqi Azərbaycan vilayətində yerləşən Səlmas, Xoy, Urmi və s. bölgələrində də müsəlman-türk əhaliyə qarşı ağır cinayətlər törətmişlər. Araz çayı sahili boyunca törədilən bu faciələr tarixi mənbələrdə “Cilolu” soyqırımı kimi tanınır (Həmin cinayətləri törədən erməni silahlı birləşmələrinin mərkəzi qərargahı Cilo dağı ətəklərində yerləşdiyi üçün erməni quldur dəstəsinə bu ad verilmişdir).
Müasir dövrdə yuxarıda qeyd etdiyimiz “dörd qara gün” mövzusunun hər biri barədə geniş məlumatlar yayılmışdır. Ona görə də mövzunu mart qırğınları üstündə davam etdirmək niyyətindəyik. Üstündən yüz ildən də yuxarı zaman keçməsinə baxmayaraq hələ də geniş ictimaiyyəti maraqlandıran bir sual aktuallığını qoruyur: Azərbaycan xalqına qarşı törədilən mart qırğınlarının səbəbi nədir? Cavab qəti, dəqiq və konkretdir: 1918-ci ilin mart qırğınları məhz Azərbaycan xalqının yeni və müasir milli dövlət yaratmağının qarşısını almaq üçün törədilmişdir. Həmin dövrdə bölgədən çəkilən Çar Rusiyası ordu birləşmələri silah, sursat və hərbi geyimlərini məhz erməni millətçilərinə vermiş və nəticədə erməni silahlı birləşmələri formalaşmışdır. Özünü Çar Rusiyasının hüquqi varisi elan edən bolşevik Rusiyası bu qırğınların birbaşa himayədarı olmuşdur.
Saxta “erməni məsələsi” üzrə araşdırmaçı alimlər birmənalı qaydada əsaslandırlar ki, əgər çar Rusiyası generalları və bu imperiyanın yerli canişinləri erməniləri birtərəfli qaydada silahlanmasını təmin etməsəydilər, 1905-1907-ci il hadisələri olmazdı və daşnaklar 1918-ci ilin qanlı mart qırğınlarını törədə bilməzdilər. Əgər 1918-ci il qanlı mart hadisələrinin ardınca erməni-daşnak silahlı birləşmələrinin müsəlman əhaliyə qarşı qırğınları genişlənməsəydi, böyük dövlətlərin təzyiqi ilə İrəvan siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsəydi, ermənilər müstəqil dövlət yarada bilməzdilər. Əgər 1920-ci ilin aprel işğalı nəticəsində Azərbaycan müstəqilliyini itirməsəydi, Zəngəzur bölgəsinin bir hissəsi əlimizdən alınmaz, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adında ermənilərin xeyrinə muxtar vilayət statuslu bölgə yaranmaz, Naxçıvan coğrafi baxımdan Azərbaycandan ayrı düşməzdi.
Qeyd etdiyimiz kimi qalın-qalın kitablara sığmayan 1918-ci ilin mart qırğınları mövzusu barədə bir məqalədə təfərrüatlı məlumat vermək imkansızdır. Buna baxmayaraq bir daha diqqətə çatdırmaq istərdik ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra tarixdə ilk dəfə olaraq erməni millətçi dairələrinin və işğalçı Ermənistanın Azərbaycana qarşı törətdikləri bəşəri cinayətlərin araşdırılması istiqamətində sistemli şəkildə kompleks işlər aparılmaqdadır. Ümummilli Lider Heydər Əliyev imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərman bu istiqamətdə milli konsepsiyadır. Təsadüfi deyil ki, bu fərmandan irəli gələn fəaliyyət istiqamətləri Azərbaycanla yanaşı qardaş Türkiyədə də əhəmiyyətli araşdırmaların ortaya çıxmasına böyük təsir göstərmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB