"Qoşulmama Hərəkatı yeni mərhələyə qədəm qoyub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bakı növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edir. 2022-ci ilin iyulunda Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Gənclər Təşkilatının daimi katibliyi Bakıda yerləşəcək. Bu olduqca vacib bir məsələdir. Xüsusilə vurğulamaq istəyirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, bu təşkilatın nüfuzu dünyada kifayət qədər artıb: “Baş verən proseslərdə Qoşulmama Hərəkatı öz mövqeyini göstərməklə yanaşı, həm də müdafiə edir. Cənab Prezident İlham Əliyevin xüsusi mövqeyini qeyd etmək lazımdır. Çünki Qoşulmama Hərəkatı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi altında kifayət qədər uğurla beynəlxalq arenada öz təmsilçiliyini göstərə bilir. Dünən Bakıda müzakirə olunan məsələlər içərisində Qoşulmama Hərəkatının perspektivi baxımından nəzər yetirsək, düşünürəm ki, növbəti illərdə bu təşkilatın daha da güclənməsinin şahidi olacağıq. Çünki artıq bu proseslərdə iştirak edən dövlətlər də beynəlxalq arenada təmsilçilik, həm də bununla yanaşı bir sıra məsələlərə təsir göstərmək imkanı və bəzi istiqamətlər üzrə ədalətin bərpası istiqamətində aktiv fəaliyyətə sahibdir. Əgər Qoşulmama Hərəkatının tarixinə baxsaq, bütün bu məsələlərdə yalnız son illərdə aktivlik müşahidə olunur. Bu məsələlərə Azərbaycan rəhbərliyi və cənab Prezident İlham Əliyevin şəxsi dəstəyi və idarəçiliyi ciddi təsir göstərir”.

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanda kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilib: “Bu siyasət nəticəsində Azərbaycanda uğurlu gənclər siyasəti modeli də yaradılıb ki, bu model dünyanın bir sıra ölkələri üçün qəbulolunandır. Mənim fikrimcə, belə böyük və nüfuzlu bir təşkilatın Bakıda fəaliyyət göstərməsi bütövlükdə Qoşulmama Hərəkatına üzv olan dövlətlərdə gənclər siyasətinin inkişafı, o cümlədən, gənclərin beynəlxalq siyasi arenada daha ciddi şəkildə təmsil olunması və daha ədalətli dünya, sülh proseslərinin inkişafı üçün gənclərin potensialından geniş istifadə olunacaq. Əminəm ki, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının uğurlu fəaliyyətini çox yaxın zamanlarda hiss edəcəyik. Gənclər də öz üzərinə düşən missiyanı uğurla həyata keçirəcəklər. Bu mənada Azərbaycan gənclərinin də üzərinə böyük yük düşür. Çünki belə bir təşkilata ev sahibliyi etmək çox böyük bir məsuliyyət deməkdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə