2023-dən geriyə baxarkən TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır”

Bəli, 2022-ci ilin qarşıdan gələn yeni 2023-cü ilə təhvil verməsinə sayılı günlər qalıb. Bu bir real faktdır ki, hər il başa çatarkən növbəti ilə hansı uğurlarla qədəm qoyuruq sualını qarşıya qoyuruq və bu sualı cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. Və xalqımız Azərbaycanın tarixinə uğurlu və Qələbə Zəfərli illər kimi daxil olan 2020, 2021 və 2022-ci illlər kimi 2023-cü ilin də böyük sevinc və qələbələr ili kimi ilk gündən xeyirli, bərəkətli, işğal olunmuş torpaqlarımızda – Qarabağımızın cənnət məkanına çevriləcəyinə böyük ümüdlə inanır. Bu gəlişi gözəl söz deyil, real faktlara əsaslanan nəticələrdir. Çünki əsl siyasət konkret, real iş görməkdən ibarətdir. Son 19 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar və ən əsası isə 2020-ci ildə tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi Ali Baş Komandanımızın uğurlu “Dəmir yumruq” əməliyyatı ilə bütün dünyaya həm də bacarıqlı, qətiyyətli Sərkərdə olduğunu, xalq-ordu-dövlət birliyinin isbatladı.Bəli, Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2022-ci ili – “Şuşa İli”ni də uğurla, yüksəlişlə, həmrəyliklə, quruculuqla başa vurdu. qədəm qoydu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup üzüvləri ilə görüşü zamanı bu ilin də bir çox önəmli hadisələrlə yadda qalacağını və növbəti ilin də uğurlu olacağının söyləyib: "Bu il başa çatır. İl ərzində bir çox önəmli hadisələr baş vermişdir. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir”.

Dövlət başçısı onu da bildirib ki, Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq: “Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz”.

Dövlət başçısı bu gün Laçın yolunda baş verən hadisələrlə bağlı bildirdi ki, burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyasıdır: “Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər… Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.

2022-Cİ İLİN İLK GÜNÜ – “ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ İSƏ,ÜMUMİYYƏTLƏ, AZƏRBAYCAN YOXDUR”

Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən minnətdarlıq və məmnunluqla qarşılandı. Səbəbi isə bəllidir. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır. İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi.28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə Xilaskar İlham Əliyev Şuşanı belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün isə Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Bu gün qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Və bu gün Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinin minarələrindən səslənən azan səsi Şuşanı azadlığına qovuşduran şəhidlərimizin ölməz ruhunu şad edəcək.

DÖVLƏT BAŞÇISI: "ƏMİNƏM Kİ, 2022-Cİ İL DƏ UĞURLU OLACAQ"

Prezident İlham Əliyev 2021-ci il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib: «Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Bəli, hər ili uğurlu olan və hər sözü əməli ilə üst-üstə düşən, sözü imzası qədər dəyərli, qüvvətli olan Prezident İlham Əliyevin son 19 illik prezidentlik fəaliyyətinin fəlsəfəsi ancaq və ancaq xalqına və dövlətinə layiqincə xidmət etmək. Və bu günkü uğurlar deyilənlərini göstəricisidir. Belə ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat proqnozlaşdırılması Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü, aparılan islahatların uğurlu nəticələr verdiyini göstərir.

BÖYÜK QAYIDIŞIN STRATEJİ İSTİQAMƏTLƏRİ: “AZƏRBAYCAN RESPUBLİKASININ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNƏ BÖYÜK QAYIDIŞA DAİR I DÖVLƏT PROQRAMMI”

Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı “Qarabağa qayıdış” layihəsini sürətlə reallaşdıracaq. Belə ki, Ali Baş Komandan İlham Əliyevin Ağalı kəndində və Cəbrayılda verdikləri açıqlamalar bunu bir daha sübut edir: «Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız».

Bəli, Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Eləcə də işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb. Bir, sözlə, Böyük qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun bərpasını sürətləndirəcək.

ƏHALİNİN ETİBARLI, KEYFİYYƏTLİ VƏ DAYANIQLI İNFRASTRUKTURLA TƏMİNATI

Əlbəttə ki, infrastruktur layihələrin həmin ərazilərdə həyata keçirilməsi xüsusi önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülər. Məlumdur ki, Azərbaycan Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə hava limanları ilə yanaşı, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanıldı. İşğaldan azad olunan müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıldı. Enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və lazımı həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər və mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Dövlət Proqramında nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi müəyyənləşdirilmiş hədəflər sırasındadır. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitini təmin edəcəkdir. Bütün görüləcək işlərin əsasında işğaldan azad olunan ərazilərimizi qısa bir zamanda müasir və inkişaf etmiş bir məkana çevriləcəkdir

2022-Cİ İL - QARABAĞDA İNKİŞAFIN AZƏRBAYCAN NÜMUNƏSİ

Bəli, geridə qoyduğumuz 2022-ci il Azərbaycanda da bir sıra siyasi-iqtisadi hadisələrlə yadda qaldı. İlk öncə Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması üzrə beynəlxalq səviyyədə keçirilən bütün görüşlər ilin vacib siyasi hadisələri kimi tarixə düşdü. Bundan başqa “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” nun, Buxarestdə “ Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökümətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasını ilin ən yadda qalan hadisələri kimi qiymətləndirmək olar.

2022-Cİ İLİN ƏN ƏSAS YADDA QALAN TARİXİ HADİSƏ: AZƏRBAYCAN ERMƏNİSTANA VƏ SÜLHMƏRAMLILARA DƏRS VERİR

Bəli, 2022-ci ilin ən yadda qalan hadisəsi Azərbaycanın mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində antiteror əməliyyatı oldu. Avqust ayında isə Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirdi. "Qisas" adlı cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürdü. Digər mühüm hadisələrdən biri Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurası liderlərinin Çexiyanın paytaxtı Praqada baş tutmuş görüşü idi. Həmin görüş İrəvanla Bakı arasında ehtimal edilən sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addım oldu. Bir çox ekspertin Praqada qəbul edilən bəyanatı Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirməsi əsassız deyildi. Belə ki, bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.Doğrudur, 2022-ci ildə İrəvanın destruktiv siyasəti nəticəsində sülh müqaviləsi imzalanmadı. Amma bilməlidirlər ki, Azərbaycan hərbi və diplomatik səyləri nəticəsində ərazi bütövlüyünü təmin etdiyi kimi, regionda sülh və sabitliyi formalaşdırmaq üçün qalib dövlət kimi Ermənistanla sülh müqaviləsini imzalamağa da nail ola biləcək.Bu il həm də Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olması (avqustun 26-da) ilə tarixə düşdü.

ÜÇTƏRƏFLİ GÖRÜŞ - AZƏRBAYCAN, TÜRKİYƏ VƏ TÜRKMƏNİSTAN

Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci üçtərəfli zirvə görüşü də yaddaqalan siyasi hadisələrdən idi. Türkmənistanda baş tutmuş görüşdə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş üç ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olundu. Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalandı. Nəticədə həm ikitərəfli və çoxtərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlığın inkişafı istiqamətində daha bir addım atıldı. Əvvəlki illərdə olduğu kimi, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər bu il də davam etdi. Digəİki qardaş dövlət 20-yə yaxın birgə hərbi təlim keçirdi. Bunlardan biri də ilin sonuna yaxın, dekabrın ayında ölkəmizdə keçirilmiş “Qardaş yumruğu” təlimi idi ki, bu da həm dostlara, həm də düşmənlərə ciddi mesaj oldu.

2022-Cİ İLDƏ PREZİDENT "MEDİA HAQQINDA" QANUNU TƏSDİQLƏDİ VƏ QANUN BU İL QÜVVƏYƏ MİNDİ

Bəli, 2022-ci ildə Prezident "Media haqqında" qanunu təsdiqlədi və qanun bu il qüvvəyə mindi. Daha sonra Media Reyestri yaradıldı. Yazılı KİV-lər və jurnalistlər Media Reyestrində qeydiyyatdan keçməyə başladı.Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, 2023-cü il Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Belə ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi də göstərir ki, azad olunmuş ərazilərdə bərpa işləri növbəti ildə də vüsətlə davam edəcək. Və 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 330 milyon və 12,4 faiz çoxdur. Təbii ki, bu məbləğ yenidənqurma işlərinin kompleks şəkildə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması məqsədilə tədbirlərin həyata keçirilməsi üçün güclü maliyyə təminatı yaradır. Onu da qeyd edək ki, cari ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021, 2022 və 2023-cü illərdə azad olunmuş ərazilərin bərpasına ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldiləcək.

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞIN SƏDASI: TARİXİ ƏDALƏT İKİNCİ DƏFƏ BƏRPA OLUNUR

Geridə qouduğumuz 2022-ci ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə - dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında səsləndirdiyi fikirlər oldu. Artıq elan edildi ki, dövlət başçısının Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” ifadəsi sayıla bilər. Məhz bu fikirlər Ermənistanda böyük narahatçılıq yaratmaqla yanaşı, azərbaycanlıların Qərbi Azərbaycan arzularının reallaşacağı günün heç də uzaqda olmadığını sübuta yetirdi”.Bir sözlə, bütün bu görülən işlər onu deməyə əsas verir ki, xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız daha yenidən dirçələcək! .Və ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, “2023-cü il Heydər Əliyev ili” də Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək. Bir sözlə, bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü ildə də yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.

Qədəmlərin uğurlu olsun 2023-cü il!.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə