25 noyabr 2022-ci il tarixdə Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Regionda baş verən hadisələrin müzakirəsinin aparıldığı, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinin gündəmə gətirildiyi bu konfransda əsas diqqət region üçün çox önəmli məsələ olan “Orta Dəhliz” məsələsinə yönəlmişdir. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə, bu baxımdan, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir.
Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Orta Dəhliz” kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Dövlət başçısının qeyd etdiyi kimi istənilən geniş miqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir ki, bu da dünya ictimaiyyətinin etirafı ilə Azərbaycanda uzun illərdir mövcuddur. Bu da ölkə başçısının düşünülmüş daxili və xarici siyasəti sayəsində təmin edilmişdir. Mümkün qədər çox ölkə ilə körpülərin və yaxın münasibətlərin qurulması üçün siyasi sabitlik, təhlükəsizlik, dayanıqlı iqtisadiyyat mühüm amillərdir.
Çıxışı zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və onun potensial imkanlarından, Şimal-Cənub və Şərq-Qərb dəhlizi kimi nəqliyyat layihələrindən bəhs edən Prezident İlham Əliyev nəqliyyat infrastrukturuna, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna sərmayə yatırıldığını, yeni dəmir yollarının tikildiyini bildirdi, Nəqliyyat-kommunikasiya layihələrindən biri olan dəniz ticarət limanı vasitəsilə daşınan yüklərin həcminin 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyini qeyd etdi. Belə ki, dünyada mövcud olan yeni geosiyasi vəziyyət ilə əlaqədar Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət yaranıb. Həmçinin respublikada hava limanları layihələrindən bəhs edən dövlət başçısı vurğuladı ki, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq miqyaslı iki hava limanı artıq istifadəyə verilib, Laçın hava limanı istifadəyə verildikdən sonra Azərbaycan ərazisindən sərnişin daşıma ilə yanaşı həm də yükdaşımaların sürətlə artmasına səbəb olacaq beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bununla yanaşı, Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olmasından əlavə Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycandan nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmilərinə ehtiyac olacaq.
Cənab Prezident konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü onun Avropa ilə Asiya arasında yerləşməsidir. Bu Azərbaycana iki qitə arasında əlaqələrin yaradılmasında mühüm rol oynamağa imkan verir. Azərbaycan həm Şərq-Qərb dəhlizi, həm də Şimal-Cənub dəhlizi kimi iki nəqliyyat layihəsinin iştirakçısıdır. Bu dəhlizlərlə bağlı Azərbaycanda dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı olmaqla əksər nəqliyyat və logistika infrastrukturu hazırdır.
Regionun nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsinə İran və Ermənistanın əngəl törədə bilməyəcəyini diqqətə çatdıran ölkə başçısı bunun üçün Ermənistanın coğrafi mövqeyinin olmadığını və heç bir üstünlüyə malik olmadığını, İrana gəlincə isə İranın özünün regional kommunikasiya layihələrində maraqlı olduğunu qeyd etdi. Çünki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Cənab Prezident bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr Ermənistanla deyil, Rusiya ilə aparılır. Çünki Ermənistanın dəmir yolları şəbəkəsi Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Ermənistan bu məsələdə də Rusiyadan asılı ölkədir. Zəngəzur dəhlizinin açılması bölgədə sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər.
Prezident İlham Əliyev həmçinin Avropa ölkələrinin qaz təchizatı ilə bağlı önəmli layihələrdən danışarkən təbii qaz təchizatının artırılmasının planlaşdırıldığını, həmçinin Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumunun imzalandığını bildirdi. Dövlət başçısı bildirdi ki, hazırda təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birini necə dəstəkləyə biləcəyinə nəzər salmalıdır. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, həyata keçirilən kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var. Rəqəmsal kommunikasiya inkişaf və təhlükəsizliyin ən mühüm elementlərindən biridir.
Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə