Ermənistan üçün QORXULU PROQNOZLAR – TƏHLİL

Ermənistan üçün QORXULU PROQNOZLAR – TƏHLİL

Ermənistanın öz məkrli niyyətlərindən, pozuculuq siyasətindən əl cəkmədiyi hər addımda özünü göstərir. Bunu nəinki Azərbaycan tərəfi, hətta bütün dünya görür və etriaf edir. Sonuncu dəfə Rusiya XİN rəhbərinin, Sergey Lavrovun, “Ermənistan bu dəfə də öz şansını itirdi”, deməsi təsadüfi deyildi və işğalçı ölkənin yanlış yolla davam etdiyi qənaətində olduğunu göstərir. İndi Ermənistanın təkcə Rusiya tərəfinin deyil, dünyanın bir çox ölkələrinin qınağına çevrildiyi bir-birinin ardınca ortaya çıxır və bu, bir qorxulu proqnoz olaraq erməniləri bərk narahat edir.

Bəli, 44 günlük müharibə və bu müharibənin məntiqi nəticəsi təsdiq etdi ki, işğalçı ölkə istənilən sahədə, xüsusən də, hərbi sahədə Azərbaycanla müqayisəyə belə gələ bilməz və qarşıdurma ermənilərin böyük itkiləri bahasına başa çata bilər. İllərlə öz silahlı qüvvələrinin möhtəşəmliyi mifini yaradan Ermənistan cəmi 44 gün ərzində Azərbaycan qarşısında diz çökdüsə, artıq uzun-uzadı izahata ehtiyac qalmır və bu, açıq-aşkar göstərir ki, qüvvələr arasında çox böyük, hədsiz böyük fərq var və Ermənistanın istənilən hücum cəhdi bu işğalçı ölkəyə ağır nəticələr vəd edir.

İndi erməni cəmiyyətində yeni müharibə barədə fikirlərə bütün dünya gülür, istehza ilə yanaşır. Bu, belə də olmalıdır, çünki vəziyyətin necə, qüvvələrin hansı nisbətdə olduğu heç kim üçün sirr deyil. Bir-birinin ardınca dünyaca məşhur nəşrlərin bununla bağlı təhlilləri, verdikləri proqnozlar deyilənləri təsdiq edir. Təsdiq edir ki, bütün dünya münaqişənin yenidən başlayacağı təqdirdə, Ermənistanın hansı dəhşətlərlə, hansı qorxulu məqamlarla qarşılaşacağını görür və bunu da açıq-aydın şəkildə etraf edir.

Amerikanın “Foreign Policy” analitik nəşri 2023-cü ildə sülh gözləyən 10 hərbi münaqişənin olacağını proqnozlaşdırıb. Nəşrdə həmçinin Azərbaycan-Ermənistan münaqişəsinə xüsusi diqqət yetirilib. Ekspertlərin fikrincə, yeni müharibə gözləniləndir və qeyd olunduğu kimi, çox güman ki, yenidən müharibə olacaq. Həmçinin qeyd olunur ki, bu dəfə müharibə 2020-ci ildəki 44 günlük müharibədən daha qısa olacaq, lakin heç də daha az dramatik olmayacaq və Ermənistanın itkiləri daha çox olacaq.

“Foreign Policy” hesab edir ki, 44 günlük müharibədən sonra güc balansı yenə də Azərbaycanın xeyrinə dəyişib. Nəşr açıq şəkildə qeyd edir ki, Ermənistan tərəfi hərbi baxımdan heç bir irəliləyişə nail olmayıb. Bildirilir ki, işğalçı ölkə nə hərbçilərinin, nə də silahlarının sayını artıra bilməyib. Doğrudur, müxtəlif qanunsuz yollarla Qarabağ ərazisinə silah-sursat daşına bilər, amma bu, bir ölkənin hərbi potensialı baxımından heç də nəzərə alınacaq deyil. Yəni, Ermənistanın hərbi imkanlarının artmadığı göz önündədir və bunu bütün dünya görür. Eyni zamanda, bütün dünya görür ki, Azərbaycan günü-gündən hərbi potensialını, ordusundakı hərbçilərin sayını, silahlarını artırır və Ermənistan bu dəfə Azərbaycanla müharibə etsə, daha böyük itkilərlə, daha acınacaqlı vəziyyətlə qarşılaşmalı olacaq.

Reallıqlar göz önündədir və Azərbaycan Ordusunun düşmən tərəfin silahlılarından dəfələrlə üstün olduğu açıq şəkildə etiraf olunur. Bunu dünya ölkələri yaxşı bilirlər. Eyni zamanda, Azərbaycan artıq dəstəklənir və Ermənistanın heç nəyə ümid etməyə bir şansı belə qalmır. ABŞ və Çin bu və ya digər dərəcədə Azərbaycanı dəstəkləyir. Bunu Ermənistan mətbuatı da yazır və hətta qeyd edir ki, Fransa guya Ermənistanı dəstəkləyir, lakin konkret addımlar atmaq fikrində deyil. Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron Ermənistana KTMT-də, yəni həm hərbi, həm də maliyyə baxımından günü-gündən zəifləyən Rusiyanın təsir zonasında qalmağı məsləhət görür. Bir sözlə, ermənilər görürlər ki, Fransa prezidenti özü bu işğalçı ölkəni də, onun problemlərini də başından atmaq fikrindədir. KTMT-də qalmaq tövsiyəsi də məhz bunu təsdiq edir.

Eyni zamanda, “Foreign Policy” haqlı olaraq qeyd edir ki, Avropanın Azərbaycan qazına artan tələbatı da Bakının gücünü, qüdrətini artırır, hətta söz sahibi edir. Bəli, Avropa İttifaqında Azərbaycanın “Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində” oynadığı rola görə səsləndirilən fikirlər deyilənləri təsdiq edir. Həqiqətən etiraf etmək lazımdır ki, Azərbaycan Avropa üçün maraqlı tərəfdir. Hər mənada ölkəmiz işğalçı bir ölkə ilə müqaisəyə gələcək deyil. Heç bir faydalı resursa malik olmayan bir ölkə hansısa dövlət üçün maraqlı ola bilməz. Hansısa bir dövrdə qısa şəkildə dəstək verilsə də, bunun sona qədər olacağı ağılasığan deyil. Bu baxımdan, ermənilərin özlərinin də ümidləri tükənib və bu zamana qədər arzuladıqlarının puç olacağına tam əminlikləri də göz önündədir.

Hətta “Foreign Policy” bildirir ki, Qarabağ ərazisində yerləşdirilən və sülhü qorumaq üçün nəzərdə tutulan Rusiya hərbi kontingenti belə öz aktuallığını itirir. Qeyd olunur ki, sülhməramlıların bölgədə olması heç nəyə təsir və dəlalət etmir. Təbii ki, bu qənaətə gəlmək üçün nəşrin məntiqi əsası var və Azərbaycan həqiqətləri bunun üçün yetərlidir. Əlbəttə ki, sülhməramlıların bölgədə olması öz aktuallığını itirməkdədir və yaxın zamanda həmin kontingentin ərazini tərk edəcəyi təkzibedilməz reallıq olaraq qəbul edilir. Bu reallığı Rusiya prezidentinin belə öz nitqində ifadə etdiyini hamımız yaxşı xatırlayırıq. Əgər Putin özü belə bir qənaətdədirsə, deməli, nəşrin sülhməramlılarla bağlı həmin nəticəsində qeyri-adı heç nə yoxdur və birmənalı şəkildə həqiqəti əks etdirir. Bu isə ermənilər üçün heç də arzuolunan deyil, hətta dəhşətli, qorxulu proqnozlar deməkdir.

Bəli, “Foreign Policy”-nin proqnozu belədir və ermənilər üçün heç də arzuolunan hesab edilmir. Hətta kürklərinə də birə salıb. Əks halda mətbuat səhifələrində bu barədə yazılar bir-birini əvəz etməzdi. Bir çoxları bunun bir proqnoz olduğuna, qeyri-dəqiq ola biləcəyinə inanmaq arzusundadırlar. Amma reallıqlar göz önündədir və “Foreign Policy” əbəs yerə bu qənaətə gəlməyib. Yenə də Ermənistan itkilərlə, ərzaq qıtlığı riski ilə üz-üzədir. Dünyada heç bir ölkə, heç kim belə Ermənistana artıq açıq şəkildə istər hərbi yardım, istərsə də hər hansı formada yardım etmək fikrində deyil, çünki bunun mənasız olduğu hər kəsə bəllidir. Bu qədər problemlər qarşısında hansısa bir ölkənin revanş haqqında düşünməsi, müharibə istəyi axmaqlıqdan başqa bir şey deyil.

Hazırda bütün kartların Bakının əlində olduğu dəfələrlə vurğulanır və demək olar bütün politoloqlar, siyasətçilər bu qənaətdədirlər ki, istənilən mümkün sövdələşmədə birmənalı şəkildə Azərbaycan qazanacaq, özü də çox. İstənilən müstəvidə Azərbaycanın dəfələrlə üstün olduğu artıq açıq-aşkar etiraf olunur. Ələlxüsus etiraf olunur ki, Azərbaycan öz məqsədlərinə hərbi yolla nail olmağa çalışsa belə yenə də qazanacaq və daha çox fayda görəcək. Siyasətçilər, politoloqlar, ekspertlər isə xəbərdarlıq edirlər ki, Ermənistan danışıqlardan boyun qaçıqdığı təqdirdə müharibə qaçılmazdır və bu dəfə işğalçı ölkə özünü tamamilə məhvə sürükləmiş olacaq. Azərbaycan üçünsə Ermənistanın danışıqları davam etdirməsi, yaxud boyun qaçırması zərrə qədər fərq etmir, ölkəmiz güc yolu ilə də olsa istədiyini əldə edəcək, istədiyinə nail olacaq. Amma hadisələrin belə bir ardıcıllığı Ermənistan üçün çox dəhşətli, çox qorxulu proqnozlar deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə