O zaman əsas ideoloji və siyasi iş məhz Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirildi - MÜSAHİBƏ
Milli Məclisin deputatı Nizami Cəfərovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- YAP yaranmasaydı ölkəmizin taleyi necə olardı ?
- Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir zərurət idi. Burada da Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti xüsusi bir rol oynayırdı. Yəni bir qayda olaraq belə mürəkkəb dövrlərdə adətən şəxsiyyət önə çıxır və onun ideaları ətrafında müəyyən qrup birləşir. Doğrudur belə bir fikir də var ki, bu təşəbbüs Azərbaycanın bir qrup ziyalısından gəldi və Ulu Öndər Heydər Əliyev də ziyalıların bu mövqe və fikrini qəbul etdi. Amma təbii ki, yenə də söhbət ondan gedir ki, ziyalılar Azərbaycanın xilası üçün Ulu Öndər Heydər Əliyevə üz tutmuşdular. Onların hər hansı bir ideoloji, siyasi doktrina irəli sürmək cəhdləri çox da gözə dəymir. Partiyanın formalaşması , onun hansı əsasda qurulması və hansı idealar uğrunda mübarizə aparacağını məhz Lider müəyyənləşdirdi. Bunlar məhz Ulu Öndər Heydər Əliyevin düşüncələrinin ifadəsi oldu. Ziyalılar sadəcə olaraq Ulu Öndər Heydər Əliyevin belə bir partiyanı yaratması üçün təşəbbüs göstərdilər, bu partiyanın yaranmasını müdafiə etdilər və Ulu Öndərin ətrafında birləşdilər. Amma əsas ideoloji və siyasi iş təbii ki, Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirildi.
- YAP hansı çətinliklərə sinə gərərək, hansı şəraitdə yaranıb, xalqın imdadına çatmışdı ?
- Yeni Azərbaycan Partiyasının necə bir şəraitdə yaranması artıq bizim tariximizdir və ən yeni dövr Azərbaycan tarixinin səhifələrində biz YAP-ın hansı çətinliklərlə yaranmasının ən xırda elementlərinə qədər bilirik.
Bu gərginliyin yaradılması, yəni qurultayın Bakıda deyil, məhz Naxçıvanda keçirilməsi, müəyyən çətinliklər və təqiblər elə sonra da davam edirdi. Bu qurultayın materiallarının çapı üçün problemlərin yaradılması, partiyanın lazımi layihə gücündə cəmiyyətə təqdim olunmasına imkan verilməməsinin hər biri həmin dövrdə partiyanın qarşısında duran çətinliklər idi. Amma zərurət elə bir şeydir ki, o bütün bu maneələri keçdi və Azərbaycan xalqı, cəmiyyəti belə bir partiyanın yaranmasını alqışladı və Ümummili Liderimizin, eləcə də partiyanın özünün də hakimiyətə gəlməsi də çətinliklə oldu. Bizim gözümüzün qabağındadır ki, parlamentdə Ulu Öndər Heydər Əliyevə qarşı nə cür mövqe tuturdular. Hansı ki, həmin insanları vəzifəyə elə məhz Ulu Öndər qoymuşdu. Onların formalaşması Ümummili Lider Heydər Əliyevin zəhməti, əməyi idi. Belə qəribə, paradoksal bir vəziyyət əmələ gəlmişdi. Amma yenə də tarix öz hökmünü verdi və bu maneələr aradan qalxdı.
- Ulu Öndər hakmiyyətin başına keçdikdən və YAP iqtidar partiyaya çevrildikdən sonra ölkədə hansı dəyişikliklər baş verdi ?
- YAP hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev əvvəl parlamentin sədri, dövlət başçısı seçildikdən sonra əlbəttə, çox böyük hadisələr baş verdi. Yəni Azərbaycan müstəqil, demokratik və xalqın dövləti olaraq özünü təstiq etdi. Hətta belə demək mümkündür ki, Ulu Öndərə qədər dövlət, müstəqillik, azadlıq bir növ şərti xarakter daşıyırdı. Yəni müstəqillik, azadlıq pərakəndəlik, dağınıqlıq şəklində mövcud idi. Hərc-mərclik elə bir vəziyyətdə idi ki, hətta dövlətin başında duranlar biri-birlərini təhqir etməkdən çəkinmirdilər. Nəinki dövlət idarə etmək qabiliyyətlərinin olması, onlar mədəniyyətə də sahib deyildilər ki, dövlətin başında dursunlar. Təbii ki, intizam, məhsuliyyət olmayan yerdə də dağınıqlıq olurdu və nəticə etibari ilə o zaman hər kəsin bir quldur dəstəsi, mailiyyə hesabatı var idi. Bir növ həmin dövrdə quldurluq şəklində idarə etməyə cəhd olunurdu. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə intizam, müasir idarəçilik mədəniyyəti, bu və ya digər məsələnin həlli üçün xalqla dərdləşmək, müzakirələr aparmaq kimi qanun-qaydalar öz yerini tapdı.
O zaman dil ilə bağlı qanunda heç bir razılıq alınmadan dəyişiklik edilmişdi. Lakin Ulu Öndər Heydər Əliyev göstərdi ki, bu cür ciddi məsələlər sadəcə referendum yolu ilə həll oluna bilər. Yəni bütövlükdə xalq, cəmiyyət dövlət idarəçiliyinə cəlb olundu. Bu da nəticə etibarı ilə Azərbaycan dövlətinin sözün həqiqi mənasında dövlət olmasına, idarəçiliyin həqiqətən dövlət idarəçiliyi olmasına zəmanət verdi və bununla da Azərbaycan həqiqətən öz müstəqilliyini təstiq etdi.
- YAP-ın 30 il ərzində gördüyü işlərin içərisində xüsusi əhəmiyyət kəsb edən məsələlər nələrdir ?
- YAP-ın 30 il ərzində gördüyü işlər içərisində xüsusi əhəmiyyət kəsb edən məsələlər həddindən artıq çoxdur. Həm iqtisadi, həm sosial, Həm ictimai-siyasi, həm də mədəniyyət sahəsində Yeni Azərbaycan Partiyası öz idealarını həyata keçirib. Bu idealar da isə sadəcə olaraq idea kimi qalmayıb, həm də maddi qüvvəyə çevrilib. Bu idealar Azərbaycan xalqının həm daxildə, həm də dünya miqyasında bir xalq kimi formalaşmasında xüsusi rol oynayıb. Ona görə də xüsusi bir və ya iki məsələni qabartmaq çox çətindir. Amma mən öz ixtisasıma, maraq dairəmə uyğun olaraq deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası, onun orqanları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və dilinin inkişaf etdirilməsi üçün konret işlər görüb. Konkret olaraq bizim millli maraqlarımız bu sahələrdə öz mövqeyini daim göstərib.
- 44 günlük müharibədə zəfər qazanmağımızda YAP-ın rolu nədən ibarətdir ?
- Vətən müharibəsində YAP-ın rolu çox önəmli bir məsələdir. Yeni Azərbaycan Partiyasının lideri, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanıdır. Bu mənada bu qələbədə Yeni Azərbaycan Partiyası özünün ən yüksək səviyyəsində iştirak edib və zəfər qazanmağımızda da onun payı var. Eyni zamanda YAP-ın ən sıravi nümayəndələri, üzvləri də müharibədə, cəbhədə olub, döyüşüblər və qələbənin qazanılmasında da böyük əməkləri var.
Eyni zamanda partiya bir təşkilat, qurum olaraq düşmənə qarşı mübarizədə iştirak edib. YAP ideoloqlarının çox ciddi xidməti olub. Müharibənin gedişində onlar bizim Vətənimiz uğrunda, qələbəmiz üçün həm əldə silahla döyüşüblər, həm də sözlə, idealar ilə bu mübarizədə yaxından iştirak ediblər. Ona görə də bu böyük qələbədə ideoloji sahə olaraq YAP-ın fəaliyyətindən kənarda hesab etmək mümkün deyil. Yəni burada YAP-ın xidmətləri, gördüyü işlər hər cəhətdən özünü göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB