Rus politoloq: Qarabağın qalan hissəsinin Bakının nəzarətinə keçməsi qaçılmazdır - ŞƏRH

Aleksandr Razuvayev: “ABŞ və Fransanın Ermənistanı dəstəklədikləri aydındır, Azərbaycanın cəsarəti var ki, öz milli maraqlarını təmin etsin”

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan hökumət saatında çıxış edərək mayın 22-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunlarına dair bir sıra şərhlər verib.

Ekspertlərin fikrincə, Ermənistan liderinin açıqlamalarında yeni heç nə yoxdur. Amma müxalifətin Paşinyanın dinc bəyanatlarından siyasi məqsədlər üçün istifadə edən sərtləşən etiraz üsulları və ümumiyyətlə, onun dinc gündəmi təbliğ etməsi fonunda Ermənistan lideri hələ də taktikaya sadiq qalır: ən yaxşı müdafiə hücumdur. Onu separatçı Qarabağın maraqlarını təslim etməkdə və Ermənistanın dövlətçiliyini itirməsinə doğru irəliləməkdə ittiham edən müxalifət indi ölkə prezidentinin iqamətgahını, nazirlikləri və digər strateji əhəmiyyətli dövlət obyektlərini bağlayanda Paşinyan xatırladır ki, məhz həmin müxalifətin sayəsində münaqişə Ermənistana miras qalıb və onlar müharibədən başqa seçim buraxmayıblar. Paşinyan, analitiklərin fikrincə, ardıcıl, sərt və faktiki olaraq, konstruktiv şəkildə müxalifətə cavab verir, dinc gündəmi təbliğ edir.

Eyni zamanda, Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Pyaşinyan, xüsusilə, Avropa Şurasının rəhbəri Şarl Mişelin “erməni etniklərinin hüquqları və təhlükəsizliyi” məsələsinin həllinin vacibliyinə dair tezisinin olduğunu bildirib. Ermənistan liderinin getdikcə separatçı Qarabağın “təslim olmasına” yaxınlaşdığını düşünən müxalifəti belə bir siyasət qətiyyən qane etmir.

Paşinyan özü Azərbaycanı tənqid edir və eyni zamanda sülh gündəminin tərəfdarıdır. Bunu Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyiş perspektivləri baxımından necə şərh etmək olar? – bu haqda rusiyalı politoloq Aleksandr Razuvayev “Moskva-Baku” portalına müsahibəsində maraqlı fikirlər bildirib. Ekspertin rəyini oxucularımıza təqdim edirik.

-Azərbaycanla Ermənistan arasındakı müharibə 2020-ci ildə məğlub olan sonuncu müharibə oldu. Azərbaycan ordusu rəqiblərindən qat-qat güclü idi. İki ölkənin iqtisadi potensialı da müqayisə olunmaz idi. Eləcə də, fikrimcə, əhalinin əhval-ruhiyyəsi. Ermənistanın sadəcə olaraq seçimi yoxdur. Siz, əlbəttə ki, pişiyin quyruğunu hissə-hissə kəsə bilərsiniz. Amma İrəvan Bakının bütün şərtləri ilə razılaşmalı olacaq. Düşünürəm ki, cənab Paşinyan hər şeyi Azərbaycanın xeyrinə imzalamağa məcbur olacaq, bu, onun üçün daha da yaxşı olacaq- bütün bu illər ərzində dövlət başçısı kimi onu təqib edən başağrısı keçəcək. Hesab edirəm ki, bundan sonra əhalidə sağlam düşüncəyə doğru hərəkat daha da güclənəcək.

Paşinyan bu illər ərzində, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra siyasi həyatda xüsusi canlılığını nümayiş etdirdi. Düşünürəm ki, Qarabağ nizamlanması ilə bağlı üçtərəfli bəyanat imzalanandan sonra onu devirmək mümkün ola bilərdi, indi müxalifətin müxtəlif cəhdlərinə baxmayaraq, bu, daha da çətinləşəcək, hətta deyərdim, demək olar ki, mümkünsüz olacaq. Paşinyan yaxşı mənada situasiyaya uyğunlaşan siyasətçi kimi üzə çıxdı.

Başqa bir məsələ də budur ki, onun mövqeləri kifayət qədər mürəkkəbdir. O, özünü döyüşürmüş kimi göstərir, sadəcə olaraq başqa yolu yoxdur, ona görə də Brüsseldəki üçtərəfli görüşdən sonra belə bəyanatlar verilir.

Göründüyü kimi, Azərbaycan, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin Brüsseldə keçirilən növbəti üçtərəfli görüşündən sonra rəsmi İrəvan köhnə ənənəvi akkordlarına başlayıb ki, Ermənistan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini rədd edir- prinsipcə, “dəhliz” məntiqini. Bunu biz mütəmadi olaraq İrəvandakı ayrı-ayrı məmurlardan eşidirik. Bu, bütün bunlara baxmayaraq, əvvəllər, prinsipcə, Paşinyan, ola bilsin, Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisinə razılıq verib.

Hər halda Ermənistan yenə də Zəngəzur dəhlizinə razı olacaq. “Qorxu hekayələri” var ki, dəhliz reallaşarsa, o zaman bölgədə Türkiyə üstünlük əldə edəcək. Əslində dəhlizin ilk növbədə Ermənistanın özü üçün vacib olduğu göz qabağındadır. Bəli, etiraf edirəm ki, Türkiyə ixracını artırmaq üçün bundan istifadə edəcək. Qoy olsun. Qərb şirkətləri Rusiyanı tərk edir, Ərdoğan öz malları ilə onların yerinə gələcəyini, türklərin bu vəziyyətdə çox yaxşı pul qazanacağını söylədi.

Ümumiyyətlə, Ermənistanın baş nazirinin- rəsmi Yerevanın üçtərəfli danışıqlardan sonra verdiyi bütün bəyanatlar onların məqsədidir- revanşist düşüncəli əhaliyə, müxalifətə hakimiyyətin Ermənistanın milli maraqları, uğrunda mübarizə apardığını göstərməkdir. Bundan əlavə, sülh gündəliyi müvafiq olaraq əhalinin sülh tərəfdarı olan hissəsi üçün nəzərdə tutulub. Həm də belə bəyanatlar Qarabağla bağlı alver cəhdidir. Düzdür, bəzi kozırlarınız olanda sövdələşmə edə biləcəyiniz göz qabağındadır. Amma bu gün Ermənistanın kozırları yoxdur.

Diqqətinizə çatdırmaq istərdim ki, rəsmi İrəvan son aylar Qarabağla bağlı ifadələri yumşaldıb. İndi İrəvan tərəfdən “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” kimi ifadələr səslənir. Bəzən buna “Qarabağın statusu” da əlavə olunur. Erməni mövqeyindən hüquq və təhlükəsizlik Qarabağın statusunu nəzərdə tutur, lakin diqqətçəkən odur ki, bəzən biri digəri olmadan səslənir. Məsələn, mayın 22-də Əliyev, Paşinyan və Mişel arasında keçirilən üçtərəfli görüşdən sonra Avropa Şurasının rəhbəri öz adından “Qarabağın erməni etnik əhalisinin hüquqları və təhlükəsizliyi” məsələsinin həllinin vacibliyini bəyan edib. Bundan sonra Paşinyan hökumət iclasında bildirdi ki, bu, Mişelin şəxsi fikridir. Bütün bunlara baxmayaraq, görünür, Brüssel görüşü çərçivəsində belə bir ifadə, yəqin ki, tərəflər tərəfindən razılaşdırılıb. Ona görə də İrəvan tərəfdən bu elə bir oyundur ki, bunu üçüncü tərəf səsləndirib, amma biz tam razı deyilik. Baxmayaraq ki, biz razılaşırıq. Qarabağın qalan hissəsinin yenidən Bakının nəzarətinə keçməsi qaçılmazdır. Ermənilər keçmişdə yaşamamalıdırlar. Və bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Azərbaycan müharibədə qalib gəlib və bu, faktdır. Bundan əlavə, maraqlı tərəflər həlli istədikləri qədər gecikdirə bilərlər, lakin Azərbaycanın qələbəsinin nəticəsi yenə də mümkün qədər sabitləşəcək. Altı ay tez, altı ay gec fərqi yoxdur. Rusiyanın özü də buna qarşı deyil. Nəticə etibarı ilə İrəvan sadəcə olaraq başqa cür hərəkət etmək gücü və imkanı olmadığı üçün Bakının bütün şərtləri ilə razılaşacaq.

Müxalifət, gördüyümüz kimi, ona lazım olan miqdarda əhalini küçələrə çıxara bilmir. Görünür, ölkənin müharibədə məğlub olmasına və iqtisadi çətinliklərə baxmayaraq, onun dəstəyi yoxdur. Müxalifətin populyar olmadığı aydındır. Əhali müxalif qüvvələrin çağırışlarına kifayət qədər biganədir, ona görə də inqilab etmək işə yaramayacaq.

Biz görürük ki, Qərb neçə aydır ki, Ermənistan-Azərbaycan istiqamətində fəallıq göstərməyə çalışır. Amma bu, sadəcə, siyasi şoudur. Avropa İttifaqı öz geosiyasi əhəmiyyətini müəyyən etməyə çalışır. Qərb Rusiyanı incitmək üçün bunu etməyə çalışır. ATƏT-in Minsk Qrupunun necə “işlədiyini”, Fransanın hansı bəyanatlarla çıxış etdiyini, ABŞ-ın nə etdiyini xatırlayırıq. Onların hamısı Ermənistanla bir yerdə oynadılar. Biz görürük ki, ABŞ və Fransa münaqişə tərəfləri ilə münasibətdə nə qədər balanslı görünməyə çalışsalar da, vaxtaşırı Ermənistanın xeyrinə qərəzli münasibət ortaya qoyurlar. Niyə? Çünki orada böyük və nüfuzlu erməni diasporları fəaliyyət göstərir. Fikrimcə, xaricdəki erməni millətçiliyi Ermənistanın özündən də güclüdür. Diasporun Ermənistan rəhbərliyinə təsiri var. ABŞ və Fransa Azərbaycana və Ermənistana qarşı açıq fikirli olduqlarını desələr də, onların daha çox erməni tərəfini dəstəklədikləri aydındır. Çoxları Ermənistanı dəstəkləyir, belə də oldu, amma Azərbaycanın cəsarəti var ki, öz milli maraqlarını təmin etsin.

Azərbaycan həqiqətən də, müstəqil şəkildə öz problemlərini həll etdi, çünki o, əvvəlcədən hazırlaşaraq, yəqin ki, diplomatiya ilə nəticə verməyəcəyini dərk edib. Və kritik məqam gələndə, diplomatiyanın artıq kömək etməyəcəyi bəlli olanda o, problemi hərbi yolla tez və effektiv şəkildə həll etdi. Və bu baxımdan Azərbaycana ancaq hörmətlə yanaşmaq olar. Heç kimdən borc almadan, heç kimdən heç nə istəmədən problemini özü həll edir.

Təbii ki, mənim fikrimcə, Qərbin Ermənistan-Azərbaycan istiqamətində aktivliyi fonunda Rusiya taktikasını dəyişməlidir- fəallaşmalıdır, öz işini göstərməlidir. Qərb sanki işləyirmiş kimi davranır. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə qeyd edib ki, Qərb Ermənistan-Azərbaycan nizamlanmasına daxil olmağa çalışır.

Bu vəziyyətdə Rusiya təkcə Ukrayna ilə deyil, türk dünyası ilə də məşğul olmalıdır. Əgər dövlət olaraq Qarabağın Azərbaycan olması ilə bağlı rəsmi mövqeyiniz varsa, demək işə ondan başlamalısınız. Biz bu gün Qərblə necə münasibətlərimiz olduğunu görürük- əldə etdiklərimizi aldıq. Kimin bizim tərəfdaşımız, kimin dostumuz olduğunu yüksək səslə müəyyən etməliyik. Hindistan və Çin Rusiyanın tərəfdaşıdır, biz onları silah texnika ilə təmin edirik və s. Bizim dostlarımız isə türk dünyasıdır. Bu Azərbaycandır, Türkiyədir və s. Əslində, biz daha çox Şərq təmayüllü ölkəyik və türk ölkələri ilə xüsusi əlaqələrimiz var: iqtisadi, mədəni və digər sahələrdə.

Rusiya Ukraynadan başqa digər istiqamətlərdə aktivliyi azaldıb. Amma o, başqa sahələrdə daha aktiv olmalıdır. Bu gün Rusiya tamamilə Ukrayna məsələsi məşğuldur, bu, mənim nöqteyi-nəzərimdən yanlışdır. Türk dünyası ilə əlaqələr Rusiya üçün prioritet olmalıdır. Əgər biz çoxqütblü dünya ideyasını təbliğ ediriksə, o zaman bütün platformalarda, bəlkə də müxtəlif effektivlik dərəcələrində oynamalıyıq. Lakin Rusiya üçün postsovet məkanı ilə bağlı “hekayələr” əsas olmalıdır. Əks təqdirdə, kifayət qədər inam, qarşılıqlı əlaqə, tərəfdaşlıq, həqiqi ittifaq yaratmadan, təsadüfən onu əldən verə bilərsiniz.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə