Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının VI Qurultayı keçirilib

Noyabrın 26-da İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VI Qurultayı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin sədrləri və üzvləri, QHT-lərin, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən TADEF-in sədri Ədalət Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Bilkent Universitetinin professoru Əmrullah Məmmədov və digərləri azərbaycanlıların hər zaman öz dövləti və Prezidenti ilə qürur duyan xalq olduğunu qeyd ediblər.

Bildirilib ki, Azərbaycan 30 illik işğala 44 gündə son qoydu. Biz bunu ilk növbədə Prezidentimiz İlham Əliyevə və hər zaman ölkəmizə qardaş dəstəyi göstərən, daim Azərbaycanın yanında olan Türkiyə dövlətinə və Prezidenti Rəcəb Tayyib Ərdoğana borcluyuq. Bizim bu gün güclü ordumuz, qəhrəman övladlarımız var. Vətən müharibəsi bunun ən böyük sübutudur. Bütün bunlar türk millətinin qürurudur.

Mərasimdə Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları səsləndirilib. Qeyd edilib ki, türk milləti olaraq biz bu kəlamları rəhbər tutaraq daim birgə irəli addımlayırıq. Bu baxımdan Türkiyə və Azərbaycan diasporu da birdir, bərabərdir. Dünyadakı diaspor təşkilatlarımızın əsas nümunəsi bizim birliyimiz olmalıdır. Burada QHT-lərin fəaliyyəti də çox vacibdir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri öz zirvəsini yaşayır. Bunun memarları isə dövlət başçılarımızdır.

Mərasim çərçivəsində görülən işlərin hesabatı, gələcək fəaliyyətlər planı, diasporun fəaliyyətinə dair qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Tədbir əsnasında dünya azərbaycanlılarına, o cümlədən Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür və dəstək məktubu ünvanlanıb.

Toplantıda keçirilən səsvermə ilə federasiyanın yeni idarə heyəti müəyyən olunub. Ədalət Turan növbəti dəfə TADEF-in sədri seçilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, TADEF-ə ümumilikdə, 23 dərnək daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə