Qərbi Azərbaycana qayıdacağımız gün uzaqda deyil TƏHLİL

Qərbi Azərbaycana qayıdacağımız gün uzaqda deyil TƏHLİL

Prezident İlham Əliyev: "Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar"

"Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. "Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub və Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb. "Avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır", - deyən Cənab Prezident qeyd edib ki, təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir: "Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar."

Xatırladaq ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

"QƏRBİ AZƏRBAYCAN BİZİM TARİXİ TORPAĞIMIZDIR, BUNU BİR ÇOX TARİXİ SƏNƏDLƏR TƏSDİQLƏYİR"

Tarixin müxtəlif dönəmlərində azərbaycanlılar öz əzəli torpaqlarından uzaqlaşdırılmış, deportasiyaya məruz qalmışdırlar. XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var"- deyə dövlət başçısı bildirib.

Tarixdən bəllidir ki, 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.

"SƏNDƏN GÜCLÜ OLAN QÜVVƏ QARŞISINDA HEÇ VAXT GERİ ADDIM ATMAMALISAN"

"1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi", - deyən Cənab Prezident diqqətə çatdırıb ki, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi: "Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan. Bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır".

Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.

AZƏRBAYCANLILAR TARİXİ DİYARINDAN DEPORTASİYA EDİLDİ

"Nəhayət 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi", - deyən Cənab Prezident Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçilərinin, həm də onların sovet hökumətindəki havadarlarının dərhal hərəkətə keçdiklərini bildirib: "Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar… Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi".

1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub.

QƏRBİ AZƏRBAYCAN İCMASININ ÜZƏRİNƏ DÜŞƏN MƏSULİYYƏT

Xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Zəfərimiz bütün dünyaya xalqımızı yenilməəz bir bir xalq kimi təqdim edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərizində düşməndən azad edildi. Bu gün İcmanın üzərinə böyük məsuliyyət düşür. Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, erməni yalanlarının sona qədər ifşası və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması və digər məsələlər onların üzərində böyük məsuliyyətdir. "Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər", - deyə Prezident qeyd edib.

"BİZİM TARİXİ HƏQİQƏTLƏRLƏ BAĞLI KİTABLARIMIZ YENİLƏNMƏLİDİR"

Dövlət başçısı görüləcək işləri də nəzərə çatdırıb. Bildirib ki, bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. "Müəyyən dövrdə kitablar dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilmişdir… Onun yanında həm də elektron daşıyıcısı olmalıdır. Xarici dillərə tərcümə edilməlidir. Yəni, bu təbliğat işləri mütləq aparılmalıdır. Hesab edirəm ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün Ermənistan monodövlətdir. Biz bunu deyəndə, haqlı olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu, dözülməzdir".

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ KONSEPSİYASI

Cənab Prezident proqramm xarakterli çıxışında onu da bildirib ki, bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik: "Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır". Əlbəttə ki, Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaq deyil. Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən dövlət siyasəti daha böyük uğurları bizlərə yaşadacaqdır. Görüşdə dövlətimizin başçısının söylədiyi nitqdəki hər bir fikrinin arxasında böyük bir proqram dayanır. Göründüyü kimi, bütün hədəf və məqsədimiz aydındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük müharibədə qələbə əzmini dünyaya nümayiş etdirdiyi kimi, bundan sonra da qarşıya qoyduğu məqsədləri reallaşdıracaqdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə