"Laçın yolunda Azərbaycan gömrükçüləri yerləşdirilməlidir" AÇIQLAMA

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının bölgədəki vəziyyəti monitorinq etmək məqsədi ilə Xankəndinə səfər etməsi və sülhməramlılarla görüşü öz nəticəsini verdi”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bildirdi ki, Azərbaycanla keçirilən danışıqların nəticəsi olaraq, minigömrük postu qurulacaq və bu ərazidə gömrükçülər fəaliyyət göstərməlidi: “Lakin dərhal bundan sonra Ermənistan tərəfi bildirdi ki, həmin ərazidə də sülhməramlılar fəaliyyət göstərməlidirlər. Lakin bu, çox qərəzli bir yanaşmadır. Düşünürəm ki, həmin ərazidə Azərbaycan gömrükçüləri və sərhədçiləri olmalıdırlar. Çünki burada söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən gedir. Rus sülhməramlıları həmin əraziyə üçtərəfli birgə bəyanatın 4-cü maddəsinə uyğun olaraq yerləşdiriliblər. Əfsuslar olsun ki, hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları regionda mövcuddur və onlar bölgəni tərk etməyiblər. Hətta Azərbaycanın kütləvi informasiya vasitələrinin həmin ərazidə çəkiliş apararkən video görüntülərinə separatçıların nümayəndələri də düşdülər. Bu da qəbul olunmaz bir faktdır və heç bir məntiqə sığmır, lakin sülhməramlıların arxasında gizlənərək hələ də orada qalmağa davam edirlər. Ona görə də, üçtərəfli birgə bəyanatın bütün maddələrinin himplimintasiyası hazırda mühüm xarakter daşıyır. Laçın yolunda Azərbaycan gömrükçüləri mütləq şəkildə yerləşdirilməlidir. Onlar öz fəaliyyətlərini qurmalıdır və bölgəyə qeyri-qanuni məqsədlərlə gələn bütün yüklər müsadirə olunmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə