Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasıyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bir-birindən ayrı düşmüş azərbaycanlıların birləşməsi üçün simvolik gündür. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd boyu yürüşü, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, əslində azərbaycanlıların bir millət olduğunu dünya ictimaiyyətinə xatırlatmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi.1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayramı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycan müstəqillik qazandıqdan ötən dövr ərzində əldə edilmiş uğurlar ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır. Ümummilli Lider Heydər Əiyevin böyük fədakarlıq bahasına ayağa qaldırdığı Azərbaycan dövləti, qısa vaxt ərzində bütün dünya azərbaycanlılarının tarixi və siyasi istinadgahına, dayaq nöqtəsinə çevrilmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin birliyi və təşkilatlanması məsələsini bütün fəaliyyəti dövründə diqqət mərkəzində saxlamış, xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.
Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Müstəqil Azərbaycan Respublikası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza doğma atalıq duyğuları bəsləyir, öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir.Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri xaricdə yaşayan azərbaycanlıların müstəqil dövlətimiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsidir. Bu siyasət dünyada gedən geosiyasi proseslər fonunda daha da aktuallaşmış və Prezident İlham Əliyev tərəfindən qətiyyətli formada həyata keçirilməkdədir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB