"Andrey Volkov Qarabağı təcili tərk etməlidir" - EKSPERT ŞƏRH ETDİ

"İki gündür başlanan dinc etiraz aksiyası hal-hazırda davam etməkdədir. Hələ də dəstək üçün Bakıdan gənclər axın edir. Sıralarımız da, çadırlarımız da getdikcə artır". Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Onun sözlərinə görə, bizim tələblərimiz ekologiyanın zəhərlənməsinə və Azərbaycanın Qarabağdakı yeraltı və yerüstü sərvətlərinin, xüsusən də qızıl və mis mədənlərinin erməni separatçıları tərəfindən istismarına son qoyulmasıdır: "Bununla bağlı Qarabağdakı müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin rəhbəri Andrey Volkovun gəlməsini tələb etdik, lakin bizi heç sayıb gəlmədi. Azərbaycana və etirazçılara qarşı böyük hörmətsizlik etdi. Ona görə də biz Volkov gələnə qədər geri addım atmayacayıq".

Ekspert sözlərinə davam edərək qeyd edib ki, 1988-ci ildən erməni separatçılarının Topxana meşələrini kəsib təbiətimizə ziyan vurmağı hələ də davam edir: "Qızıl və mis mədənlərindən çıxan çirkab suları çaylarımıza axıtmaqla ekologiyamıza zərər vururlar. Nəzərə alsaq ki, həmin mədənlər Azərbaycan Respublikasına məxsusdur, onları heç bir qüvvə dövlətimizin razılığı olmadan istismar edə bilməz.

Son günlərdə isə erməni manşetləri etirazçıların Qarabağdakı xəstələr üçün gələn təcili yardıma keçməsinə icazə vermədikləri xəbərini gündəmə gətiriblər. İki gün ərzində buradan heç bir təcili yardım keçməyib. Əgər keçsəydi dərhal onlar üçün yol açılardı. Dünəndən bəri gətirdikləri hərbi konteynerləri bugün aşağı endirməyə başladılar. Bu o deməkdir ki, Andrey Volkovun bizlə görüşməyə niyyəti yoxdur. Volkov vəzifəyə gəldiyi gündən etibarən üzərinə düşən heç bir öhdəliyi yerinə yetirməyib. Düşünürəm ki, Volkovun bizə qarşı ədalətsiz və düşməncəsinə hərəkəti pislənməli və o, təcili olaraq Qarabağı tərk etməlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə