“Məhkəmə-hüquq islahatlarının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsidir” - ƏLİ HÜSEYNLİ
“Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların vacib bir elementi də məhkəmə-hüquq islahatlarıdır. Məhkəmə-hüquq islahatları dövlətimizin başçısının məlum Fərmanından sonra tamamilə yeni mərhələyə keçib. Bu islahatların bir elementi də ictimai müzakirələrdir, aşkarlıqdır və bunların da əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsidir. Məqsəd ondan ibarətdir ki, vətəndaşlarımız, geniş mənada cəmiyyət Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının həm iştirakçısı, həm də məlumatlı olsunlar. Bu baxımdan bugünkü konfransı yüksək qiymətləndirirəm”. SİA xəbər verir ki, bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur” mövzusunda konfransla bağlı fikirlərini bölüşən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli vurğulayıb ki, 6-cı çağırış parlamentin fəaliyyəti dövründə parlamentlə məhkəmə hakimiyyəti arasında, xüsusən də ədliyyə orqanları arasında çox sıx səmərəli əməkdaşlıq mövcuddur. Məhz buna görə də məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının hazırlanması, qəbul edilməsi və təqdimatları da yüksək səviyyədə həyata keçirilib.
Bu konfrans da imkan verir ki, deputatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri qanunların qəbulundan sonra icra vəziyyəti barədə də məlumatlı olsunlar. “Eyni zamanda, onu da vurğulamaq istəyirəm ki, qarşıdan ədliyyə işçilərinin peşə bayramı gəlir. Ədliyyə işçiləri də peşə bayramlarını bu dəfə tamamilə fərqli şəkildə qeyd edirlər. Torpaqlarımız işğaldan azad olunub, Vətən müharibəsindəki Qələbəmizin ikiilliyini qeyd edirik. Onu da bildirim ki, ədliyyə işçiləri sırasında da Vətən müharibəsinin iştirakçıları olub.
Vətən müharibəsi başa çatan kimi işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan orqanlar sırasında məhz ədliyyə orqanları da var. Müvafiq qurumlar işğaldan azad olunmuş rayonlarda elə həmin dövrdə yaradılmağa başladı. Bu baxımdan ədliyyə işçilərinin peşə bayramı tamamilə fərqli bir şəraitdə qeyd olunur. Bütün ədliyyə işçilərimizi peşə bayramı münasibətilə təbrik edirəm. Onlara Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində uğurlar arzulayıram”, – deyə Milli Məclis sədrinin birinci müavini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB