"Prezident tərəfindən son illərdə seçilən kadrlar özünü doğruldub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"2018-ci ildən Azərbaycanın dövlət başçısı tərəfindən ölkənin daxili həyatına uğur gətirən islahatlara start verilib. Təbii ki, o zamana qədər də bu islahatlar həyata keçirilirdi. Amma 2018-ci ildən sonra İlham Əliyev rəsmən bəyan etdi ki, ölkə həyatının inkişafı, Azərbaycanın dünya dövlətləri arasında yer tutması üçün islahatların keçirilməsinə hər cür şərait yaradılır və bu islahatlar ölkəmizə uğur gətirməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, doğurdan da dövlət başçısı bu islahatları həyata keçirərkən hansı kadrlar ki yerində deyil, onlar bu vəzifələrdən uzaqlaşdırılır: "Prezidentin etimadını doğrulda biləcək kadrlar isə irəli çəkilir. Bəzən isə ölkə başçısı etimad göstərir, amma kadrlar bu etimadı doğrultmur. Bu kadrlar da bağışlanmır və vəzifələrindən azad edilir. Ədalət naminə qeyd etmək lazımdır ki, dövlət başçısı tərəfindən son illərdə seçilən kadrlar demək olar ki, özünü doğruldub".

Deputat sözlərinə davam edərək qeyd edib ki, bu gün Azərbaycan qalib dövlətdir: "Ona görə kadrlar da qalib dövlətin tələblərinə cavab verməlidir. Artıq Azərbaycan dövləti də, cəmiyyəti də 90-cı illərdəki kimi deyil. Bugünkü gündə Azərbaycan daha güclüdür və dövlətin tələbləri də daha böyükdür. Hazırda Azərbaycanın Qarabağa "Böyük Qayıdış" planını reallaşdırmaq üçün gecəsini gündüzünə qatan kadrlara ehtiyac var. Azərbaycanı güclü etmək üçün hər birimiz bu mübarizədə özümüzü göstərməliyik. Buna görə də dövlət başçısının siyasəti, o cümlədən, kadr siyasəti təqdir olunur. Bu Azərbaycanın, Prezidentimizin uğurudur. Ölkənin daha çox inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar təqdirə layiqdir. 2023-cü ilin dövlət büdcəsi də göstərir ki, ildən-ilə büdcə, Qarabağın bərpası üçün ayrılmış vəsait artır. Azərbaycan cəmiyyətinin inkişafı ilə bağlı dövlət mümkün olanları edir. Əhalinin əmək şəraitinin, maddi rifahının yaxşılaşdırılması, əmək pensiyalarının artırılması və s. bütün bunlar dövlət siyasətidir. Bu siyasət də o zaman uğurlu olur ki, onu həyata keçirən kadr yerində olsun. Bu baxımdan, Azərbaycan Prezidentinin apardığı kadr siyasəti bəyəniləndir və bizim hər birimiz bu siyasətin həyata keçirilməsi üçün əlimizdən gələni etməliyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə