"Əgər kadrlar öz işlərinin öhdəsindən gələ bilmirsə..." - DEPUTAT ŞƏRH ETDİ

"Son zamanlar bütün sahələrdə islahatlar aparılır. Bu, zamanın tələbidir. Daha güclü olmaq, daha yaxşı inkişaf etmək üçün kadr islahatlarının aparılması qaçınılmaz haldır. Hesab edirəm ki, cənab Prezident bu istiqamətdə çox doğru addımlar atır. Aparılan kadr islahatları çox əhəmiyyətlidir. Əgər təyin olunmuş kadr verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirə, müasirliklə ayaqlaşa, eyni zamanda, məmur-vətəndaş münasibətlərini qoruyub saxlaya bilmirsə istər yerli icra hakimiyyətləri, istərsə də mərkəzi icra orqanları haqqında müəyyən tədbirlər həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat, İlham Əliyevin "Məmurlar vətəndaşlara xidmət etməlidir" fikirlərini xatırladaraq sözlərinə davam edib. O bildirib ki, son zamanlar regional idarəetmə məsələləri də ortaya çıxıb: "Bu istiqamətdə də islahatlar həyata keçirilir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəlik institutunun, Naxçıvanda səlahiyyətli nümayəndə institutunun təsis olunması məsələsi də yeni idarəetmə üsulundan irəli gəlir. Vəzifə səlahiyyətlərininin sui-istifadəsi ilə bağlı işlər də aparılır. Bu dünyanın hər yerində belədir. Əgər məmurlar öz işlərinin öhdəsindən gələ bilmirsə, dəyişiklik qaçınılmazdır. Təyin olunan kadrlar etimadı doğrulda bilməsələr, bu məsələyə yenidən baxılacaq və yenisi ilə əvəz olunacaq. Gənc kadrlarımıza böyük etimad göstərilir. Onların bir çoxu öz vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilir. Təbii ki, onların arasında özünü doğrultmayanlar da ola bilir. Ölkə rəhbərinin onlara göstərdiyi böyük etimadı doğrultmaq üçün gecə-gündüz çalışmalı, ən əsası da məmur-vətəndaş münasibətlərini tənzimləməlidirlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə