“Türkiyənin acısı Azərbaycanın acısıdır” - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində minlərlə insanın həlak olması, böyük-böyük şəhərlərin dağılması, əlbəttə ki, Azərbaycan xalqını, o cümlədən də Azərbaycan dövlətini və dövlət başçısı Prezident İlham Əliyevi biganə qoya bilməzdi. İlk andan da şəxsən cənab Prezidentin tapşırığı ilə Azərbaycanın bütün müvafiq dövlət qurumları hərəkətə keçdi, qardaş Türkiyənin yanında olduğumuzu sözdə deyil, əməldə göstərməyə başladıq və davam da edirik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda Türkiyəyə ən çox yardım göndərən ölkələrin önündə gedir və Türkiyənin acısına ən tez reaksiya verən ölkədir: “Belə bir şəraitdə Prezident İlham Əliyevin Türkiyənin Bakıdakı səfirliyinə baş çəkməsi, başsağlığı diləklərini ifadə etməsi, eyni zamanda, oradakı çıxışı da əlavə diqqət çəkməkdədir. Yəni, cənab Prezident, sadəcə olaraq, digər məsələlərin həlli ilə yetinmədən səfirliyə də baş çəkməyi vacib sayıb, eyni zamanda da, səfirlikdə səfir Cahid Bağcı ilə görüşü zamanı, söhbəti zamanı yeni fikirlər səsləndirib və bir daha xüsusi olaraq vurğulayıb ki, “Türkiyənin acısı Azərbaycanın acısıdır””.
Azər Həsrət sözlərinə belə davam edib: “Belə bir çətin şəraitdə Azərbaycan dövləti və Azərbaycan xalqı qardaş ölkəni əsla tək buraxa bilməzdi və ona görə də bu yardımlar edilir. Azərbaycan bu zəlzələni öz başına gəlmiş təbii fəlakət kimi qəbul edir. Yəni cənab Prezidentin sözlərindən çıxan məna budur. Həqiqətən də, ölkə başçısı olduğu dövrdə İlham Əliyev istər Azərbaycan, istər qardaş Türkiyə üçün həmişə ən yüksək tribunalardan sözünü deyib, əlindən gələni edib. Yəni bütün davranışları ilə Azərbaycan-Türkiyə qardaşlığının sözdə deyil əməldə olduğunu göstərib. Bu baxımdan, hazırkı davranışlar da istisna deyil. Yəni Azərbaycan dövləti hər hansı xüsusi dəvət, xahiş gözləmədən qardaş Türkiyənin yardımına gedib və getməyə də davam edir.
Bilirsiniz ki, humanitar yardımların toplanması davam edir. Şəxsi heyət, canlı qüvvə və texnika ilə yardımlar davam edir. Hər gün Azərbaycandan təyyarələr Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə uçur, xüsusi avadanlıq aparılır. Əlbəttə ki, bütün bunlar cənab Prezidentin iradəsi çərçivəsində həyata keçirilir, eyni zamanda da Azərbaycan xalqının ürəyinin istəyi ilə baş verir və belə bir şəraitdə Prezidentin səfirlikdən verdiyi mesajlar da əlbəttə ki, dostlarımızı sevindirir, özəlliklə də Türkiyədə bu zəlzələdən əziyyət çəkən insanlara əlavə güc verir. Yəni Türkiyə insanı görür ki, tək deyil, yalqız deyil. Onun yanında hər zaman olduğu kimi Azərbaycanlı qardaşları da var və bu qardaşlığın da ən yüksək zirvəsində duran şəxs əlbəttə ki, Prezident İlham Əliyevin şəxsən özüdür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB