Rus sülhməramlıları ərazilərimiz üçün niyə erməni toponimlərindən istifadə edir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Rus sülhməramlıları ərazilərimiz üçün niyə erməni toponimlərindən istifadə edir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizdə uydurma erməni toponimləri qeyd olunur. Yəni, rus sülhməramlıları ərazilərimiz üçün erməni adlarından istifadə edirlər. Onlar nə etmək istəyir? Bu addımları atmaqda məqsəd nədir? SİA mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, rus sülhməramlılarının belə bir addım atması qəbuledilməzdir: "Azərbaycan bununla bağlı dəfələrlə Rusiya tərəfinə öz fikrini bildirib. Bu ərazilərin adları Azərbaycan dilində olmalıdır. Çünki bu torpaqlar beynəlxalq hüquqa əsasən də Azərbaycan əraziləridir".

Deputat sözlərinə belə davam edib: "Rus sülhməramlıları bəlkə də bununla özlərini ermənilərə yaxın və onların yanlarında olduqlarını göstərmək istəyirlər. Amma bu yanlış bir addımdır. Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd var. Bu iki ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq edirlər. Həmçinin, Rusiyanın Azərbaycanda və Azərbaycanın da Rusiyada bir sıra müəssiələri fəaliyyət göstərir. Ona görə hesab edirəm ki, bu məsələdə rus sülhməramlıları diqqətli olmalı, ermənilərin yanlış siyasətinin qurbanına çevrilməməlidirlər. Bu Azərbaycanla Rusiya arasında imzalanmış strateji müttəfiqlik sənədinə də ziddir. Azərbaycan Rusiya tərəfinə dəfələrlə xəbərdarlıq edib.

Bizim gözləntilərimiz ondan ibarətdir ki, Rusiya bu məsələləri mütləq nəzərə almalıdır. Nəzərə almadığı təqdirdə, Azərbaycanın da buna öz münasibəti və reaksiyası olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə