"Prezident mütəmadi olaraq kadr islahatları ilə bağlı addımlar atır" - DEPUTAT AÇIQLAMA VERDİ

"Məlumdur ki, 2018-ci ildən sonra ölkə Prezidenti bütün istiqamətlər üzrə böyük islahatlara başladı. Həm siyasi-iqtisadi sahədə, həm də digər sahələrdə aparılan islahatlar öz nəticələrini göstərdi. Artıq dayanıqlı iqtisadiyyatımız mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, islahatların bir qanadı da kadr siyasətinin düzgün müəyyənləşdirilməsi ilə bağlıdır: "Ölkə Prezidenti mütəmadi olaraq kadr islahatlarının həyata keçirilməsi, eləcə də kadrların yerləşdirilməsi ilə bağlı addımlar atır. Bu sahədə atılmış addımların yüksək nəticələrini görürük".

Deputat sözlərinə davam edərək bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin bir çox narahatçılıq doğuran sahələrdə kadr dəyişikliyi həyata keçirdiyini müşahidə etdik. Buna Naxçıvanda Gömrük Komitəsi, Maliyyə Nazirliyi, həmçinin digər sahələrin işində edilən dəyişiklikləri misal göstərə bilərik. İlk növbədə, yeni təyin olunan kadrlar yeni düşüncəli gənclərdir. Digər tərəfdən Prezidentin tapşırıqlarının yerinə yetirilməsi baxımından daha çevikdirlər. Bu islahatlar ölkə iqtisadiyyatının inkişafında, korrupsiya elementlərinin aradan qaldırılmasında və s. öz müsbət təsirini göstərir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə