Erməniləri qıcıqlandıran həqiqətlər - SOROSUN MARİONETLƏRİ, SATQINLAR, QƏRBİN OYUNCAQLARI - TƏHLİL

Erməniləri qıcıqlandıran həqiqətlər - SOROSUN MARİONETLƏRİ, SATQINLAR, QƏRBİN OYUNCAQLARI - TƏHLİL

Həqiqət acı olsa da reallığı əks etdirir və bu gün Ermənistan hər mənada reallıqları etiraf və qəbul etməkdən çəkinir, çünki çirkin niyyətlərini, maraqlarını ifşa edən həqiqətlərin acısına tab gətirmir. Nə mövcud hakimiyyəti, nə səlahiyyətliləri barələrində deyilən həqiqətləri yaxına belə buraxmaq istəmirlər. Onları və çirkin əməllərini müdafiə edənlərdən, hiyləgərliklərini bəyənənlərdən, qəbul edənlərdən başqa hamını özlərinə düşmən bəlləyirlər.

Haylar üçün mövqesizlik, hiyləgərlik, tarix boyu hansısa qüvvələrin, kimlərinsə marioneti olmaq xarakterikdir və indi bu həqiqətləri söyləyən soydaşları belə Ermənistanda düşmən, xəyanətkar hesab olunur. Bu gün Ermənistana məxsus mətbuat səhifələri belə onlar üçün acı sayılan həqiqətləri söyləyən soydaşlarına olan ikrah hissini açıq-aşkar bəyan edirlər. Əlbəttə ki, bu həqiqətlərin, başda elə baş nazir Nikol Paşinyan olmaqla, bütöblükdə erməni cəmiyyətini bərk qıcıqlandırdığı dərhal özünü biruzə verir.

Diqqətə çatdıraq ki, Rusiyada yaşayan erməni əsilli Marqarita Simonyanın Ermənistana ünvanladığı sözləri, fikirləri, daha doğrusu, onlar üçün acı olan həqiqətləri erməni cəmiyyəti həzm edə bilmir. Hayların səlahiyyətlilərini Sorosun marionetləri, satqinlar, qərbin çıxıntıları, oyuncaqları adlandıran və elə özü də haylardan olan Simonyan indi Ermənistanın hədəfinə çevrilib. Hətta həmin ölkənin baş naziri səviyyəsində bu “hədəfə” reaksiya da verilib və onun barəsində qərar da qəbul olunub ki, öz vətəninə vizasız gələ bilməz. Yəni, Simonyan üçün persona non qrata elan olunub, səbəb də onun Ermənistan və bu ölkənin səlahiyyətliləti, onların marionet, satqın mövqeyi barədə reallıqları, həqiqətləri söyləməsi olub.

Bəllidir ki, ermənilərin Rusiyada olan lobbisi digər ölkələrdəki lobbilərindən daha böyükdür. Hətta bu lobbinin fəaliyyətinə, onun haylar üçün hansısa dividentlər gətirəcəyinə, haqsız olsalar da onları dəstəkləyəcəklərinə inanan və güvənənlər də Ermənistanda sayca daya çoxdur. İndi Rusiyada yaşayan Ara Abrahamyan, Sergey Kurqinyan, Semyon Baqdasarov, Karen Şaxnazarov, Marqo Simonyan və əri Tiqran Keosayanın timsalında erməni əsilli insanların Ermənistan haqqında dedikləri həqiqətlər erməni cəmiyyətində şok yaradıb, ələlxüsus, Nikol Paşinyan üçün soyuq duş effekti olduğu ortaya çıxıb.

Ermənistanın suverenliyindən söhbət belə gedə bilmədiyini, onsuz da hansısa dövlətlərin, qüvvələtin oyuncağına çevrildiyini görən, qəbul edən Simonyan həmin ölkənin Rusiyaya birləşdirilməsini təklif edib, bunun qaçılmaz olduğunu bildirib və bu da hayları bərk qıcıqlandırıb. Doğrudur, bir ölkənin suverenliyini itirməsi heç də arzuolunan, istənilən, qəbul edilən deyil, amma əgər həmin ölkənin suverenliyi varsa. Axı Ermənistan ancaq sözdə suveren ölkə kimidir, əslində isə, qərarlarını belə kimlərsə verir və belə olan halda, suverenlikdən, müstəqillikdən söhbət gedə bilməz. Məhz bunu nəzərə alan Simonyan haylara, Rusiyaya birləşmə təklifi edib. Çünki bilir ki, onların ölkəsi məhz ölkələr siyahısından silinmək təhlükəsi ilə üz-üzədir və gec-tez bu baş verəcək. Bax bu acı həqiqəti, reallığı onlara göstərən Simonyan ruslaşmış satqın kimi qələmə verilir haylar arasında və onun sözləri də hədsiz dərəcədə qıcıq doğurur.

Təbii ki, Simonyan da, onun kimi persona non qrata elan olunan digərləri də öz növbələrində cavabsız qalmayıblar. Məsələn, Simonyan onun Ermənistana vizasız girə bilməməsi barədə qərara reaksiya verərkən söyləyib ki, onsuz da həmin ölkəyə getmək fikri belə yoxdur və ömrü boyu cəmi ikicə dəfə orada olub. Bir sözlə, Ermənistanın mövcud hakimiyyətinin, səlahiyyətlilərinin, ümimilikdə hayların nəzərinə çatdırıb ki, belə bir qərar, belə bir məsələ onu qətiyyən narahat etmir və onun üçün maraqsızdır. Eyni zamanda erməni baş nazirin ünvanına da yetərincə ittihamlar yağdırıb və onu satqınlıqda, Qərbin oyuncağı, Sorosun marioneti olmaqda günahlandırıb. “O, Rusiyaya nifrət edir, Putini aldadır və o, vicdanı olmayan, namussuz, işlənib zibillənmiş zibil çarpayısıdır”, deyə Simonyan erməni baş nazirini təhqir etməkdən də çəkinməyib.

Bəli, Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı təbliğatçıların, RT-nin baş redaktoru Marqarita Simonyanın və Life tabloidinin yaradıcısı Aram Qabrelyanovun ölkəyə girişinə qadağa qoyulduğunu təsdiqləyib. Bunun izahını da verib, haqlı qərar olduğunu sübut etməyə də çalışıb. Məsələ burasındadır ki, giriş qadağası ilə bağlı qərarı ilə Paşinyan zəif olduğunu bir daha ortaya qoydu və qıcıqlandığını da göstərdi. Əslində, bu qərar Simonyan və Qabrelyanov üçün bir şans oldu bəyan etsinlər ki, söylədikləri Paşinyanı qıcıqlandırıbsa, deməli, düz hədəfi vurublar.

Digər tərəfdən isə Paşinyanın belə bir qərar təsdiqləməsi bu zamana qədər ağız dolusu danışdığı həmin o sırnaqarası demokratiya ilə bir müstəviyə sığmıq axı. Simonyanın bir sözünə görə onun Ermənistana girişinə məhdudiyyət qoyulması, ümumiyyətlə, hansısa sanksiya tətbiq edilməsi, bir sözlə, cəzalandırılması artıq qondarma da olsa, hüquqi, demokratik dövlətin söz azadlığı kimi mühüm komponentindən uzaqlaşma faktı deməkdir. Axı Paşinyanın özü hər zaman söz azadlığının müdafiəsindən dəm vurub və məhz bu “dəmlər” sayəsində, demokratiya söz azadlığı şuarı ilə keçirdiyi küçə nümayişləri görüntüsü yaradan manipulyasiyalarla hakimiyyəti ələ keçirə bilib. Bəs, Nikol özü həmişə bəyan edirdi ki, jurnalistlərə qarşı repressiyalar olmamalıdır. Bir vaxtlar Artaşes Geqamyanın həyat yoldaşına qarşı böhtan xarakterli material dərc etməkdə və Norik Ayvazyanın ləqəbini söyləməkdə ittiham olunan, buna görə cərimə ilə canını qurtara bilməyən, bir il müddətinə azadlıqdan məhrum edilən həmin o Paşinyan deyildimi? Haykakan Jamanak-da məqalələr dərc etdikdən sonra bir neçə dəfə problemlərlə üzləşən, sonra özünü bununla reklam edən Paşinyan öz şəxsi təcrübəsindən nəticə çıxarıb anlamırmı ki, jurnalistlərə hər hansı qadağaların qoyulması əslində, bundan istifadə etmək istəyənlər üçün ən yaxşı reklam və şans deməkdir? Anlamalıdır, amma müəmmalı məsələ odur, indi nə oldu və nə dəyişdi ki, bu boyda manipulyator belə bir addım atdı? Görünür, reallığı əks etdirən həqiqətlər həddindən artıq rezonans yaradıb və ciddi şəkildə qıcıq doğurub ki, “həqiqətdən qorxduğu üçün bizə qadağa qoyur!”, spekulyasiyalarını dərk etməkdə çətinlik çəkib.

Beli çantalı küçə nümayişçisi, bu nümayişlərdən hakimiyyət kürsüsünü qamarlamaq üçün istifadə edə bilən mahir bir manipulyator hələ də anlaya bilməyib ki, konkret siyasi xadimin, siyasətçinin tənqidi ilə dövlətin tənqidi iki fərqli məsələdir. Görünür Nikol hələ də dövlət başçısı, ölkə rəhbəri olmaq səviyyəsinə gəlib çatmayıb, amma nümunə də olsa götürə bilərdi. Axı bu zamana qədər ən böyük qardaşı hesab etdiyi Putinin özü belə barəsində təhqir dolu ifadələr işlədənlərə belə bir sanksiya, cəza tətbiq etməyib, girişə qadağa, məhdudiyyət qoymayıb. Simonyan və Qabrelyanov da Ermənistan dövlətini təhqir etməyiblər, Paşinyanı və onunla eyni ağılda olanları hədəfə alıblar. Niyə buna görə dərhal reaksiya verərək cəza tədbirinə əl atılır, bunun bir səbəbi olmalıdır axı.

Simonyan və Qabrelyanovu müdafiə etmək kimi bir niyyətimiz yoxdur, müzakirə mövzusu da onlar deyil. Əslində, hayların öz baş nazirlərinin timsalında başbilənlərinin bərk qıcıqlanması diqqəti cəlb edir. Niyə qıcıq doğurub bu məsələ? Deməli, həqiqətən də onlar üçün deyilənlər tamamilə doğrudur, həqiqətdir. Əks halda nə Vovayeviç, nə də onun hakimiyyət komandası, səlahiyyətlilər məhəl qoymazdılar. Belə görünür ki, məhəl qoymaya bilməyiblərsə, deməli, düz ağrıyan yerlərinə toxunulub və inilti də ona görə təzahr edib. Bir sözlə, Sorosun marionetləri, satqinlar, Qərbin oyuncaqları barədə fikirlər erməni səlahiyyətlilərini, ölkələrinin mövcud hakimiyyətini qıcıqlandıran həqiqətlərdir və verilən realsiya, qərar, bunun da əsaslandırılması deyilənləri bir daha təsdiq edir. Təsdiq edir ki, həqiqətən də onlar Sorosun marionetləri, satqınlar və Qərbin oyuncaqlarıdırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə