Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr TƏHLİL

Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə 150 yaşlı Azərbaycan peşəkar milli teatrının yubileyi qeyd olunacaq

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə hər zaman diqqətdə olub. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin qeyri-adi təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də kifayət qədər təsirinin göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Müasir dövrümüzdə zəngin və çalarlı Azərbaycan mədəniyyəti və incəsənəti dünya ölkələrində yüksək səviyyədə təbliğ olunur, eyni zamanda dünya sənətsevərləri tərəfindən maraqla qarşılanır.
Azərbaycanda böyük inkişaf yolu keçmiş teatr sənətinin də kökləri xalqın fəaliyyəti, dünyagörüşü ilə bağlıdır. IX əsrin ikinci yarısından etibarən cərəyan edən ictimai-siyasi hadisələr fonunda və maarifçilik hərəkatının güclü təsiri nəticəsində böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza yeni dram janrını gətirməsi ilə Azərbaycan teatrı müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr sənətinin ocağına çevrilmişdir. Qədim tarixə malik xalq tamaşaları zəminində təşəkkül tapan bu teatrın repertuarı yarandığı gündən bəri görkəmli Azərbaycan ziyalılarının dövrün mühüm hadisələrinin real bədii təsvirini verən qabaqcıl, demokratik ideyalı və ictimai məzmunlu əsərləri ilə zəngin olmuşdur.
Avropa təhsili görmüş azərbaycanlı gənclərin dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya qoymaları Azərbaycanda teatr həvəskarlarını dünya ədəbiyyatı nümunələri ilə tanış etməklə bərabər, milli dəyərlərə söykənən yeni tipli teatrın yaradılması işinə güclü təkan vermişdir. Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb kimi fitri istedad sahiblərinin səyləri ilə ölkəmizdə milli peşəkar aktyorlar məktəbi formalaşmışdır. Həmin dövrdən etibarən xüsusi teatr binalarının inşasına başlanılmış və peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf etdirilmişdir. Uzun bir yol keçmiş Azərbaycan peşəkar milli teatrının yaradılmasının 2023-cü ildə 150 ili tamam olur. Ölkənin mədəni-ictimai həyatının əhəmiyyətli hadisəsi kimi Azərbaycanda peşəkar milli teatr yaradılmasının 150 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

XALQ TEATRI PEŞƏKAR MİLLİ TEATRA ÇEVRİLDİ

Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Respublikamıza rəhbərlik etməyə başladığı ilk illərdən milli-mənəvi dəyərləri ön planda tutmaqla tarixi-mədəni irsimizə münasibətdə dönüş yaradan Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir. Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapmışdır. Həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynamışdır.
Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etmişlər. Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir. Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır.

MAARİFÇİLİK VƏ DEMOKRATİK İDEYALARA SADİQ AZƏRBAYCAN TEATRI

Tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycan teatrının tarixi M.F.Axundzadənin 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun yaxından iştirakı ilə Realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi. Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundzadənin komediyalarını oynayırdılar.
M.F.Axundzadənin əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən onun komediyaları Tiflisdə də oynanılmışdır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsil mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların, həmçinin, rus və Qərbi Avropa klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi.

"MÜSƏLMƏN ARTİSTLƏRİ İTTİFAQI" YARADILDI

1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəylinin 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu.
1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı. 1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.
1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti xaincəsinə dağıdıldıqdan sonra Azərbaycan XKS-nin 1920 il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-ci ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il "Hacı Qara" komediyasının yeni quruluşdakı tamaşası ilə Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılışı oldu. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də, teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyli, M.Maqomayev və C.Cabbarlının, başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.

MİLLİ TEATR SƏNƏTİMİZİN UĞURLU İNKİŞAF YOLU

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsil mənasında, hamilik edən respublikamızın başçısı, Ulu Öndər Heydər Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü. 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın birinci katibi Heydər Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram Teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğunun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.
1988-ci ildən Azərbaycanda baş verən iqtisadi, ictimai-siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Ermənilər respublikamızda görünməmiş faciələr törətdilər. Xarici havadarlarına söykənən ermənilər torpaqlarımızı işğal etdilər. Günahsız dinc əhalini qırdılar. Xocalı soyqırımı törətdilər. 1990-cı ilin 20 Yanvar faciəsinə səbəb oldular. Kütləvi talanlar edib, xalqımızın milli mədəniyyət abidələrini uçurub dağıtdılar. Ən yaxşı sənət əsərlərimizi xarici ölkələrə aparıb öz adlarına çıxdılar.
Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında sönüklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən, teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik əldə etdi. 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı. Yeni yaranan və "Dövlət teatrı" statusu alan Pantomim, Bələdiyyə, Yuğ, Gənclər, Miniatür, Kamera teatrları yaxşı mənada özlərini təsdiq etdilər. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdü.
Azərbaycanın Akademik Milli Dram Teatrında Azərbaycan və qeyri-milli dramaturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərin tamaşası hazırlandı. "Hökmdar və qızı", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Məhəbbət və azadlıq adası", "Dişi canavar", "Ah qadınlar, qadınlar", "Qısqanc ürəklər", "Min illərin işığı", "Hərdən mənə mələk də deyirlər" və s. tamaşalar oynanıldı. Bu tamaşaların əksəriyyətinin premyerasında Ulu Öndər Heydər Əliyev iştirak edərək tamaşa haqqında, eləcə də, yaradıcı simalarla bağlı bir teatrşünas, teatr tənqidçisi kimi fikirlərini bildirmişdir. Peşəkar teatr kimi püxtələşən Azərbaycan Dövlət Akademik Dram Teatrı müstəqillik dövründə ilk dəfə Türkiyədə qastrolda olub. "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşalarını göstərib. İkinci dəfə Türkiyəyə səfər edən teatr "Hara gedir bu dünya?" tamaşasını göstərir. Həmin ilin oktyabrında Almaniyanın Berlin şəhərində "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası alman teatrsevərlərinə göstərildi. 1996-cı ilin mayında teatr "Kral Lir" tamaşası ilə Moskvada ikinci Beynəlxalq Çexov Festivalında çıxış etdi. 1998-ci ilin noyabrında akademik teatr üçüncü dəfə Türkiyəyə qastrola getdi. "Hökmdar və qızı", "Özümüzü kəsən qılınc" və "Mənim sevimli dəlim" tamaşalarını göstərdi.
Qeyd edim ki, uzun bir yaradıcılıq yoluna malik olan Azərbaycan teatrı 1922-ci ildən 1929-cu ilə kimi Akademik Dram Teatrı, 1929-cu ildən 1935-ci ilə kimi Bədaye Teatrı, 1935-ci ildən 1950-ci ilə kimi Dram Teatrı, 1950-ci ildən isə yenə Akademik Dram Teatrı adı ilə fəaliyyət göstərib. 1991-ci il dekabrın 27-dən Azərbaycan Milli Akademik Dram Teatrı statusu alıb.
1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Sərəncam imzalayıb. Bu gün Azərbaycan peşəkar teatrı sənət yolunun yeni bir mərhələsini yaşayır. Belə ki, Ulu Öndər Heydər Əliyev ənənələrini layiqli davam etdirən Prezident İlham Əliyevin sərəncamı ilə teatr binaları təmir və bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun olaraq fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü" kimi qeyd edilməsi qərara alınıb. Prezidentin sərəncamları əsasında teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir, həyat şəraitləri yüksəldilir.
Xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayan və dolğun fəaliyyəti ilə milli sərvətə çevrilən Azərbaycan teatrı vətənpərvərlik duyğularının aşılanmasında, yüksək mənəvi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rola malikdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə