Azərbaycanda elektroenergetikanın inkişafının növbəti mərhələsi ŞƏRH
1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilmiş, çox sayda irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Ötən əsrin 80-ci illərində və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik "Azərbaycan" İES istismara buraxılmışdır. "Azərbaycan" İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş və bu hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş "Azərbaycan" İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi. Beləliklə, Azərbaycanı o illərdə qurub yaradan, respublikanı bütün sahələr üzrə kənar asılılıqlardan çıxararaq dövlət müstəqilliyi üçün zəruri əsasları formalaşdıran Heydər Əliyevin enerji sektoruna diqqət və qayğısının əsl səbəbləri Azərbaycan müstəqilliyə qovuşduqdan sonra daha aydın, dolğun şəkildə duyuldu. 1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin işi pozulmuşdu. Heydər Əliyev elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal-hazırda da məqsədyönlü şəkildə istifadə olunur. Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir. Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunmuş Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də mühüm rol oynayır.
Son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları texniki baxımından müasirləşir, onların gücü artırılır. Son 14 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb. Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələblər səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsləri və birbaşa rəhbərliyi ilə ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan strateji əhəmiyyətli layihələr sayəsində Azərbaycan özünün enerji potensialını durmadan artırır. Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu üçün, Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə daha da artır. Mingəçevirin təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində mümkün olmuşdur.
Dövlət başçısı İlham Əliyevin elektroenergetika sahəsində reallaşdırdığı yeni layihələr Azərbaycanın iqtisadi-siyasi çəkisini daha da artırır. Azərbaycan öz enerji resurslarını durmadan şaxələndirir, həm özünün, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Mingəçevirdə təməli qoyulan yeni İstilik Elektrik Stansiyası sözsüz ki, ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Müstəqillik tariximizin ən böyük elektrik stansiyası olan İES bu baxımdan növbəti nəhəng layihədir. Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı enerji təminatçısıdır. Avropa İttifaqına üzv olan ölkələrin gələcəkdə də dayanıqlı və keyfiyyətli enerji ilə təmin olunması əsas hədəflərdəndir. Enerji imkanlarımız genişləndikcə ixrac potensialı da artır və yeni əməkdaşlıq platformaları yaranır. Bu isə həm iqtisadi, həm də siyasi qazanc deməkdir. Eyni zamanda alternativ enerji mənbələrinin yaradılması, yaşıl enerji sektorunda reallaşdırılan dünya miqyaslı layihələr ölkəmizi daha da gücləndirir. Bütün bunlarla paralel olaraq enerji resurslarımız xarici investorları cəlb edir, ölkəmizə sərmayələr yatırılır və iqtisadiyyatımız güclənir. Son illərin enerji layihələri hazırlanarkən burada ən xırda detallar düşünülür, əlverişli məqamlar nəzərə alınır. Yeni elektrik stansiyalarının iş prosesində təbii qaza əhəmiyyətli dərəcədə qənaət edilir. Azərbaycan dünya bazarlarına qaz ixrac edən ölkə kimi bu sahədə də üstünlüklər qazanır. Ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə və ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, onun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.
Zahid Cəfərov
YAP Yasamal “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB