PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib”
Azərbaycan Prezidenti İlham Əliyev mart ayının 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bildirib ki, iki ölkələr arasında əlayələrin inkişafı daha da genişlənəcək: “Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib, bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub”.Dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, bu səfərin yaxşı nəticələr verdiyini, Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib. Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını deyən Azərbaycan Prezidenti əlaqələrimizin gündəliyinin genişləndiyini bildirib, bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğulayıb.
MACARISTANLA İKİTƏRƏFLİ VƏ ÇOXTƏRƏFLİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFI ÖLKƏMİZİN XARİCİ SİYASƏTİNİN VACİB İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan - Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.Qeyd edək ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Belə ki, Prezident İlham Əliyevin cari ilin yanvar ayının 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Həmçinin, səfər çərçivəsində Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə, Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarının ifadə edilməsi bir daha ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun reallığıdır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir və əvvəlki səfərlərdə olduğu kimi, bu səfərdə də məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlət başçımız səfər çərçivəsində imzalanan Birgə Bəyannamənin strateji tərəfdaşlığın dərinləşməsini təsdiq edən sənəd olduğunu vurğulamışdır.
BİZ QARABAĞ BÖLGƏSİNDƏ YENİDƏNQURMA İŞLƏRİNDƏ MACAR ŞİRKƏTLƏRİNİ GÖRMƏYİ ÜMİD EDİRİK
Qeyd edək ki, iki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir.Prezident İlham Əliyev Macarıstana səfəri zamanı bildirmişdir ki, enerji gündəliyin ən əsas hissəsidir və imzalanan Anlaşma Memorandumu da çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir. «Lakin təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik», - deyə dövlətimizin başçısı bildirib. Prezident İlham Əliyev istər xarici ölkələrə səfərləri, istərsə də beynəlxalq tədbirlər zamanı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. Prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib: "Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük". Azərbaycan Prezidenti Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlı olduğunu da deyib və bildirib ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb və bu müzakirələr davam edəcək.
Bəli, Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Dövlət başçımızın söylədiyi kimi: «Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB