“Türkiyə öz vətəndaşlarına çox gözəl sahib çıxır” - XARİCDƏ YAŞAYAN SİYASİ ŞƏRHÇİ
“Çox təəssüflər olsun ki, Cənubi Azərbaycanda baş verən zəlzələdən sonra Türkiyədə baş verən zəlzələnin daha böyük dağıntı ilə nəticələnməsinin şahidi olduq. Təbii ki, bu, türk dünyasını sarsıdan bir xəbərdir. Bütün həyatını itirmiş insanlara başsağlığı verir, yaralılara şəfa diləyir və bildiririk ki, daim onların yanındayıq”. Bu sözləri SİA-ya açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyətinin üzvü, Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sadiq İsabəyli deyib.
Onun sözlərinə görə, İran adlanan ölkə isə zəlzələdən zərərçəkən insanlarla bağlı heç bir iş görmədi və maraqlanmadı: “Oradakı insanlarımız əl-ələ verərək bir millət olduqlarını göstərdilər. Lakin Türkiyədə baş verən zəlzələni gördükdə bütün Türkiyə dövlət orqanlarının səfərbər olduğunu müşahidə edirik. Həm qurtarma işlərində, həm insanların yerləşdirilməsində, onların qida və su ilə təmin olunmasında, beynəlxalq təşkilatlardan yardımların tələb olunmasında yaratdığı şərait həm də onu göstərir ki, dövlət vətəndaşların yanındadır. Bu, çox müsbət bir addımdır”.
Sadiq İsabəyli sözlərinə belə davam edib: “Türkiyə öz vətəndaşlarına çox gözəl sahib çıxır. Bu, insanlarda ümid yaradır ki, dövlət onlarla maraqlanır.
Digər tərəfdən, Azərbaycan Prezidenti cənab İlham Əliyev tez bir zamanda bütün Türkiyəyə başsağlığı ünvanladı. Eyni zamanda, yardım qüvvəsi də Türkiyəyə göndərildi. Bütün bunlar onu göstərir ki, bir dövlətin gerçək dostları olduqda, onlar həmişə bir-birinin yanında olurlar.
Bu, təbii bir fəlakətdir. Dağıntılar daha çox köhnə tikili binalarda olub. Bu binaların yaşı 30-u keçib. Lakin Güney Azərbaycanda evlər adi kərpic və palçıqdan tikilmiş evlərdir. Dövlət də heç bir yardım etmir. Bu, onu göstərir ki, Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri öz talelərinə buraxılıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB