Yüksələn xətlə inkişaf edən Azərbaycan-Rumıniya əlaqələri - TƏHLİL

Yüksələn xətlə inkişaf edən Azərbaycan-Rumıniya əlaqələri - TƏHLİL

PREZİDENTİ İLHAM ƏLİYEV: "Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsi əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.

İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini dedi. Dövlətimizin başçısı bunun yaxşı nümunəsi kimi enerji sahəsində əməkdaşlığın dərinləşdiyini, o cümlədən Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığını vurğuladı və yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra bu istiqamətdə daha böyük işlərin görüləcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi, İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Rəhbərlik etdiyi nümayəndə heyətinə öz həmkarları ilə bərabər, hökumət nümayəndələrinin də daxil olduğunu bildirən Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycanda keçirəcəyi görüşlər zamanı əlaqələrin genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmlənməsi məsələsinin də müzakirə ediləcəyini bildirdi.

İon-Marçel Çolako Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında xüsusi önəmini qeyd edərək strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini ifadə etdi.

Qonaq dedi ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır.

Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.

AZƏRBAYCAN-RUMINİYA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR

Azərbaycanla qardaş Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulub. Azərbaycan hökmdarı Uzun Həsənin dövründən başlayan bu əlaqələr Səfəvilərin hakimiyyəti illərində də davam edib. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb.

2003-cü ilin oktyabrında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.

Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda "Azərbaycan - Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya-Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. 2006-cı ildə məşhur rumın bəstəkarı J.Eneskuya Bakının Binəqədi rayonunda abidə ucaldılıb. Tanınmış jurnalist Minodor Mitrikanın Azərbaycanın tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş "Azərbaycanın dirçəlişi" kitabı rumın və ingilis dillərində çapdan çıxıb. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli Rumıniyada rumın dilinə tərcümə edilmiş yeganə klassik şairdir. Yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərləri, şair Bəxtiyar Vahabzadənin poemaları rumın dilinə tərcümə edilib və çap olunub.

AZƏRBAYCAN–RUMINİYA ƏMƏKDAŞLIĞI - AVROPA İLƏ MÜNASİBƏTLƏRİMİZƏ BÖYÜK TÖHFƏ

Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.

Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin fevral ayının 2-də Rumıniya Prezidenti Klaus Yohannisin səfəri qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıqdan söz açaraq bildirmişdir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

Dövlət başçısı onu da vurğulamışdır ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Prezident İlham Əliyev səfəri zamanı verdiyi bəyanatda xüsusi olaraq vurğulamışdır ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Keçmişə nəzər salanda bir daha qeyd etmək lazımdır ki, iki ölkə arasında formalaşan dialoq səmərəli xarici siyasətin məntiqi nəticəsidir.

Dövlətimizin başçısı energetika sahəsində əməkdaşlığın aktuallığının durmadan artdıqı xüsusi vurğulayaraq bildirmişdir ki, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixçəsi olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, indi bizim əməkdaşlığımız yeni mərhələyə daxil olur: "Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin uğurla icra edildiyini bildirərək artıq Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildiyini vurğulamışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir.
Beləliklə, Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, həm də nəqliyyat sahəsində gözəl nəticələrə gətirib çıxaracaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə