Vətəndaşların rifahı dövlət siyasətinin mərkəzində - TƏHLİL

Vətəndaşların rifahı dövlət siyasətinin mərkəzində - TƏHLİL

Prezidentin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib

Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" yanvar ayının 5-də Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

PREZİDENT İLHAM ƏLİYEVİN SİYASƏTİNİN MƏRKƏZİNDƏ HƏR ZAMAN VƏTƏNDAŞ RİFAHININ TƏMİNATI DAYANIB

Bəli, sosial dövlət olan Azərbaycanda vətəndaşların maraqları yüksək səviyyədə təmin edilir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial islahatlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir. Bu baxımdan, cari ilin yanvar ayının 5-də Prezident İlham Əliyevin «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» sərəncamı əhalinin sosial rifahının qorunmasına xidmət edən növbəti Sərəncamıdır. Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib. Bu isə bir daha isbatlayır ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz artıb. Xüsusi olaraq qeyd edilməlidir ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Göründüyü kimi, 2018-ci ildən ötən 4 ildə həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi «Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar» fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını isbatlayır. Ölkə vətəndaşları da əmindirlər ki, mühüm sosial irəliləyişləri təmin edən Prezident İlham Əliyevin uğurlu sosial siyasəti qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazandıracaq, insanların yaşayış səviyyəsini daha da yüksəldəcək.

"2023-CÜ İLİN İLK AYINDA BÜTÜN NÖV ƏMƏK PENSİYA MƏBLƏĞLƏRİNDƏ ARTIMLAR OLACAQ" SOSİAL MÜAVİNƏTLƏR ARTIRILDI - FƏRMAN

Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilsin: Yaşa görə sosial müavinətin məbləği 220 manat; orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 manat; ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manat; bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat; radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 manat; uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 manat; dəfn üçün sosial müavinətin məbləği 500 manat. Qanuna edilən dəyişikliyi şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi. Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün bu həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98.0 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69.0, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək: «Qeyd edək ki, indeksasiya hər il yanvar ayında aparılır. Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq. Bu il minimum əməkhaqqı məbləğində artım olduğu üçün orta aylıq əmək haqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək. Qeyd edək ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu, o deməkdir ki, 400 manat pensiya alan vətəndaşımızın pensiyası gələn ay 62 manat artacaq».

MƏQSƏDİMİZ ÖLKƏNİ GÜCLƏNDİRMƏK VƏ HƏR BİR VƏTƏNDAŞIN HƏYATINI DAHA DA YAXŞI ETMƏKDİR

Sözü ilə əməlləri üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “Ona görə də, hələlik, limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”. Dövlət başçısı müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib ki, minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb: «Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”. Dövlətimizin başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq. Azərbaycan Prezidenti, həmçinin ünvanlı sosial yardımın verilməsi ilə bağlı söyləyib ki, çox böyük şəffaflaşdırma işi aparılıb: «Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb”. “Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb. Bir sözlə, görülən işlər bir daha onu sübut edir ki, insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atdığını bir daha təsdiqləyir. Ümumiyyətlə, əməkhaqqlarının artırılması, pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar, həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin məntiqi nəticəsidir. Və xalqımız sözü ilə əməli üst-üstə düşən Prezidentimizin cari ildə də bu uğurların sırası daha da genişlənəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə