Ruben Vardanyandan GÜLÜNC MANİPULYASİYA - TƏHLİ

Ruben Vardanyandan GÜLÜNC MANİPULYASİYA - TƏHLİ

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük müharibə bitdikdən, Zəfər qazandığımızdan, torpaqlarımızı işğaldan azad etdiyimizdən sonra dəfələrdə bəyan edib ki, artıq Qarabağ münaqişəsi yoxdur və bu məsələ keçmişdə qalıb. Hətta ermənilər özləri də yaxşı bilirlər ki, həmin münaqişədən artıq söhbət belə gedə bilməz, çünki bu münaqişəni yenidən yaratmağa əvvəla Ermənistanın gücü yetməz və bu ölkə Azərbaycan qarşısında diz çöküb. Digər tərəfdən də Ermənistan tərəfi bilir ki, Rusiya sülhməramlıları təyin olunmuş vaxta qədər, yəni 2025-ci ilə qədər ərazidə mövcud olacaqlar və onların həmin ərazilərdə qalacağı günlər artıq sayılmaqdadır. Buna baxmayaraq nədənsə bəzi manipultatorlar, ələlxüsus da Rubem Vardanyan özünü, ya da erməniləri axmaq yerinə qoyaraq elə təsəvvür yaratmağa çalışır ki, guya hər şey nəzarətindədir, amma haylar özləri də yaxşı bilirlər ki, bu, onun tərəfindən manipulyasiyadır.

Ruben Vardanyanın əsl erməni simasını, daha doğrusu, simasızlığını dəfələrlə ortaya qoyduğu, müxtəlif ziddiyyətli mövqe və fikirlərlə çıxış etdiyi barədə təkcə biz yox, ermənilər özləri də yaxşı bilirlər. Bilirlər ki, Vardanyan bu gün bu cür, sabah başqa cür ola bilir. “Mən Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ barədə birbaşa dialoqa başlamaq istəyini alqışlayıram”, deyə Ruben Vardanyan bu barədə öz Facebook səhifəsində yazıb və maraqlıdır, indi hansı oyun barədə düşünür? Bu zamana qədər başqa, indi isə başqa hava çalır bu adam və belə məlum olur ki, “artistlik” edir. Tam əminliklə deyə bilərik ki, o ya bütün erməniləri düşüncəsiz hesab edir, ya da özünü axmaq yerinə qoyub. İndi erməni mediası belə Ruben Vardanyanın bu tərzinin qəbuledilməz olduğunu açıq şəkildə yazır. Deməli, haylar özləri də bilirlər ki, Vardanyan utanmadan manipulyasiya edir. Bilirlər ki, Vardanyanın onlara dedikləri, ermənilərə nikbin proqnozlar vəs etməsi manipulyasiyadan başqa bir şey deyil.

Doğrudur, Qarabağda məskunlaşan erməni əsillilər də, elə Ermənistan tərəfi də məhz Azərbaycanın təklifinə, ölkə rəhbərimizin dediklərinə razılaşdıqları təqdirdə onlar üçün daha yaxşı olar və işğalçı ölkə səfalətdən, rəzalətdən, hətta rüsvayçılıqdan belə yaxa qurtarmaq şansı qazanar. Bununla yanaşı, istər siyasi, istər iqtisadi, istərsə də regionda mövqeyi baxımından Ermənistan hansısa çıxış yolu tapar, Qarabağda məskunlaşan ermənilər belə normal yaşayış tərzinə nail ola bilərlər. Amma Ruben Vardanyanın niyyətində bunun olacağını düşünmək belə sadəlövhlük olardı, çünki onun kimliyi, hardan və neçə gəldiyi, niyyətinin heç zaman saf olmadığı səfələrlə öz təsdiqini tapıb və indi də manipulyasiya etdiyi göz önündədir. Bir sözlə, ruslardan milyardlarla pul, vəsait oğurlayan və Rusiyadan qaçıb Qarabağa gələn birinin hələ nə oyunlar çıxaracağı bundan sonra bəlli olacaq, amma hər bir halda onun tərzinə oyundan, manipulyasiyadan başqa bir ad vermək olmur. Çünki Vardanyanın birdən-birə Qarabağa gəlməsi təsadüf hesab oluna bilməz. Onun dedikləri fonunda sifəti də ortadadır, baxmayaraq ki, nikbin proqnozlar verməklə öz “üzünü” gizlətməyə çalışır, amma hansısa məkrlə gəldiyini özü bildiyi qədər olmasa da, hər kəs kifayət qədər başa düşür.

Düzdür, Ruben Vardanyan bir qədər əvvəl Rusiya vətəndaşlığından imtina etdi, sonra Qarabağa gəldi və indi də orada hansısa oyunlar barədə düşünür. Bu adamdan yaxşı heç nə gözləmək olmaz, çünki kimliyi çoxdan bəllidir. Onun keçmişi kimə bəllidirsə, bu fikirlə mübahisə etməz. Hətta ermənilər özləri də ona etibar etməkdən qorxurlar. Ona görə ki, əvvəla Ruben Karlenoviçin Rusiya ilə çıx bağlı olduğu, Kremlin sadiq nökəri olduğu heç kimə sirr deyil və bu ölkənin vətəndaşlığından birdən-birə imtina etməsinin arxasında nələrinsə dayandığı haqqında kifayət qədər fikirlər var. Bunu artıq Ermənistan mətbuatı belə çəkinmədən, açıq-aşkar yazır və bu adamdan, daha doğrusu onun simasızlığından, ikiüzlülüyündən, məkrindən, indi də manipulyasiya etməsindən ermənilər özləri daha çox qorxurlar. Çünki bilirlər ki, bu manipulyatorun əməllərinin arxasında nə isə yatır, amma bunun yaxşı bir şey olacağına zərrə qədər ümidləri yoxdur.

Azərbaycan Prezidentinin fikirlərini “separatçı rejim” ilə dialoq kimi qələmə verməyə çalışan Vardanyan, sözün əsl mənasında erməni cəmiyyətini axmaq yerinə qoyur. Çünki “Qarabağ problemi” anlayışının artıq olmadığını, “status” dediklərinin də cəhənnəmə getdiyini məhz ölkə rəhbərimiz dəfələrlə bəyan edib və belə olan halda Rubem Karlenoviçin dedikləri məhz Ermənistan ictimaiyyətini ələ salmaqdan başqa bir şey deyil. Bəlkə ermənilər bilmirlərmi ki, Azərbaycan tərəfi öz mövqeyində dəyişməzdir və bu məqam Vardanyanın dediklərinin puç olduğu deməkdir? Bilirlər. Həm də onu yaxşı bilirlər ki, o Rusiyadan oğurlayaraq qopardığı pulları Qarabağda xərclədiyi üçün ağlına gələni söyləməyə özündə cəsarət tapır. Hətta Ruben özünü gicliyə qoyaraq, Azərbaycan Prezidentini bəyanatına görə guya alqışlayıb və bununla da haylardan düşüncəsiz, savadsız axmaqlar kimi istifadə erməyə çalışıb.

Reallıq bundan ibarətdir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə Vardanyanı nikbin proqnozlar verməyə şirnikləndirəcək bircə məqam belə yoxdur. “Ermənistan Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”, deyə Azərbaycan Prezidenti bəyan edib və onun dediklərini Ruben Vardanyan təhrif etməyə çalışır. Məqsədi də ondan ibarətdir ki, Qarabağdakı separatçı qurumun vəziyyətinin guya ağır olmadığı, hətta ölkə rəhbəri cənab İlham Əliyevin onunla danışıqlar aparmağa hazır olduğu təsəvvürü yaratsın və belə bir fikir formalaşdırsın, amma bərk yanılır. Ona görə ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin məhz Ruben Vardanyanın timsalında çox qaranlıq keçmişi olan hansısa biri ilə, yaxud separatçı rejimin hansısa nümayəndəsi ilə danışıqlar aparacağı barədə nəinki fikir bildirmək, bunu düşünmək, yaxud ehtimal etmək axmaqlıq olmaqla yanaşı, erməniləri ələ salan bir manipulyasiya, bir avantüradır.

Əslində, Ruben Vardanyan kimdir axı? O, ərazilərimizə qanunsuz daxil olan, separatizmi dəstəkləyən biri kimi, Azərbaycanın qüquq-mühafizə və təhlükəsizlik orqanlarının daim hədəfində olan ünsürdür. Bu ünsürün özünün rus sülhməramlılarına güvəni də qalmayıb, çünki məlum müddətdən sonra onlar da ərazini tərk edəcəklər. Deməli, Vardanyan ümidsiz biridir və öz sosial şəbəkə hesabında sayıqlaması da onun manipulyasiyasıdır. Ruben bilmirmi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Qarabağ iqtisadi zonası” yaradılıb? Bilmirmi ki, Xankəndi də ora daxildir? Bilir, çox yaxşı bilir. Onu da bilir ki, bu halda hansısa sayıqlaması səfəngiyyatdan başqa bir şey deyil. Amma bilə-bilə sayıqlayır, deməli öz xalqını aldadır və nəzərə alsaq ki, bu aldatma səbəbsiz deyil, onun hansısa oyununa hesablanıb, deməli Vardanyan çox həyasızcasına manipulyasiya edir. Məsələ burasındadır ki, Zəfər qazandığımızdan iki il keçib və hələ də beynəlxalq görüşlər zamanı Azərbaycan öz haqlı mövqeyini dəyişməyib və ölkə rəhbərimiz də siyasi iradə, qətiyyət göstərib. Bu, Zəfər qazandığımız gündən bu vaxta qədər imzalanan sənədlərdə də öz əksini tapır və ölkə rəhbərimizin qətiyyətindən xəbər verir. Azərbaycanın qələbə çaldığı gündən bu gümə qədər keçən müddət ərzində işğaldan azad olunan torpaqlarda aparılan quruculuq-abadlıq işləri, infrastruktur layihələrinin gerçəkləşdirilməsi, Böyük Qayıdış üçün hazırlıqların görülməsi Ermənistan üçün, ermənilər üçün sirr deyil. Hətta yaxın dövr, yaxın zaman ərzində Ağdamdan Xankəndinə qaz kəməri çəkilməsini də Azərbaycan hökuməti planlaşdırırsa, deməli Ruben Vardanyanın sözləri də, hərəkətləri də sadəcə olaraq manipulyasiya kimi görünür, baxmayaraq ki, bununla nəyə isə nail ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə