"Azərbaycan-Latviya arasında əlaqələr dinamik inkişaf mərhələsindədir" - SİYASİ-EKSPERT ŞƏRH ETDİ

“Latviya Azərbaycanın keçmiş sovet dövlətləri arasında ən yaxın və dinamik perspektivlər içində olduğu ölkələrdən biridir. Latviya müstəqilliyini elan etdiyi vaxtlardan etibarən Azərbaycan ilə hər zaman yaxşı münasibətdə olub. Bu münasibətlərin daim artan, həmçinin müsbət yönümlü dinamika xarakterində olması xüsusi qeyd olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Latviya və Azərbaycanın həm ikitərəfli kontekstdə münasibətlərinə, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığına yüksək qiymət vermək lazımdır: “Latviya üzləşdiyi ən böyük problem olan ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə həmişə Azərbaycanın mövqeyinə anlayışla yanaşan ölkələrdəndir. Hətta bugünkü gündə də bəzi ölkələrin ermənipərəst mövqe tutmağına baxmayaraq Latviya 44 günlük Vətən müharibəsindən sonra bölgədəki problemlərin həllində Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa üstünlük verilməsi mövqeyindən geri çəkilməyib. Bu da bizim üçün çox əhəmiyyətlidir”.

Ekspert sözlərinə davam edərək bildirib ki, hələ Qarabağ münaqişəsinin mövcud olduğu zamanlarda da Latviya Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstək verən ölkələrdən biri idi: “Təsadüfi deyil ki, Avropa Birliyinin üzvləri içərisində Azərbaycan ilə strateji tərəfdaşlıq haqqında bəyannaməsi olan ölkələrdən biri məhz Latviyadır. Bu, Latviya tərəfindən ölkəmizin qlobal inteqrasiya siyasətinin daha da dərinləşməsinə verilən mühüm töhfədir. Eyni zamanda, Latviyanın NATO-nun üzvü olması da onun Azərbaycanla əməkdaşlığında yeni mərhələ açır. Bizim ölkəmiz də NATO-nun müəyyən proqramlarında fəal iştirak edir. Bununla yanaşı, Latviya həm Avropa Birliyi, həm də NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın siyasətinə cığır açan və ona dəstək verən ölkədir. Latviyanın müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən, Birləşmiş Millətlər Təşkilatında Azəbaycan ilə bağlı məsələlərin müzakirəsində anlayışlı mövqedən çıxış etməsi də təqdirəlayiqdir. Bütün bunlar iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bir fundamentdir.

Bir sözlə, Azərbaycan və Latviya arasında əlaqələr dinamik inkişaf mərhələsindədir. Bu dinamika hər iki ölkə üçün faydalıdır. Yəqin ki yaxın gələcəkdə Pribaltika ölkələrinin Azərbaycanda investisiya və s. sahələrdə, xüsusilə də bizim işğaldan azad olunmuş bölgələrimizdə bərpa işlərində də yaxından iştirakının şahidi olacağıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə