Dmitri Solonnikov: “Ermənistan Qərbin tapşırığı ilə sülh razılaşmasını pozur” – MÜSAHİBƏ
Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Caliber.Az”-a müsahibəsində Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı maraqlı fikirlər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Ermənistanın Moskvada Azərbaycanla danışıqlarda iştirakdan imtina etməsini necə qiymətləndirirsiniz? Ermənistan hakimiyyətinin bu cür cəsarətli demarşının əsl səbəbi nədir?
- Ermənistanın Moskvada planlaşdırılan üçtərəfli danışıqlardan imtina etməsi bu ilin sonunda tam şəkildə ortaya çıxan tendensiyanın təzahürüdür. Bundan sonra Ermənistan danışıqları müstəsna olaraq Qərbin himayəsi altında aparmağa çalışacaq. Ermənistanın hazırkı rəhbərliyi Fransa və ABŞ-ın protektoratıdır, ona görə də Ermənistan tərəfindən istənilən siyasi aksiya müstəsna olaraq onların himayəsi və onların iştirakı ilə həyata keçiriləcək.
Bu səbəbdən Sergey Lavrovun danışıqlar prosesinin moderatoru olması nəzərdə tutulan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında Moskvada danışıqlar İrəvan üçün qəbuledilməz oldu. İndiki Ermənistan rəhbərliyi öz seçimini edib və görünür, Paris və Vaşinqtonun diktə edəcəyi qaydalarla oynayacaq. Ermənistanın NATO-ya daxil olmayan Avroatlantik təşkilatların təşəbbüsü ilə keçirilən danışıqlar platformasından imtina etməsi bunu bir daha təsdiqlədi.
- Sizcə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi baxımından geridə qalan il hansı olub?
- Hesab edirəm ki, ötən ilin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nöqteyi-nəzərindən qiymətləndirilməsi yuxarıda deyilənlərdən irəli gəlir. Hesab edirəm ki, 2022-ci il sülh sazişi imzalamaq və mövcud vəziyyətdən çıxmaq üçün reallaşmamış fürsət ili oldu. Əgər Ermənistan əvvəllər imzalanmış sazişləri həyata keçirmək yolu ilə getsəydi, bunun qarşısını almaq olardı. Amma Qərb qüvvələrinin, xüsusən də Fransa və ABŞ-ın prosesə müdaxiləsi nəticəsində bu şans reallaşmadı və bu problemi gələcəyə təxirə saldı. Belə ki, hazırda Ermənistanı danışıqlar prosesindən və sülh müqaviləsinin imzalanmasından uzaqlaşdıracaq ssenari işə salınıb.
Fikrimcə, danışıqlar bu il sıçrayışla yekunlaşa bilərdi, biz sərhəd sazişinin, sülh müqaviləsinin imzalanmasının, Cənubi Qafqazda yeni həyatın, o cümlədən Ermənistanın özündə normal həyatın başlanğıcının şahidi ola bilərdik. investisiyalar, logistika infrastrukturunun qurulması, ticarətin artımı və s. Amma yox, Ermənistan başqa istiqamət seçib.
- Yəni gələn il sülh müqaviləsinin imzalanması ehtimalı da aşağı olaraq qalır?
- Heç nəyə imza atmamaq üçün danışıqlar prosesində qərarların qəbulu baxımından mənasız ləngimə olacaq. Bu, Avropa tərəfdən danışıqların bütün iştirakçılarının, xüsusən də Fransanın aldadılması olacaq. Belə bir siyasət Minskdə artıq nisbətən uğurla həyata keçirilib və indi də Ermənistan-Azərbaycan münaqişəsinin həllində də eyni ssenarini tətbiq etməyə çalışacaqlar. Bununla bağlı Ermənistana silah verəcək, Azərbaycanı və Rusiyanı aldadacaq, nə etməyəcəklərini əvvəlcədən elan edəcəklər. Bir sözlə, indi Cənubi Qafqazda məkrli fransız diplomatiyasından istifadə olunacaq. Bu ssenaridə danışıqlar müsbət heç nə ilə bitməyəcək və biz hər hansı bəhanə ilə NATO ölkələrindən Ermənistana yeni müşavirlərin, müşahidəçilərin və təlimatçıların necə göndəriləcəyini müşahidə edəcəyik. Müvafiq olaraq, danışıqlar prosesi ətrafında vəziyyət daha da pisləşəcək.
- Ermənistanda müəyyən qüvvələr Azərbaycanla yeni müharibəyə çağırışlar edir, xüsusən də bu yaxınlarda keçmiş baş nazir Xosrov Arutyunyan bu fikri səsləndirib. Gələcəkdə belə bir ssenari üçün ciddi ilkin şərtlər varmı?
- Yaxın gələcəkdə tam hüquqlu müharibə mümkün deyil. Bununla belə, həm Fransa, həm də ABŞ Ermənistanı revanşa doğru sövq edəcək. Bunun üçün Ermənistanı NATO standartlarına uyğun formatlaşdıracaqlar və belə bir müzakirə olacaq ki, Ermənistan 44 günlük müharibəni Azərbaycana uduzdu, çünki onun lazımi taktikası, düzgün silahları və yaxşı müttəfiqləri yox idi. Bu baxımdan onlar Ermənistan ordusunu NATO modeli üzrə yenidən hazırlayacaq, onları ermənilərin yeni müharibədə qalib gələ biləcəklərinə inandıracaqlar. Bunun fonunda Ermənistanın Qərb dövlətlərinin köməyi ilə hazırlayacağı qisas və yeni müharibə çağırışları, şübhəsiz ki, güclənəcək. İnanıram ki, Ermənistanın indiki rəhbərliyi də məhz bu ssenari ilə gedəcək.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB