4 iyun: Hərbi çevriliş cəhdi niyə və necə baş verdi? - ANALİZ

1993-cü ilin iyun hadisələri Azərbaycan tarixinə ən qalmaqallı proseslərdən biri kimi düşüb. Məhz həmin hadisələrin məntiqi nəticəsi olaraq ölkəmiz xaosdan, xalqımız vətəndaş müharibəsindən qurtuldu.

Bəs 29 il əvvəl Gəncədən başlayan proseslər nədən qaynaqlanmışdı? Bu haqda çox yazılıb, rəylər verilib. Biz də bu hadisələrin şahidi olduğumuzdan öz prizmamızdan bir baxış ortaya qoymağa çalışacağıq.

Əslində, 1993-cü ilin iyun hadisələrinə 3 istiqamətdə yanaşmaq lazımdır. Burada siyasi, iqtisadi və hərbi istiqamətlərdə mülahizə yürütmək vacibdir.

Sosial-iqtisadi faktorların rolu

AXC hakimiyyətə gəldikdən sonra ölkədə sosial-iqtisadi vəziyyət xeyli pisləşmişdi. Artıq 1993-cü ilin başlanğıcında Azərbaycanda büdcə kəsiri 10%-ə çatmışdı. Bu o demək idi ki, ölkəmizdə büdcə kəsiri 100 dəfə artmışdı. Bu isə, olduqca təhlükəli bir hal idi, çünki onsuz da cüzi məbləğdə olan büdcə sürətlə boşalırdı.

Emissiya ümumi gəlirlərin 50%-nə gəlib çatdı. Bankların kredit faizi birdən-birə 250 faizə yüksəldi. İnflyasiya faizi 1800-ə çatdı. Ən təhlükəlisi isə o oldu ki, bütün kreditləri bank faizlərilə qapatmağa başladılar.

Ölkədə xarici ticarət dövriyyəsi 60 faiz aşağı düşdü və iqtisadi cəhətdən dövlət çökdü. Minlərlə zavod, fabrik, istehsal müəssisələri, aqrar təsərrüfatlar bağlandı, nəticədə işsizlik və yoxsulluq sürətlə artdı, ölkədən xaricə kütləvi axın başlandı.

Əhalinin vəziyyəti son dərəcə ağırlaşmış, dövlətin fəaliyyətini saxlaya biləcək qədər belə büdcə formalaşmırdı. Ölkəni xaos tam bürüdü, dövlət aparatı iflic oldu, cəbhədə uğursuzluqlar baş aldı.

Bütün bunlar göstərir ki, burada sosial-iqtisadi böhranın rolu danılmazdır. Bu ağır problemlər hərbi çevriliş cəhdi zamanı xalqın hakimiyyəti dəstəkləməməsinə səbəb oldu.

Siyasi faktorların rolu

Siyasi aspektdən yanaşdıqda isə, hakimiyyətin daxilində qruplaşmalar və qarşıdurmaların yaranması kəskinləşmişdi. Hakimiyyət daxilində həmin parçalanmış qüvvələrin liderlərini hakimiyyətə gətirmək uğrunda mübarizə gedirdi. Beləliklə, hakimiyyət daxilində özbaşınalıq yarandı və sonda bütün komanda məşlubiyyətə uğradı.

Həmin vaxt ölkənin 4 “prezidenti" var idi. Birmənalı şəkildə daxili işlər naziri kimi İsgəndər Həmidov prezident Əbülfəz Elçibəyi heç eşitmirdi. Hətta Rəhim Qazıyev müdafiə naziri, İsa Qəmbər isə Ali Sovetin sədri kimi ona qulaq asmırdı.

AXC-nin ən böyük səhvlərindən biri də o oldu ki, Soçi danışıqlarında qərara alındı ki, Kəlbəcər ermənilərə verilsin, guya bununla Qarabağ məsələsi beynəlxalq müstəviyə çıxarılacaqdı. Bu addımın nə qədər böyük cinayət olduğu indi daha aydın dərk olunur.

Kəlbəcər ermənilərə təhvil veriləndən sonra yeni hökumət müəyyənləşdirildi. Hakimiyyət daxilində 3 yerə bölünmüş qüvvələr arasında mübarizə başlandı.

Elçibəy tərəfində olan qüvvələr olduqca zəif idi. Prezident özü isə komandanı idarə etmək iqtidarında deyildi. Daxili gərginlik azmış kimi, Azərbaycana təsir rıçaqları son dərəcə güclü olan İranı və Rusiyanı qıcıqlandıracaq bəyanatlar yağdırılırdı.

Hakimiyyətin monolit olmaması öz təsirini gösətərdi. İsa Qəmbər hakimiyyəti bütövlükdə ələ keçirməyə cəhd edirdi. Bu istiqamətdə o ilk növbədə, prezidentin səlahiyyətlərinin bölüşdürülməsi, konstitusiyanın 121-ci maddəsinin 7-ci bəndinin dəyişdirilməsi məsələsi gündəmə gətirmişdi.

Bu maddəni dəyişdirdilər. Məqsəd o idi ki, prezidentə hər hansı bir şey olarsa, onun səlahiyyətləri parlament sədrinə keçsin. Lakin İsa Qəmbərin hazırladığı plan özünə qismət olmadı. Proseslər nəzarətdən çıxmış və hakimiyyət iflic olmuşdu.

Hərbi faktorların rolu

Hərbi cəhətdən, olduqca özbaşına bir vəziyyət yaranmışdı. Çox sayda özünümüdaifə batalyonları yaradılmışdı, kimin kimə tabe olduğu məlum deyildi. Müdafiə Nazirliyi kağız üzərində idi. Hər silahlı dəstə bir siyasi klanın mənafeyini qoruyur, özbaşına əməliyyatlar aparır, mənsub olduğu qruplaşmanın paytaxtda vəziyyəti pisləşəndə cəbhəni buraxıb Bakıya üz tuturdular.

Qısa desək, Bakıda aparılan hakimiyyət davasına hər qruplaşma cəbhə bölgələrindən öz batalyonlarını çəkib gətirməklə dəstək verirdilər. Mitinqlərdə boşboğazlıq edilən vaxtda ermənilər Qarabağda şəhər və kəndlərimizi ələ keçirmək, əhalini məhv etməklə məşğul idilər.

Hakimiyyət vahid nizami ordu yarada bilmədi, xaotik özünümüdafiə batalyonlarının hərəsi bir siyasətçiyə tabe idi və onun əmri ilə istənilən anda döyüş bölgəsindən geri çəkilirdi. Müharibə getdiyi bir dövrdə orduda xəyanətlər və hərbi cinayətlərin arası kəsilmirdi.

Hakimiyyət ordunun hərbi texniki bazasını gücləndirmək üçün mümkün imkanlardan istifadə edə bilmədi. Bir çox əməliyatlar qeyri-peşəkar hazırlandığından böyük itkilərə və uğursuzluğa düçar oldu.

Hərbi çevriliş cəhdi necə baş verdi?

Gəncədə 1993-cü il iyun hadisələri vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan Surət Hüseynov rəhbərlik etdiyi bir qrup zabitlə “hərbi birlik” yaratmışdı. 709 nömrəli hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.

İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. 709 nömrəli hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar təslim olmadılar. Onlar prezident qvardiyaçılarını şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər.

Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar.

İyunun 14-də Nəvahi yaxınlığında hökumət qoşunları ilə hərbi qiyamçı qüvvələr üz-üzə dayandı. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, 3 güc nazirliyinin rəhbəri istefaya getməyə məcbur oldular.

Bu elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanmaq təhlükəsi qarşısında qalmışdı.

Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Azərbaycan xalqı da nə qədər böyük təhlükənin astanasına gəlib çıxdığını anlağa başlamışdı.

Vətəndaş müharibəsindən xilas yolu necə tapıldı?

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə Səs qəzeti vasitəsilə rəsmi müraciət etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. Ölkənin nüfuzlu ziyalıları Heydər Əliyevin ətrafında birləşdi.

Dövlətin dağılmaq üzrə olduğunu gec də olsa nəhayət dərk edə bilən iqtidar son anda kömək üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etdi və 1993-cü il iyun ayının 6-da onu Bakıya dəvət etdilər.

Ümummilli lider xalqın bu ağır günündə dəvəti qəbul edib iyunun 9-da Bakıya gəldi. O, öz həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz sözünü dedi. Xalq arasında çox böyük nüfuzu olan dahi siyasətçinin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.

Ümummilli lider Heydər Əliyevin Ali Sovetə sədr seçilməsindən bir neçə gün sonra prezident Əbülfəz Əliyev prezident postunu qoyub Bakını tərk etdi. Dövlət başçısı ölkəni uzaq və kiçik Kələki kəndindən idarə edəcəyinə qərar verdi. Lakin ölkədə siyasi proseslərin qaynar vaxtında, hökumət böhranının gərgin məqamında, iğtişaş və qarşıdurmaların vətəndaş müharibəsinə gətirib çıxarmaq üzrə inkişaf etməsi dövlətin idarəsini qüdrətli bir siyasətçinin əlinə almasını şərtləndirirdi.

İyunun 15-də Heydər Əliyev parlamentin sədri seçiləndən sonra ilk növbədə vətəndaş qarşıdurmasının qarşısını almağa, respublikada sabitlik yaratmağa, iqtisadi sferada stabilliyi təmin etməyə, cəbhədə real vəziyyəti qiymətləndirib, dövlətin hərbi qüvvələrini və müstəqil özünümudafiə dəstələrini birləşdirib vahid mütəşəkkil ordu yaratmağa başladı.

Sonrası məlumdur. Azərbaycanda stabillik yarandı, sosial-iqtisadi islahatlar keçirildi, atəşkəsdən sonra ordunun möhkəmləndirilməsinə başlandı. Bunların nəticələləri bu gün aydın müşahidə olunur.

1997-ci ilin iyununda Milli Məclis Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi gününü- 15 iyunu bayram elan etdi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ümummilli lider 4 iyun hadisələrinə belə qiymət vermişdi: “4 İyun hadisələri hakimiyyətdəkilərin fərasətsizliyindən və öz işlərini görə bilməməyindən başlayıb”.

Həqiqətən də belə idi…

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili– Azərbaycan dövlətçiliyi müasir mərhələdə;” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə