“Tələblər yerinə yetirilmədikcə aksiya davam edəcək” AÇIQLAMA

“Tələblər yerinə yetirilmədikcə aksiya davam edəcək” AÇIQLAMA

“Laçın-Xankəndi yolunda, artıq bir aya yaxındır ki, davam edən dinc aksiya bir neçə baxış bucağından mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Birinci növbədə, Azərbaycan xalqı bu dinc aksiya ilə bir daha dünyaya sülh istəklərini, hərbi qarşıdurmaya "yox" dediklərini mesaj vermiş oldu. Yəni dünya 44 günlük tarixi savaşda əldə etdiyimiz qələbədən sonra bizim erməni ünsürlərində nə qədər güclü və nə qədər müzəffər xalq olduğumuzu nümayiş etdirmişdi”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

T.Novruzov bildirib ki, qalib xalq olaraq biz ərazilərimizdəki separatçıları hərbi güc yolu ilə təmizləməyə qadirik: “Hələ ki, biz hərbi yolu yox, dinc, anlaşma yolu ilə problemin həllini istədiyimizi ortaya qoymuş olduq. İkincisi, bu aksiya xalqla dövlət arasındakı möhtəşəm birliyin növbəti nümayişi kimi əhəmiyyətli hadisədir. Üçüncüsü, dünya bir daha ərazi bütövlüyü, suverenlik məsələsində həm Azərbaycan dövlətinin, həm də xalqın hər hansı güzəştə getməyəcəyini bir daha dünyaya göstərmiş olduq. Nəhayət, bu aksiyanın ən mühüm əhəmiyyətlərindən biri də dünyanın, beynəlxalq qurumların, güc mərkəzlərinin Azərbaycanın haqq işinə hansı yanaşma sərgilədiyini bir daha dəqiqləşdirmiş olduq. Baxın, Azərbaycanın bütün beynəlxalq hüquq və ədalət baxımından birmənalı haqlı olduğunu bildiyi halda, bəzi dövlətlər yenə haqqa deyil, batilə tərəf çıxmağa çalışdılar və çalışırlar”.

T.Novruzov onu da bildirdi ki, BMT-nin Təhlükəsizlik Şurasında Fransanın bu qurumun sədri olmasından yararlanmaq istəyən erməni-fransa bacılarının tamamilə haqqa-ədalətə əsaslanmayan Bəyanat ortaya qoymaları dediklərimizə sübutdur: “Nə yazıqlar ki, hələ də dünya belə oyunbazlıqların meydanına çevrilib. Təbii ki, bu bacıların bir faktı nəzərə almamaları onların növbəti faciələridir. Bu gün Azərbaycanın nüfuzu, ölkə başçısının müəyyən etdiyi xarici siyasi kurs, möhtəşəm diplomatik bacarıq öz sözünü deməliydi və dedi. Əminəm ki, bu da onlara dərs olmayacaq və növbəti təxribat hazırlığındadırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı haqlı yolunu dəyişməyəcəyini, tələblər yerinə yetirilmədikcə aksiyanın davam edəcəyini bəyan etməklə tamamilə doğru yolda olduğunu bir daha nümayiş etdirir. Ekofəalların, QHT nümayəndələrinin, azad könüllü dəstələrin birgə bu aksiyada mətanətlə, dözümlə iştirakı isə təqdirəlayiqdir və bu, xalqımızın qətiyyətini dünyaya göstərməkdə mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə