Lavrovun Bakıya səfəri NƏYƏ HESABLANIB? - KOMİTƏ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edib və hələ də buradadır. Bildiyiniz kimi, ötən ilin fevralın 22-də Moskvada Rusiya və Azərbaycan arasında müttəfiqlik sazişi imzalanıb. Açıqlamada da bildirilirdi ki, Lavrov Bakıya bu müttəfiqlik sazişinin ildönümü ilə əlaqədar səfər edir. Təbii ki, biz də bunu müsbət dəyərləndirdik. Çünki biz Lavrovun Ermənistana səfər edəcəyini bilmirdik”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, amma indi Ermənistana səfərlə bağlı məsələ gündəmə gəlirsə, deməli, bir illik saziş sadəcə bir bəhanədir: “O, bu məsələni rəhbər tutaraq Azərbaycana gəlib. Dünən cənab Prezident və Sergey Lavrovun görüşü zamanı hər iki tərəfin də fikirlərinin şahidi olduq. Şübhəsiz ki, Rusiyanın Cənubi Qafqaz, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində siyasi maraqları var. Təbii ki, bu maraqların nədən ibarət olduğunu bilmirik. Bizim bildiyimiz yeganə şey budur ki, cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinin milli və dövlət maraqlarını heç vaxt güzəştə getməyib, getməyəcək də”.

Çingiz Qənizadə sözlərinə davam edərək bildirib ki, ona görə də Sergey Lavrovun Azərbaycandan sonra Ermənistana edəcəyi səfər bizim bu şübhələri daha çox qabardır: “Lavrov burada bəyanatların birində qeyd etdi ki, biz Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində digər dövlətlərin də atdığı addımları dəstəkləyirik. Bu tamamilə yalandır. Hesab edirəm ki, Rusiya Avropa İttifaqının Ermənistana girişini heç cür qəbul etmir. Əslində, Ermənistan və Rusiya arasındakı hazırki gərgin vəziyyət də məhz bununla bağlıdır. Amma bunlar siyasi gedişlər, diplomatik deyimlərdir. Görünən odur ki, Avropa İttifaqı missiyasının Ermənistana girməsi, Gürcüstanla Rusiya arasındakı münasibətlərin gərgin olması, Ermənistan və Rusiya arasındakı münasibətlərin də gərginləşməsi Rusiyaya müəyyən qədər sərf etmir. Hazırda Rusiyanın yeganə normal münasibət qurduğu və əlaqələrini inkişaf etdirdiyi dövlət Azərbaycandır. Amma Azərbaycanın da milli və dövlət maraqlarını, eyni zamanda beynəlxalq hüquqa söykənən maraqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Ona görə təbii ki, bizim Rusiyadan da müəyyən qədər narazılıqlarımız var”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə