"Azərbaycan dövləti istənilən ssenariyə hazırdır" - MÜSAHİBƏ

SİA Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimlinin müsahibəsini təqdim edir:

- Son vaxtlar Avropadan Azərbaycana qarşı təzyiqlər başlayıb. Erməni diasporu o qədərmi güclüdür və ya biz informasiya savaşında onlara uduzuruqmu ki, Xankəndi ilə bağlı məsələləri öz istədikləri kimi Avropaya transfer edirlər? Bu vəziyyəti necə dəyərləndirirsiniz?
- Artıq 43 gündür ki, Azərbaycan fəalları bu ərazidə dinc aksiyalar həyata keçirirlər. Bunu bütün dünya bilir. Çünki ilk gündən Azərbaycan KİV nümayəndələri orada müşahidələr aparır, canlı yayımlar təşkil edir və reportajlar hazırlayırlar. Bu müddət ərzində ərazidə nə baş verdiyini biz bütün dünyaya çatdırırıq. Ona görə düşünürəm ki, biz informasiya savaşında uduzmuruq. Sadəcə əsas məsələ ondan ibarətdir ki, ermənilərin Avropadakı havadarları bu məsələdən Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Amma bütün bunlar əbəsdir. Biz öz haqq-ədalət yolumuzu davam etdiririk. Biz konkret Azərbaycan ərazilərinin talanmasına qarşı mübarizə aparırıq.
Bu yaxınlarda 10-dan çox ölkədən jurnalistlər gəlib həmin ərazidə baş verən hadisələrin şahidi olublar. Bu, bütün dünyaya yayılıb. Hər kəs gördü ki, Xankəndidə yolların bağlanmasından söhbət gedə bilməz. Azərbaycan fəalları yalnız dinc şüarlar və dinc aksiya nümayiş etdirirlər.

- Sanki son günlərdə Xankəndi və ətraf bölgələrdə sakitçilik hökm sürür. Bu sakitçilik nəyin əlamətidir və bizi qorxutmalıdırmı? Yoxsa doğurdan da artıq ermənilər bütün ümidlərini üzərək geri addım atmağa hazırlaşırlar?
- Bu sakitlik bizi heç vaxt qorxuda bilməz. Çünki Azərbaycan ordusunun gücü, qüvvəti, peşəkarlığı istənilən vaxt öz sözünü deyə bilər. Əlbəttə ki, qarşıdan bizi çox böyük proseslər gözləyə bilər. Azərbaycan dövləti hər an həm siyasi, həm hərbi baxımdan istənilən ssenariyə hazırdır. Biz bunu həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı dövrdə bütün dünyaya isbat etmişik.

- Rusiya Vardanyanı hansı ümidlərlə Qarabağa göndərmişdi?
- Rusiya Vardanyanı bir yox, bir neçə missiya ilə Qarabağa göndərib. İlk növbədə separatizmin alovlandırılması, həm silah-sursat, həm də maddi baxımdan qanunsuz silahlı birləşmələrə dəstək məqsədilə göndərilmişdi. Bütün bunların da arxasında duran əsas səbəb sülh müqaviləsinin imzalanmasının uzadılmasıdır. Amma bunlar heç bir nəticə verməyəcək. Vardanyan Qarabağa gəldiyi zaman Rusiya vətəndaşı idi. Lakin sonradan Rusiya vətəndaşlığından çıxarıldı. Əsas sual bundan ibarətdir ki, əgər o Ermənistan vətəndaşıdırsa, onun Qarabağda, suveren Azərbaycan ərazisində nə işi var? Ona görə də Vardanya bu ərazidən təcili şəkildə çıxarılmalıdır və biz təbii ki, buna nail olacayıq.

- Ölkə Prezidenti İlham Əliyevin son vaxtlar Avropa ölkələrinə rəsmi səfərləri Avropadan gələn təzyiqlərə qarşı Azərbayacana dost dövlətlər qazandırmaq baxımından çox təsirli oldu. Davosda da önəmli məsələlər oldu, cənab Prezident bir neçə dünya əhəmiyyətli media qurumlarına müsahibələr verdi. Bununla bağlı hansı düşüncələriniz var?
- Son illər Azərbaycan dünyanı fəth edir. Təbii ki, bu işi əsas olaraq həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev, onun siyasi xətti və qarşıya qoyduğu hədəflərdir. Bugünkü gündə Azərbaycan o hədəflərə doğru sürətlə irəliləyir. Hesab edirəm ki, gələcəkdə də biz istəyimizə tam şəkildə nail olacayıq. Bir neçə gün əvvəl İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri baş tutdu. Bu iki ölkə arasında uzun illərə söykənən dostluq və qardaşlıq münasibətləri var. Bu münasibətlər gün keçdikcə daha da dərinləşir. Bunda hər iki ölkə rəhbərinin xüsusi rolu var. Davos İqtisadi Forumunda da Azərbaycan Prezidentinin iştirak böyük əhəmiyyət daşıyır. Bu forumda ən məhsuldar fəaliyyət göstərən elə Azərbaycan Prezidenti oldu.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə