“QHT-lərin, aktivistlərin təşəbbüsü ilə Qarabağ iqtisadi rayonunda keçirilən aksiyanı dəstəkləyirik. Bu, önəmli hadisədir”. Politoloq Qabil Hüseynli “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu aksiyalar Azərbaycanın bütün əraziləri üzərində suverenliyin tam bərpasına qədər davam edəcək: “Artıq onun ilk nəticələri var. Qarabağ ərazisindəki faydalı qazıntı yataqlarının xarici şirkətlərlə istismarı dayandırılıb. Üstəlik, Qarabağdakı erməni separatçılarının hökm etdiyi ərazilərdə yaşayan insanlarla təmas qurulması işi də Azərbaycan hökuməti tərəfindən sürətlə aparılır. Burada da müəyyən irəliləyişlərin olduğunu demək olar. Artıq Xankəndinə və digər ərazilərə Azərbaycan mallarının göndərilməsi və təchizatın təmin edilməsi, alış-verişin Azərbaycan manatı ilə aparılması variantı müzakirə edilir. Ermənilərin çox hissəsi, hətta Paşinyan da belə bir təchizat sisteminin qurulmasına razı olduqlarını bildiriblər. Gələcəkdə bu məsələ daha detallı sürətdə araşdırılıb konkret işlərə çevrilə bilər. Hər halda ortaya Azərbaycan cəmiyyətinin rəyinin, iradəsinin qoyulması səmərələr verməyə başlayıb və inanıram ki, gələcəkdə də bu davam edəcək. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir. Bu aksiya iştirakçıları tezliklə istədiyinə nail olacaq. Biz haqq, ədalət, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsini tələb edirik. Əminliklə demək olar ki, Azərbaycan bu dəfə də haqlı istəyinə nail olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB