Sülh razılaşması olmazsa... ŞƏRH+AKTUAL

Politoloqdan maraqlı proqnozlar

Nəyə görə Azərbaycana Ermənistanla sülh müqaviləsi lazımdır? Necə ola bilər ki, Azərbaycan qalib olduğu halda sülh təklif edir, məğlub olmuş Ermənistan isə sülh razılaşması prosesindən müxtəlif bəhanələrlə qaçır? SİA xəbər verir ki, bu kimi suallara politoloq Fərhad Məmmədov özünün “Mneniyefm” teleqram səhifəsində cavab axtarıb və maraq doğuran nəticələrə varıb. Belə ki, bu kimi suallar sosial şəbəkələrdə fəal olan Azərbaycan seqmentinin şərh və rəylərində daha çox verilməkdədir. Eyni zamanda, erməni seqmenti də əks mövqeli suallar səsləndirirlər. “Əgər Azərbaycan qalib gəlibsə onda nəyə görə sülh razılaşmasının qısa müddətdə imzalanmasına səy göstərir?... Qorxur ki, beş-on ildən sonra Ermənistan güclənəcək və revanşdan yayınmaq olmayacaq?” tipli məntiqsiz suallar verirlər.

Ermənistan Azərbaycana təsir mexanizmi alətidirmi?

Politoloq qeyd edib ki, birincisi Azərbaycan sülh razılaşması üçün beş prinsip irəli sürüb və həmin mövzunu daim gündəmdə saxlayır. “Bu, uzunmüddətli sülhün əldə olunması, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, ən əsası isə Azərbaycan üçün maksimum proqnozlaşdırıla bilən mühitin yaradılması üçün lazımdır”, deyə Fərhad Məmmədov yazıb. O, ikincisi olaraq hesab edir ki, Ermənistan Azərbaycana təsir mexanizmi alətidir və Ermənistanla münasibətlərin normallaşdırılması mövcud postulatdan irəli gələn təhlükələri neytrallaşdırmağa hesablanıb.

Üçüncüsü isə məsələnin hüquqi tərəfidir. Azərbaycanın 90-cı illərin əvvəllərində müharibədə məğlubiyyətə (digər dövlətlərin Ermənistana dəstəyi nəticəsində) uğramasına, 20-ci əsrdə əraziləri işğal altında qalmasına baxmayaraq, Azərbaycan həmin əraziləri azad etmək hüququnu özündə saxladı və 25 ildən artıq ardıcıl fəaliyyəti ilə - 2020-ci ildə başlatdığı əks-hücum əməliyyatına hüquqi və diplomatik əsaslar verməyi bacardı.

Ermənistan bu ölkədə kimlərin rəhbər olmasına baxmayaraq özünü çətin və çıxılmaz vəziyyətə sürükləyir

Azərbaycan ərazilərinin 25 illik işğalı ərzində Ermənistan bu işğalı qanuniləşdirməyə çalışıb və işğal etdiyi ərazilərin ilhaqını nəzərdə tutan hüquqi sənədlər qəbul edib: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh razılaşması Ermənistan tərəfindən qəbul edilmiş sənədlərin qüvvədən düşməsinə səbəb olacaq və Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracaq. Qısa desək, ərazilərini hərbi yolla azad edən Azərbaycan sülh razılaşması sayəsində Ermənistanın Qarabağa olan iddialarını aradan qaldırır”, deyə politoloq bildirib.

Fərhad Məmmədov sülh razılaşmasının əldə edilməyəcəyi halda hansı olayların cərəyan edəcəyinə də proqnozlarını verib. Onun fikrincə, sülh razılaşması olmadan Ermənistan bu ölkədə kimlərin rəhbər olmasına baxmayaraq özünü çətin və çıxılmaz vəziyyətə sürükləyir. Belə ki, Ermənistan Qarabağ ərazilərinə iddialarını davam etdirərsə bununla revanş, yaxud növbəti müharibə istədiyini göstərəcək. Məhz bu mənada Ermənistanla Azərbaycan arasındakı hərbi disbalansa diqqət yetirmək kifayət edir: “Ermənistan hətta hazırkı vəziyyətində beynəlxalq hüququ rədd etməsi, erməni silahlılarını Qarabağda saxlaması, hərbi cinayətkarları maliyyələşdirməsi, hökumətin saxladığı və Qarabağ ermənilərinə aid etdiyi “xilas üçün ayrılmaq” proqramı ilə aqressiv dövlət kimi tanınır. Yəni Azərbaycanın hərəkət məntiqi ondan ibarətdir ki, sülh razılaşması normallaşma prosesinin başlanğıcı, Ermənistanın qanunvericilik sahəsində köklü dəyişikliklərə səbəb olmalıdır. Ancaq sülh razılaşmasının olmaması artıq indidən Azərbaycanın yarana biləcək təhlükələri aradan qaldırmasına zəmin yaradır”.

Ermənistanın müharibəyə meylliyi, sülh müqaviləsinin olmaması Azərbaycanı Ermənistanı sülhə məcbur etməyə vadar edir

Fərhad Məmmədova görə, beləliklə, əsas vasitəçilərin (Rusiya, Aİ, ABŞ) təmsil olunduğu beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan çox gözləmək fikrində deyil və gələcəyin qarşısını almaq üçün bütün mövcud resurslardan, o cümlədən ordudan istifadə edərək öz məqsədlərinə nail olacaq: “Ermənistanın müharibəyə meylliyi, sülh müqaviləsinin olmaması Azərbaycanı Ermənistanı sülhə məcbur etməyə vadar edir. Çünki biz bu cəhdləri vasitəçilərdən tərəfindən görmürük. Onların bəziləri - məsələn, Ermənistanın arxalandığı Fransa Ermənistanın işğalçı siyasətini açıq şəkildə dəstəkləyir.

Amma birtərəfli tədbirlər həyata keçirilsə belə, Azərbaycan sülhü və sülh müqaviləsini gündəmində saxlayacaq. Çünki bu, fundamental əhəmiyyət kəsb edir. Kimlərsə şərtləri də dəyişə bilər, ancaq prosesdə qalmaq lazımdır...”, deyə politoloq fikirlərində qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə