Mahnılarda yaşayan sənətkar ömrü TƏHLİL

Mahnılarda yaşayan sənətkar ömrü TƏHLİL

Prezident İlham Əliyev: "Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir"

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış sənətkarından söz açarkən qeyri-ixtiyari olaraq uşaqlıq illərimizdən daxili dünyamızda iz salan Tofiq Quliyevin musiqisini xatırlayırıq. Sadə, melodik, lirik bir musiqi ruhi dünyamıza hakim kəsilib. İllərdir ki, onun musiqisinin həzinliyi bizləri Tofiq Quliyev sənətinə yaxınlaşdırıb. Bu, onun yüksək bəstəkarlıq manevrinə, istedada malik olmasını özündə əks etdirir. Bu musiqidə həyat lövhələri təcəssüm olunur. Bir-birindən fərqli məzmunda olan musiqi nömrələri Tofiq Quliyevin sənətkarlıq xüsusiyyətlərini özündə təcəssüm etdirir. Onun sənət dünyası hər zaman diqqətdə olmuş və layiqli qiymətini almışdır. Bu diqqət və qayğının daha bir nümunəsinin təzahürü Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasıdır. Şəhərimizin mərkəzində ucaldılan abidə Azərbaycan xalqının dahi bəstəkarı Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. "Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında çıxışı zamanı bildirib. "Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır", - deyə Cənab Prezident bildirib.1917-ci il 7 noyabr tarixində dünyaya gələn Tofiq Quliyev bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi olaraq, Azərbaycan caz və estrada musiqisinin banilərindən birinə çevrilib. Onun bir çox mənbələrdə öz əksini tapan tərcümeyi-halında Tofiq Quliyevin sənətə olan ilk addımlarında musiqiyə məhəbbəti diqqəti cəlb edir. O, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S.Aysberqin sinfində fortepiano, həm də S.Q.Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə konservatoriyanı bitirib. Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olmuşdur. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb. 1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.1944-cü ildən məşhur caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edən Tofiq Quliyev, onun orkestri üçün "Avara" hind kinofilminin, "Qara gözlər" romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyalarını işləmişdir. Müharibədən sonra Azərbaycanın bir sıra teatrları ilə Azərbaycan Dövlət Dram Teatrı, Səməd Vurğun adına Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

"TOFİQ QULİYEV ÖZ XALQINA ÇOX BAĞLI İDİ, ONUN AZƏRBAYCAN, BAKI HAQQINDA ƏSƏRLƏRİ BUNU GÖSTƏRİR"

Çox keçmir ki, Tofiq Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr - mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanmışdır. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ənənələri ilə üzvi şəkildə uyuşur. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub və bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.Belə bir yaradıcılıq yoluna malik olan sənətkar musiqisevərlər tərəfindən sevilib. "Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur", - deyən Cənab Prezident Tofiq Quliyevin xatirəsinin Azərbaycanda əbədiləşdirildiyini qeyd edib: "Onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur, şəhərimizin küçələrindən birinə onun adı verilmişdir, eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır".
Çoxşaxəli yaradıcılıq imkanlarına malik olan sənətkar XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən, "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

"BİZ HAMIMIZ DÜNYADAN GEDƏCƏYİK, ANCAQ TOFİQ QULİYEVİN MUSİQİSİ DAİM YAŞAYACAQDIR"

Dövlət başçısı çıxışında Ulu Öndər Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağladığını diqqətə çəkərək onların onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar olduqlarını qeyd edib: "Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi. Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində Ulu Öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq - biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək".
Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Tofiq Quliyevə "İstiqlal" ordeni verilmişdir.Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr - mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb.Tofiq Quliyev musiqisindəki, üslubundakı bənzərlik bəstəkarın yaratdığı çoxsaylı melodik inkişaf xəttindən doğur. Həm də T.Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti ondan ibarətdir ki, o, insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır. O, vokal cəhətdən düşünə bilir, bir-birindən zəngin ifadəli və obrazlı kantilena melodiyaları yaradır. Forma cəhətdən tamamlıq, lakonizm və bitkinlik onun mahnılarının əsrarəngizliyini daha da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal musiqi uslubunu təşkil edən xüsusiyyətlərdir. 200-dən artıq mahnı yazan T.Quliyev mahnı melodik üslubunun təbiətini gözəl duyur.

"NİYAZİNİN QARŞISINDA DİRİJORLUQ ETMƏK GÜNAHDIR"

Qeyd edək ki, Tofiq Quliyev həm də gözəl bir pianoçu idi. Aysberq kimi professor Bakıda, Neyqauz kimi dahi professor Moskvada onun müəllimləri olmuşdular. Ensiklopedik yaddaşa malik olan bəstəkarın mahnıları ölməzdir, ona görə ki, onlar insanın daxilindən, qəlbindən, saflığından gəlir. Bütün yaradıcılıq yolunda gərgin fəaliyyətdə olan Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. 1941-45-ci illərdə müharibə dövründə "Öldü var döndü yoxdur", sonrakı dövrlərdə "Neftçilər mahnısı", "Qızıl sünbül", "Azərbaycan", lirik mahnılardan isə "Sənə də qalmaz", "İlk bahar", "Sevgilim", "Sən mənim, mən sənin", "Axşam görüşlərinə", "Bəxtəvər oldum", mahnılarının müəllifidir. Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə gec, 12 yaşında başlayır. Tofiq Quliyevin kino musiqisinin inkişafında da rolu vardır. 1941-ci ildə ilk dəfə "Səbuhi" filminə musiqi bəstələmiş Tofiq Quliyev, bütün yaradıcılığı boyu bu janra müraciət etmiş və 40-dan artıq kinofilmin musiqisinin müəllifi olmuşdur. O, "Sevimli mahnı", "Görüş" , "Qızmar günəş altında", "Ögey ana", "Telefonçu qız", "Belə ada da vardır", "Nəsimi" və s. filmlərə musiqi bəstələmişdir. T.Quliyevdə aşağı səviyyəli musiqiyə rast gəlmirik. O, həm pianoçu, həm dirijor, həm də çox yüksək səviyyəli, böyük istedada malik, öz janrında dahi bir bəstəkar olmuşdur. Ondan soruşanda, niyə o, dirijorluq etmir, deyərmiş ki, mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm, amma Niyazinin qarşısında dirijorluq etmək günahdır. İnsana münasibətindən asılı olmayaraq, istedadlı adamlara həmişə baş əyərək, onları sevir, yüksək tuturdu. Məhz elə bu səbəbdən, Niyazi, Qara Qarayev, Fikrət Əmirov kimi böyük sənətkarlar Tofiq Quliyevin yaxın dostları idi.Tofiq Quliyev "Aktrisa"(1943), "Qızıl axtaranlar"(1963), "Sənin bircə sözün"(1967), "Tahirin süqutu" (1972), "Sabahın xeyir, Ella" (1973) operettalarının müəllifidir.
1946-47-ci illərdə Rəşid Behbudovla birlikdə həm pianoçu, həm də təkrarsız mahnıların müəllifi kimi çıxış edən bəstəkar Sovet Birliyinin bir çox şəhərlərində milyonlarla dinləyicinin rəqbətini qazanmışdır. 1966-cı ildə bəstəkar Çexoslovakiyada keçirilən Azərbaycan incəsənəti günlərinin iştirakçısı olub. Bu səfərdən yazılmış "Praqa haqqında mahnı", "Bratislava haqqında mahnı" Çexoslovakiyada nəşr olunmuş və geniş populyarlıq qazanmışdır.
1976-cı ildə Brüsseldə, 1977-ci ildə Vyanada, Varşavada keçirilən tədbirlərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin rəhbəri Tofiq Quliyev olmuşdur.
Dövlət tərəfindən fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. Belə ki, müxtəlif illərdə Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı Laureatı fəxri adlarına, eləcə də, SSRİ Qırmızı Əmək Bayrağı Ordeni, SSRİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.Yaradıcılıqla ciddi məşğul olmaqla yanaşı, T.Quliyev, həmçinin, geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edir.1968-ci ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş "Nəsimi" filmi Ümumittifaq Kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülür.Tofiq Quliyev dövrü mətbuatda musiqi sənəti ilə bağlı dərc olunmuş böyük sayda məqalələrin müəllifidir. Bu məqalələr onun müdrik bir sənətkar kimi nəzəri baxışlarını, doğma incəsənitimizin sabahı haqqında düşüncələrini əks etdirir.
Azərbaycan bəstəkarının yaradıcılığı böyük bir çiçək çələnginə bənzədilir. Yaddaşlarda iz salan, hər zaman sevilə-sevilən dinlənilən, mənəvi ruhumuzu qidalandıran böyük bəstəkarın əsərləri heç zaman unudulmayacaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə