Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Ölkə başçısı Zirvə Görüşdə çıxış etmişdir. Dövlət başçısının, demək olar ki, bütün çıxışlarında, xarici ölkələrin nümayəndələri ilə təmaslarında da Qarabağın bərpası əsas müzakirə mövzusu olur. Prezident İlham Əliyev bu mövzuda danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq.

Ölkə başçısı çıxışında Ermənistan tərəfindən işğal zamanı şəhərlər və kəndlər, mədəni və dini abidələr, məscidlərimizin məqsədli şəkildə dağıdıldığını, təhqir və talan edildiyini xüsusi ilə vurğulamışdır. Prezident İlham Əliyev fikirlərinin davamında götürdüyü öhdəliyə əməl etməyən işğalçının minalanmış ərazilərin dəqiq xəritəsini bu vaxta qədər Azərbaycana təqdim etmədiyini də diqqətə çatdırmışdır. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı uzun bir zaman ərzində bu ərazilərdə bir milyondan çox mina basdırıldığı ehtimal olunur. Ermənistanın mina siyasətinin nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları vəsait lazımdır. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Dövlət başçımız Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində yaradılmış ATƏT-in keçmiş Minsk qrupunun ümidləri doğrultmadığını və bu istiqamətdə heç bir iş görmədiyini də diqqətə çatdırdı.

Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-enerji sektorunun, xüsusilə tikinti sahəsinin inkişafına təkan verəcək. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlə. Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işləri Azərbaycan öz gücü, öz vəsaiti hesabına həyata keçirir. Məqsəd isə işləri mümkün qədər tez başa çatdıraraq, köçkün vətəndaşlarımızı ləyaqətli şəkildə doğma yurdlarına qaytarmaqdır. İnanırıq ki, Prezidentimizin dönməz iradəsi bu prosesi də uğurla başa çatdırmağa imkan verəcək.

YAP Lerik Rayon Təşkilatının sədri,

Malik Mirzəyev

Bütün xəbərlər Facebook səhifəmizdə