AZƏRBAYCAN-İTALİYA ƏLAQƏLƏRİ - ÖRNƏK TƏRƏFDAŞLAR TƏHLİL

AZƏRBAYCAN-İTALİYA ƏLAQƏLƏRİ - ÖRNƏK TƏRƏFDAŞLAR TƏHLİL

“Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”. Bəli, dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Elə yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edərkən strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd edib və əminliyini bildirib ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq. Romanın tarixi rayonunda Azərbaycan səfirliyinin yeni binasının açılışında ilk tədbirin ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminə həsr olunduğunu xatırladan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin Azərbaycandakı binasının inşasının yekunlaşmaq üzrə olduğunu deyib.

PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN-NATO VƏ AZƏRBAYCAN-AVROPA İTTİFAQI ƏLAQƏLƏRİNİN GENİŞLƏNMƏSİNDƏ İTALİYANIN VERDİYİ TÖHFƏNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

Dövlətimizin başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd edərək bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır. Azərbaycan Prezidenti bu baxımdan Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğulayıb. Prezident İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.

QUİDO KROSETTO: "SƏFƏRDƏN ÖNCƏ SERCİO MATTARELLA AZƏRBAYCAN PREZİDENTİ İLƏ DOSTLUQ ƏLAQƏLƏRİNİN MÖVCUDLUĞUNU BİR DAHA VURĞULAYIB"

Prezident İlham Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən Quido Krosetto, ilk növbədə, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd edib ki, səfərdən öncə İtaliya Prezidenti ilə görüşü zamanı Sercio Mattarella özünün Azərbaycana, dövlətimizin başçısının isə İtaliyaya səfərini məmnunluqla xatırlayıb və Azərbaycan Prezidenti ilə dostluq əlaqələrinin mövcudluğunu bir daha vurğulayıb. Quido Krosetto, həmçinin Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyib. Söhbət zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi. Dövlətimizin başçısı salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş edib.

2020-Cİ İL FEVRALIN 20-DƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İTALİYAYA SƏFƏRİ ÖLKƏLƏR ARASINDA ƏLAQƏLƏRİN YÜKSƏK SƏVİYYƏDƏ OLDUĞUNU TƏSDİQLƏYİR

Bu gün Azərbaycanla İtaliya arasında əlaqələrin daha uğurlu olması, məhz Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin uğurudur. Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azərbaycanın mandatı bu ölkəyə verilmişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf edib. 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Səfər zamanı Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artıracaq. Və çoxölçülü tərəfdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional proseslərə, problemlərə ümumi baxış, habelə tərəflərin mövcud maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Məhz bu baxımdan Azərbaycan və İtaliya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış 25-dən çox sənəddə də bu kimi məsələlər öz əksini tapmışdır. İki ölkə arasında münasibətlərin sosial-mədəni sahədə inkişafı da diqqətəlayiqdir.

Bir sözlə, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin milli maraqlarımıza əsaslanan siyasəti dövlətimizi yalnız uğurlar qazandırır. Bu gün dünyanı narahat edən qlobal problemlərin həllində Azərbaycanın mövqeyi nəzərə alınır. Bu da, ilk növbədə, Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin məntiqi ifadəsidir. Dövlət başçımızın söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə